Zelenski: “Qərar verən Tramp deyil, Baydendir”

Zelenski: “Qərar verən Tramp deyil, Baydendir”

Ukrayna Prezidenti Vladimir Zelenski NATO-ya üzv olmaq dəvətini müzakirə etmək üçün yaxın günlərdə ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparacaq.

"Cebheinfo.az" xəbər verir ki, Zelenski  bu məsələnin ABŞ-nin hazırkı administrasiyasının dəstəyini tələb etdiyini bildirib: 

"Mən Prezident Baydenə zəng etməyi planlaşdırıram. Bu zəngdə mən NATO-ya üzv olmaq dəvətini müzakirə etmək istəyirəm. Bayden Prezidentdir və onun bu məsələ ilə bağlı fikri həlledicidir".

Almaniyanın müxalifət lideri Fridrix Merzlə keçirdiyi mətbuat konfransında Zelenski ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla bu həssas məsələni müzakirə etməyin mənasız olduğunu bildirib.

"Düşünürəm ki, hazırda Trampla bu məsələni müzakirə etməyin çox mənası yoxdur. O, hələ vəzifəsində deyil", - Ukrayna Prezidenti bildirib.

Ölkənin NATO-ya üzvlük iddiası Qərbdən təhlükəsizlik təminatı almaq səylərinin bir hissəsidir. Zelenskinin təqdim etdiyi qələbə planının ilk bəndi Ukraynanın NATO-da iştirakı olub.

Lakin bu təşəbbüs Moskvadan sərt reaksiyalar gətirə və regionda gərginliyi artıra biləcək addımdır.

Trampın seçdiyi Rusiya-Ukrayna xüsusi elçisi tərəfindən dərc edilən Kelloq planında isə nəzərdə tutulan şərtlərdən biri də Ukraynanın NATO üzvlüyünün on ilə qədər dayandırılması idi.

Nigar Hacılı 
"Cebheinfo.az"