Məşhur marketlər şəbəkəsi bağlanır?

Məşhur marketlər şəbəkəsi bağlanır?

"AL Market" mağazalar şəbəkəsinin ölkə üzrə fəaliyyət göstərən çoxsaylı filiallarından bəzilərinin fəaliyyətini dayandırdığı barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Milli.Az xəbər verir ki, bağlanan mağazalar təkcə paytaxt Bakıda deyil, eyni zamanda müxtəlif bölgələrdə yerləşən filialları da əhatə edir.

Məlumatın düzgünlüyü barəsində mağazalar şəbəkəsinin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova ilə əlaqə saxladıq.

O məlumatı təsdiqləyərək bildirib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir:

"Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan "AL Market", xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb, eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir", - deyə M.Əsədova bildirib.

Bağlanan filiallarda çalışan işçilərin işdən çıxarılıb-çıxarılmayacağı məsələsinə gəlincə isə M.Əsədova vurğulayıb ki, həmin filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub.

"Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub", - deyə mütəxəssis qeyd edib.

"Cebheinfo.az"