Paşinyanın Türkiyə səfərinin gündəliyi açıqlandı

Paşinyanın Türkiyə səfərinin gündəliyi açıqlandı

“Türkiyə ilə münasibətlərin nizamlanması məsələsi Ermənistanın xarici gündəmində prioritet olaraq qalır”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan baş nazir Nikol Paşinyanın Türkiyəyə gözlənilən səfəri ilə bağlı suala cavabında belə deyib. Armen Qriqoryan Nikol Paşinyanın Türkiyəyə səfəri ilə bağlı məlumatın şərhindən imtina edərək, Nazirlər Kabinetinin açıqlamasını gözləməyə çağırıb. 

Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin nizamlanması Ermənistanın xarici gündəmində prioritet olaraq qalır. “Biz münasibətlərin nizamlanması və sərhədlərin açılması üzərində işi davam etdiririk. Bu, nail olmaq istədiyimiz şeyin ideal variantı deyil. Lakin biz irəliləyiş görürük”- deyə Təhlükəsizlik Şurasının katibi bildirib. 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Ərdoğanla görüşə gedəcəyini yazıb. Gündəliyə Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətləri və rəsmi Bakı ilə sülh müqaviləsinin müzakirəsinə dair məsələlər daxildir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”