Rusiya: “Atəşkəs üçün yalvarırlar”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbə sərt tənqidlər səsləndirib.
"Cebheinfo.az" xəbər verir ki, Lavrov Moskvada keçirilən Primakov oxuları konfransında çıxış edərək Qərbin Ukrayna strategiyasının “iflas etdiyini” vurğulayıb. Lavrovun sözlərinə görə, Qərb liderləri Ukraynadakı müharibəyə münasibətlərini dəyişiblər və indi qeyri-şərtsiz atəşkəs üçün demək olar ki, yalvarırlar. Lavrov deyib:
“Cəmi bir neçə il əvvəl Qərb "Rusiya qazanmalı deyil" deyirdi. İndi isə heç bir ilkin şərt olmadan dərhal atəşkəs tələb edirlər. Bu, Prezident Zelenskinin o vaxtlar qəti şəkildə rədd etdiyi bir təklif idi”.
O, Ukrayna liderinin həmin dövrdə strateji hərbi qələbəyə ümid etdiyini xatırladaraq Qərbin siyasətinin uğursuzluğa düçar olduğunu iddia edib.
Xatırladaq ki, 2 iyun tarixində İstanbulda Rusiya və Ukrayna arasında ikinci raund danışıqlar baş tutub. Tərəflər sülh sazişi layihələrini mübadilə edib və əsirlərin dəyişdirilməsi məsələsində razılığa gəliblər.
Lakin atəşkəs şərtləri ilə bağlı ciddi fikir ayrılığı hələ də qalır. Ukrayna quru, dəniz və havada tam və şərtsiz atəşkəs tələb edir və bunu danışıqların başlanğıc şərti kimi qəbul edir. Kiyev rəhbərliyi dövlət başçıları sammiti ərəfəsində 30 və ya 60 günlük atəşkəs təklifi irəli sürüb. Rusiya tərəfi isə cəbhənin bəzi bölgələrində 2-3 günlük lokal atəşkəs təklif etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"