Rusiyada milyarder həbs edildi

Rusiyalı milyarder Vadim Moşkoviç həbs edilib.
Modern.az xəbər verir ki, Moskvanın Meşçanski Məhkəməsi “Rusaqro” şirkətinin təsisçisi və əsas səhmdarı barədə həbs qərarı çıxarıb.
Belqorod vilayətindən olan biznesmenin və keçmiş senatorun saxlanıldığı barədə məlumat ötən gün yayılıb. O, külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Qeyd edək ki, “Rusaqro” Rusiyanın ən böyük kənd təsərrüfatı holdinqlərindən biridir. Şirkət çərşənbə günü holdinqin bir neçə ofisində axtarış aparıldığını təsdiqləyib, lakin Moşkoviçin saxlanması ilə bağlı şərh verməyib.
TASS müxbirinin verdiyi məlumata görə, ittiham tərəfi milyarderin xaricə qaça biləcəyini əsas gətirərək onu istintaq təcridxanasına göndərməyi xahiş edib. Məhkəməyə onun İsrail vətəndaşı olduğu və şəxsi təyyarəsi olduğu bildirilib.
"Kommersant" yazır ki, Moşkoviçin özü şəxsi təyyarəsinin olmadığını bildirib, ürək problemlərindən danışıb və onu həbsxanaya göndərməməyi xahiş edib. O, günahını etiraf etmir.
"Mən qanuna tabe olan vətəndaşam və heç vaxt cinayət törətməmişəm", - Moşkoviç məhkəmədə deyib.
“Rusaqro” şirkəti Moşkoviçin 1 milyard rubl girov müqabilində azadlığa buraxılmasını istəyib.
"Cebheinfo.az"