Kolumbiya Prezidentini öldürmək istəyən şəxs məhv edildi

Kolumbiya Prezidentini öldürmək istəyən şəxs məhv edildi

Kolumbiya Prezidenti Qustavo Petroya qarşı sui-qəsd hazırlamaqda ittiham olunan narkokartelin yarımhərbi qruplaşmasının üzvü təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

"Cebheinfo.az" xəbər verir ki, Kolumbiyanın müdafiə naziri Pedro Sançes mətbuata verdiyi açıqlamada “Ömər” ləqəbli və “Clan del Golfo” üzvü Santander Franko Ximenezin, Valle del Kauka bölgəsindəki Dovio kəndi ərazisində həyata keçirilən əməliyyatda Prezident Petroya sui-qəsd təşkil etmək də daxil olmaqla bir çox cinayətlərə görə axtarışda olduğunu açıqlayıb.

Əməliyyatda çoxlu sayda silah-sursatın ələ keçirildiyini vurğulayan Sançez, "Hərbi qüvvələrimiz və milli polisimiz prezidentimizi öldürməyə cəhd edən cinayətkarlardan birini zərərsizləşdirdi. Öldürülən şəxs polisə və mülki şəxslərə qarşı törədilən bir çox terror aktından da məsuldur" deyib.
Sançes həmçinin əməliyyatlar çərçivəsində “Clan del Golfo”-ya aid bir çox düşərgənin müəyyən edilərək məhv edildiyini açıqlayıb.

Xatırladaq ki, Kolumbiya lideri Qustavo Petro fevralın 19-da narkotik kartellərinin ona sui-qəsd planlaşdırdığını bildirmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"