Tramp Güney Azərbaycana azadlıq verəcək? - "Gözləmək əbəsdir"

Tramp Güney Azərbaycana azadlıq verəcək? - "Gözləmək əbəsdir"

"ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt siyasətin tərəfdarıdır".

Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, Yaxın Şərqdə baş verən proseslərin təməli məhz Donald Trampın birinci prezidentliyi dönəmində atılıb:

"Söhbət İranın yaratdığı proksi qüvvələrin ləğvindən gedir. Tramp birinci iqtidarı dönəmində qətiyyətli davranaraq Yaxın Şərqə hər daşın altından çıxan terrorçu general Qasım Süleymaninin zərəsizləşdirilməsinə nail oldu. 

Terrorçu general öldürüldükdən sonra İrana bağlı qüvvələrin mənəvi çöküşü başlandı. Ötən ilin sonunda proseslər məntiqi sonluğuna çatdı və Suriya İrana bağlı olan qüvvələrdən təmizləndi".

Ekspert qeyd edib ki, Donald Tramp İran-İsrail qarşıdurmasında ikincinin qalib gəlməsinə çalışır:

"Lakin İranla bağlı məsələdə ABŞ-yə güvənmək doğu olmaz. Bu ölkənin öz maraqları var. Amerika tarixdə bir dəfə Güney Azərbaycanın qurtuluşuna mane olub. 1945-46-cı illərdə baş verən hadisələri yada salmaq lazımdır.

Mən Amerikadan, Avropadan və ya İsraildən kiminsə məcməyidə Güneyə istiqal gətirəcəyinə inanmıram. Yəni Donald Tramp, Benyamin Netanyahu və ya Vladimir Putin Güney Azərbaycana müstəqillik verməyəcək. Bunu gözləyənlər cahil adamlardır. İstiqalı Güney Azərbaycan özü əldə etməlidir". 

Elman Cəfərli onu da diqqətə çatdırıb ki, Güneydəki toplum irançılıqdan qopmaq istəmir:

"Biz 90-larda elə bilirdik ki, İranda da SSRİ-dəki proseslər baş verəcək. Ölkə yuxarıdan dağılacaq, ayrı-ayrı etnoslar müstəqillik qazanacaqlar. Hətta liderlərdən biri 2002-ci illə bağlı vaxt da vermişdi. Bəs nə oldu? Niyə bölünmə baş vermədi? Çünki biz prosesləri düzgün hesablamamışdıq.

Güney Azərbaycan toplumunda indinin özündə də milli şüur biz istəyən səviyyədə formalaşmayıb. Biz Bakıya sığınmış 5-10 adama baxıb elə bilirdik ki, bütün Güney Azərbaycan belə düşünür. Təəssüf ki, Arazın o tayında iranlı kimliyi, məzhəb inancı hələ də güclüdür".

Həmsöhbətimiz xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrana səfər edəndə orada yaşayan bir ovuc erməni böyük aksiyalar keçirdi:

"Bəs səfirliyimzə hücum oldu, niyə 10 nəfər Tehranda aksiya keçirmədi? Bütün bunlar onu göstərir ki, biz hələ də Güney Azərbaycan toplumu ilə işləyə, onlara təsir edə bilmirik. 

Milli şüurun oyanmasında, ana dilinin inkişafında milli musiqimiz mətbuatdan, telekanallardan və ədəbiyyatdan çox iş görür. 

Yəni Güney Azərbaycanın azadlığını kənardan gözləmək əbəsdir. Orada siyasi cəhətdən yetkin toplum formalaşmalı, Türkiyə-Azərbaycan siyasi-ideoloji cizgisinə yönəlməli, irançılıqdan qopmalı, məzhəb bataqlığından çıxmalıdır. 

Bütün bunlar baş verəndən sonra istiqlaldan danışmaq olar. İndi bu məsələdə Trampdan da imdad gözləmək əbəsdir, Güneyi özümüz ayağa qaldırmalıyıq".

Elmir Mustafa
"Cebheinfo.az"