Putin Moldova və Gürcüstan üçün maksimum təhlükə yaradacaq

Almaniya ABŞ-nin dəstəyi dayansa belə, Ukraynaya hərbi yardımı davam etdirəcək
Almaniya hətta ABŞ-nin dəstəyi dayansa belə, Ukranaya yardımı davam etdirəcəyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "Tagesschau" proqramına verdiyi açıqlamada deyib. Nazirin sözlərinə görə, Ukraynaya hərbi yardım göstərilməsi Almaniya hökumətinin koalisiya sazişində açıq şəkildə bildirilib.
"Əgər Ukrayna məğlub olsa, əgər Putin bu müharibəni Ukraynanı tamamilə və ya əhəmiyyətli bir hissəsini işğal etməklə qazansa, bu, NATO əraziləri və qonşu ölkələr – Moldova və Gürcüstan üçün maksimum təhlükə yaradacaq", – deyə Pistorius vurğulayıb. O əlavə edib ki, burada söhbət təkcə Ukrayna ilə həmrəylikdən getmir: "Bu, həm də bizim təhlükəsizliyimiz və Avropada sülh məsələsidir".
Eyni zamanda, Pistorius ABŞ-nin Ukraynanın ərazi güzəştləri müqabilində sülh əldə olunması təklifi ideyasını "kapitulyasiya" ilə müqayisə edib. Xatırladaq ki, bir müddət əvvəl Boris Pistorius Ukraynaya yeni hərbi yardım paketinin təqdim ediləcəyini açıqlamışdı. Yeni paketə dörd ədəd "IRIS-T" hava hücumundan müdafiə sistemi daxil olacaq.
Səbinə Uğur
"Cebheinfo.az"