Ukrayna Ottava Konvensiyasından çıxır

Ukrayna piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən Ottava Konvensiyasından çıxır.
Bu barədə öz feysbuk səhifəsində “Qolos”dan olan xalq deputatı, Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko yazıb:
“Mənə indicə məlumat verildi ki, Ukrayna prezidenti Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının dövlətimizin Ottava Konvensiyasından - piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən beynəlxalq müqavilədən çıxması haqqında qərarını qüvvəyə mindirən fərman imzalayıb”.
Kostenko vurğulayıb ki, bu, müharibə reallığının çoxdan tələb etdiyi addımdır:
“Rusiya bu Konvensiyanın iştirakçısı deyil və bizim hərbçilərə və mülki şəxslərə qarşı kütləvi şəkildə minalardan istifadə edir. Düşmənin heç bir məhdudiyyəti olmadığı bir şəraitdə biz bağlı qala bilmərik”.
Roman Kostenko qeyd edib ki, indi bu məsələyə Ali Radada baxılacağı gözlənilir:
“Bu qərarın qanunvericiliklə möhkəmləndirilməsi, nəhayət, Ukraynanın öz ərazisini effektiv müdafiə etmək hüququnu qaytarmalıdır”.
"Cebheinfo.az"