Hansı ölkələr Rusiyaya daha çox işçi göndərir?
Rusiyada işləmək üçün viza alan xarici işçilərin sayına görə Hindistan uzun illərdir lider mövqedə olan Çini geridə qoyaraq birinci yerə yüksəlib.
Yeni məlumatlara əsasən, hindistanlı əməkdaşlar üçün ayrılan kvota sayı 90 mini keçdiyi halda, çinli işçilər üçün bu rəqəm 89 min səviyyəsində qalıb.
"Cebheinfo.az" xəbər verir ki, Rusiyanın qabaqcıl biznes məktəblərindən olan "Skolkovo" və "Intrud" şirkətlər qrupunun birgə araşdırması bunu göstərir. Məlumata görə, Hindistandan gələn işçi, rəhbər və sahibkarların sayı bu il etibarilə Rusiyadakı bütün xarici işçilər arasında ən yüksək pilləyə sahib olub. Ötən illərdə bu siyahının zirvəsində hər zaman Çin qərarlaşırdı.
Araşdırmaya əsasən, Hindistan vətəndaşları üçün ümumi iş kvotası 90 min səviyyəsini ötüb, Çin üçün isə bu göstərici 89 min olaraq qeydə alınıb. Rusiya daxilində ümumi xarici işçi kvotasının isə 278 min olduğu bildirilir.
Analitiklərin məlumatlarına görə, hindistanlı işçilərə ən böyük tələbat Mərkəzi Federal Dairədən gəlir. Bu çərçivədə başda Moskva olmaqla, Moskva vilayəti, İvanovo və Kaluqa regionları hindistanlı işçilərin ən çox üstünlük verdiyi ərazilər arasında yer alır.
Bu dəyişiklik Rusiya əmək bazarında Asiya ölkələri arasındakı balansın yenidən formalaşdığını göstərir. Hindistandan gələn işçi sayındakı artım, həmçinin iki ölkə arasındakı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin dərinləşməsinə işarə edir.
Nigar Hacılı
"Cebheinfo.az"


