Mirzoyan: “Sülhün imzalanması üçün real məqam var”

Mirzoyan: “Sülhün imzalanması üçün real məqam var”

“Regionda uzunmüddətli sülhün bərqərar olması üçün real imkan var”.

“Cebhe.info”-nun məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun iclasının açılışında belə deyib.

Nazir qeyd edib ki, bu görüş yüksək səviyyəli siyasi dialoqun nümunəsidir və bu, demokratik prinsiplərə möhkəm sadiqliyə əsaslanan münasibətlərin gələcək inkişafına təkan verəcək.

Mirzoyan mövcud çağırışlara baxmayaraq, Ermənistan hökumətinin demokratik prinsipləri gücləndirmək kursunu davam etdirdiyini bildirib:

“Əminəm ki, bizim tərəfdaşlarımız, xüsusən də ABŞ demokratiyanın nəzərə çarpan nəticələr verə biləcəyini sübut etmək üçün bizimlədir” - deyən Mirzoyan əlavə edib ki, əməkdaşlıq müdafiə, yüksək texnologiyalar, ədliyyə, iqtisadiyyat olmaqla müxtəlif sahələri əhatə edir. 

Mirzoyan aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri, ABŞ-nin Dövlət katibi və Avropa İttifaqı rəsmiləri arsında yüksək səviyyəli görüşün keçirildiyini, nəticədə Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün geniş əməkdaşlıq və böyük potensial əldə edildiyini vurğulayıb.

Nazir Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyinə ardıcıl dəstək verməklə yanaşı, ABŞ-ın layiqli sülhün bərqərar olunmasında iştirakını qeyd edib. Bu kontekstdə Mirzoyan Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılmasına və Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sərhədlərin delimitasiyası prosesinə sadiqliyini bir daha təsdiqləyib.

Xarici işlər naziri bildirib ki, sülh müqaviləsi layihəsini reallaşdırmaq üçün tarixi real məqam var. Onun imzalanması regionda davamlı sülhə yeni qapı aça bilər. 

Nazir Ermənistanın suverenlik, ölkələrin bərabərliyi və qarşılıqlılıq əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlı olduğunu vurğularaq, bunun təmsil etdiyi hökumət tərəfindən irəli sürülən “Sülh kəsişməsi” layihəsinə öz əksini tapdığını deyib.

Ermənistanla ABŞ arasında Strateji Dialoq çərçivəsində müzakirə olunan məsələlərdən söz açan A.Mirzoyan xüsusilə, 2023-cü ildə keçirilən hərbi təlimlər zamanı birgə səmərəli işin aparıldığını deyib.

“Biz müdafiə sektorunda islahatların aparılması üçün gələcək imkanların araşdırılmasında maraqlıyıq”, - deyə Mirzoyan qeyd edib.

Müşfiq Abdulla 
“Cebhe.info”