Ölən məktəbli ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanalardan birində vəfat edib.
Təxminən 1 ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları bildiriblər ki, Gülnarənin beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib.
Bəs bu virusun orqanizmə düşməsi və ya yoluxma hansı yolla baş verib? Yeniyetməyə konkret olaraq hansı diaqnoz qoyulub? Beyninə düşdüyü bildirilən virusun adı nədir?
TƏBİB-dən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstədə ifrazat üzərində nəzarətin itməsi də daxil olmaqla bir sıra ciddi simptomlar qeydə alınıb:
“19.04.2025-ci il tarixində saat 03:10 radələrində 2009-cu il təvəllüdlü (qadın cinsli) şəxs Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Xəstəxanasına valideynləri tərəfindən gətirilib.
Gətirildiyi zaman xəstədə huşsuzluq, psixi davranış pozğunluğu, görmə halüsinasiyaları, sidik və nəcisini idarə edə bilməmə müşahidə olunub. Pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib və ona puls terapiyası, həmçinin plazmaferez prosedurları tətbiq edilib”.
Qeyd ounub ki, xəstəyə multifazik ADEM diaqnozu qoyulub, onun həyatını xilas etmək mümkün olmayıb:
“Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, pasiyentin vital göstəriciləri sürətlə pisləşdiyi və süni ventilyasiya dəstəyi tələb olunduğu üçün ona multifazik ADEM (Akut Disseminə Edici Ensefalomiyelit) diaqnozu təyin edilib və 29.04.2025-ci il tarixində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nərimanov Uşaq Klinik Xəstəxanasına təxliyə olunub. Reanimasiya şöbəsində aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.05.2025-ci il tarixində pasiyentin ölüm faktı qeydə alınıb”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”