DİM qaydanı dəyişdi, ciddi tənqid edildi: "Özünü məhkəmə kimi aparır"

"Dövlət İmtahan Mərkəzi artıq bir qiymətləndirmə qurumundan çox, özünü qanunverici, icraedici və hətta məhkəmə orqanı kimi aparmağa başlayıb.
Hüquqi əsas olmadan qəbul qaydalarını dəyişmək, imtahanlardan sonra müsabiqə ballarını artırmaq, apellyasiya prosedurlarını qeyri-effektivləşdirmək, sualları təkrar-təkrar istifadə etməklə sanki düşünmək istəyir ki, bu ölkənin gənclərinin taleyi ilə istədiyi kimi davranmaq olar. Bu, sadəcə məsuliyyətsizlik deyil, bu, bu təhsilin etibarına yönəlmiş açıq hücumdur".
"Cebheinfo.az" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, qanunla yalnız Nazirlər Kabineti tərəfindən təsdiqlənməli olan qəbul qaydalarını DİM aprelin 17-də özbaşına dəyişib və mayda çıxan qərarı “öncədən bilirmiş kimi” tətbiq edib:
"Bu, qanunun üstündən xətt çəkmək deməkdir! Sual olunur, Dövlət İmtahan Mərkəzi kimdir ki, hüquqi səlahiyyəti olmadan qəbul prosesinə müdaxilə edir? Belə özbaşınalıq heç bir sivil cəmiyyətdə qəbul edilə bilməz".
Əlavə olaraq hazırda abituriyentlərin şəxsi kabinetlərinə daxil olmaq problemi yaradılıb:
"İddia edirlər ki, guya bu “təhlükəsizlik” məqsədi ilə edilib. Amma bəs xəbərdarlıq haradadır? İmtahana az vaxt qalır, şagirdlərin ən çox istifadə etdiyi platforma – şəxsi kabinet – susqunluqla, qeyri-müəyyənliklə bloklanır. Bu, nəinki texniki məsuliyyətsizlik, həm də psixoloji cəhətdən abituriyentlərə təzyiqdir. Şəffaf və açıq proses əvəzinə, daim narahatlıq, qeyri-müəyyənlik və stress yaradılır".
O deyib ki, apellyasiya sistemində isə vəziyyət daha acınacaqlıdır:
"DİM həm sualları səhv hazırlayır, həm də cavabların səhv yoxlanıldığını etiraf etmədən minlərlə abituriyenti haqsız yerə aşağı nəticələrlə baş-başa qoyur. 10 mindən çox şagirdin apellyasiya verməsi təkcə texniki yox, sistemli problemlərin göstəricisidir. Amma DİM nə edir? Ədaləti bərpa etmək əvəzinə, proseduru çətinləşdirir, “səsinizi çıxarmayın” deməyə çalışır.
Hələ buraxılış imtahanlarında istifadə olunan eşitmə aparatlarının yararsız olması, sualların təkrar-təkrar çıxması, nəticələrin gec açıqlanması, abituriyent jurnalının gecikdirilməsi və imtahanın bahalı olması- bunlar artıq təsadüfi texniki səhvlər deyil, bu sistemin kökündən çürüdüyünü sübut edən əlamətlərdir.
Soruşuram: Hörmətli DİM "Abituriyent 2" jurnalını niyə nəşr etmisən? Orda qəbul qaydaları olmalı idi, yoxdur. Jurnalın sonunda verdiyin 2024-cü ilin balları ilə hər il özün abituriyentləri yanıldırsan. Heç bir xəbərdarlıq etmədən V qrup üzrə müsabiqə şərtlərini necə dəyişirsən? Axı abituriyentlər artıq ixtisaslar üzrə hazırlaşırdı?!
Dövlət İmtahan Mərkəzi unutmamalıdır ki, bu ölkənin gələcəyini qiymətləndirirsiniz! Bu qədər qeyri-ciddi, qeyri-şəffaf və hüquq tanımaz şəkildə davam etsəniz, nə sizə, nə də nəticələrinizə heç kim inanmayacaq. Təhsil sistemindəki bu biabırçılığı ictimaiyyətə çatdırmaq, bu özbaşınalığı ifşa etmək hər birimizin vətəndaş borcudur. Abituriyentlər oyuncağınız deyil".
Xəzər
"Cebheinfo.az"