Musiqiçi bıçaqla müğənninin evinə hücum çəkdi: Onu vurdu - TƏFƏRRÜAT

Ağdaş rayonunda musiqiçilər arasında baş verən bıçaqlanmanın təfərrüatları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Ağdaş rayonu, Binələr kəndində yaşayan gitara ifaçısı Qurbanov Əhmədiyə Qurban oğlu əslən Kotavan kəndindən olub. O, həmkəndlisi olan müğənni, 1972-ci il təvəllüdlü Hüseynov Yusif Əsgər oğlunun musiqiçi dəstəsində olub və həmişə birlikdə toy məclislərinə gedirmişlər.
Yusif Hüseynov hadisədən bir gün əvvəl rayon ərazisində keçirilən toy məclisində olsa da, həmin toya Ə.Qurbanovu yox, başqa gitara ifaçısını aparıb. Bunu eşidən Ə.Qurbanov toy məclisi başa çatandan sonra spirtli içki qəbul edərək evindən bıçaq götürüb, Y.Hüseynovun evinə gəlib. O, müğənnini evindən çölə çağırıb və mübahisə edib. Mübahisə davaya çevrilib və Ə.Qurbanov müğənniyə iki bıçaq zərbəsi endirib. Y.Hüseynovun yerə yıxıldığını görən gitara ifaçısı hadisə yerindən qaçıb. Müğənni ailə üzvlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
09:34
Mayın 7-də gecə saatlarında Ağdaş rayonu ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.
Oxu.Az xəbər verir ki, hər ikisi musiqiçi olan şəxslərin arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub. Sonuncunun hadisə zamanı sərxoş olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
"Cebheinfo.az"