Qutsul Ərdoğandan dəstək istədi

Kişinyovda saxlanılan Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul, həbsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək dəstək istəyib.
"Cebheinfo.az" xəbər verir ki, o, bu çətin vəziyyətdə Türkiyənin və şəxsən Prezident Ərdoğanın qaqauz xalqının qanuni hüquqlarını müdafiə edəcəyinə ümid etdiyini bildirib.
“Əminəm ki, qaqauz xalqı öz muxtariyyətini, kimliyini və gələcəyini itirmək təhlükəsi ilə üzləşdiyi bu həlledici anda siz, cənab Prezident, və qardaş Türkiyə xalqı biganə qalmayacaqsınız. Biz sizin sözünüzə, nüfuzunuza və beynəlxalq dəstəyinizə ümid edirik”, - deyə Qutsul vəkilləri vasitəsilə yaydığı müraciətdə bildirib.
Müraciətin tam mətni onun “Telegram” kanalında paylaşılıb.
Qutsul vurğulayıb ki, ona qarşı irəli sürülən ittihamlar uydurma və əsassızdır.
Onun fikrincə, bu hadisə təkcə ona qarşı yönəlmiş bir addım deyil, Kişinyov hakimiyyətinin Qaqauziyanın 30 il əvvəl – Türkiyənin birbaşa vasitəçiliyi ilə Moldovayla imzaladığı razılaşmanı pozmaq məqsədi ilə apardığı sistemli siyasətin davamıdır.
“Qaqauziyanın Türkiyəyə bu gün də ehtiyacı var. İllər əvvəl Ankaranın səsi bölgədə sülh və ədalətin qorunmasına necə kömək etmişdisə, bu gün də biz sizin müdaxilənizə ümid edirik ki, qaqauz xalqının hüquqları qorunsun”, - deyə o əlavə edib.
O qeyd edib ki, Moldova hakimiyyəti beynəlxalq hüququ və Qaqauziya ilə əldə olunmuş əvvəlki razılaşmaları pozaraq, bölgə əhalisinə siyasi və ideoloji təzyiqlər göstərir, Türkiyə, Rusiya və digər strateji tərəfdaşlarla mehriban münasibətlərin tərəfdarlarını isə təqib edir.
Səbinə Uğur
"Cebheinfo.az"