Yazıçılara bu il ev veriləcək? - RƏSMİ 

Yazıçılara bu il ev veriləcək? - RƏSMİ 

Ötən il oktyabr ayında Xalq yazıçısı Anar Rzayev növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinə (AYB) sədr seçilib.

AYB-nin qurultayında açıq səsvermə yolu ilə Anarın sədr seçilməsi birmənalı qarşılanmayıb və digər namizədlər prosesə öz etirazlarını bildiriblər.

AYB sədri isə mətbuata açıqlamasında növbəti 5 il ərzində yarımçıq qalmış işləri tamamlamaq üçün sədrliyə iddialı olduğunu deyib. Həmin yarımçıq qalmış işlərdən biri də yazıçıların mənzil məsələsidir.

Belə ki, bir neçə il öncə yazıçıların mənzil problemini həll etmək məqsədilə AYB-yə torpaq sahəsi ayrılıb. Həmin sahədə çoxmərtəbəli yaşayış binasının inşası planlaşdırılır.

İllərdir mənzil həsrəti ilə yazıb yaradan şair və yazıçılara bu il ev nəsib olacaqmı? AYB-nin bu il görəcəyi işlər sırasında mənzil məsələsi yer alıbmı?

Məsələ ilə bağlı AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Cebhe.info-ya açıqlamasında bildirib ki, torpaq sahəsində öncə mənzillər tikilib hazırlanmalıdır:

"Bunun üçün bizə torpaq sahəsi ayrılıb, orada mənzillərin tikintisi getməlidir. Tikinti başa çatdıqdan sonra bizim neçə evimizin olduğu, bölgünün nə cür aparılacağı, evlərin yazıçılara hansı prinsiplə veriləcəyi, bütün proses müəyyən olunmalıdır. Bunlar hamısı bir neçə il vaxt aparacaq. Ona görə də bu il ola biləcəyinə inanmıram".

Qurum rəsmisi mənzillərin inşasına başlanılması ilə bağlı sualımıza isə belə cavab verib:

"Tam dəqiq bilməsəm də bircə onu deyə bilərəm ki, bu məsələ ilə bağlı ilkin addımlar atılıb".

Günay Şahmar
Cebhe.info