Polkovnik Rövşən Qurbanov rüşvət alarkən saxlanıldı

Polkovnik Rövşən Qurbanovun günahı sübuta yetirilsə, onu 10 ilədək həbs gözləyir.
Rusiya Milli Qvardiyasının (Rosqvardiya) Novosibirsk vilayəti üzrə təhlükəsizlik idarəsinin rəisi, azərbaycanlı polkovnik Rövşən Qurbanov rüşvət alarkən saxlanılıb. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsi ilə cinayət işi açılıb. Bu maddə ilə nəzərdə tutulmuş cəza 7 ildən 10 iki ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Zayeltsovski Məhkəməsi R.Qurbanov barəsində iki ay müddətinə həbs qərarı verib.
Rövşən Qurbanov 2017-ci ildən Rusiya Milli Qvardiyasının mühafizə bölməsinə rəhbərlik edib. Polkovnik buna qədər Novosibirsk mühafizə idarəsinin 1 saylı polis batalyonuna komandirlik edib. R. Qurbanovun tabeliyində olan şəxslərin himayəsində Sberbank, Aura ticarət mərkəzi, Mərkəzi bazar, Yupiter ticarət mərkəzi, Moskva ticarət mərkəzi, Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrı, Prezidentin Sibir Federal Dairəsindəki nümayəndəliyi, regional hökumət, Mərkəzi Bank filialının binası olub. Rövşən Qurbanovun tərcümeyi-halında heç bir “qara ləkə” yoxdur.
1990-cı ildə Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Komandanlıq Məktəbinə, indiki Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Ordu generalı Yakovlev adına Novosibirsk Hərbi İnstitutuna daxil olub. 1995-ci ildə ailə problemlərinə görə ordudan gedib, iki il Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyində işləyib, sonra isə Rosqvardiyanın mühafizə xidmətinə keçib. Rusiya mediası R. Qurbanovun adının bir neçə il əvvəl verdiyi sərəncamı da yada salır. Belə ki, o, tabeliyində olan işçilərin 200-dən çox ölkəyə tətilə getməsini qadağan edib. İnternetdə yayılan sərəncamında deyilirdi ki, Rosqvardiya işçiləri tətil üçün təhlükəsiz ölkələr seçməlidir. Qurbanovun sərəncamına görə belə yerlər yalnız Azərbaycan, Belarus, Vyetnam, İndoneziya (Bali adası), Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, BƏƏ, Tacikistan, Türkmənistan və Özbəkistan ola bilər.
Ona qarşı irəli sürülən ittikmda deyilir ki, R.Qurbanov aprelin sonunda “Lemana PRO” ticarət mərkəzinin fövqəladə halların qarşısının alınması şöbəsinin müdiri ilə telefonla əlaqə saxlayıb və ondan şəxsi ehtiyacları üçün tikinti materialları tələb edib. Tikinti materiallarının dəyəri 293 min 434 rubl 60 qəpik olub. Novosibirsk vilayət məhkəməsi dünən R.Qurbanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin yumşaldılması barədə şikayəti rədd edib. O, iyulun 27-dək istintaq təcridxanasında qalacaq. Bu barədə Novosibirsk vilayətinin Ədliyyə Departamentinin mətbuat xidməti məlumat yayıb.
Yada salaq ki, ötən il Moskvada Rosqvardiyanın Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib. Rusiya Qvardiyasının rəhbəri vaxtilə prezident Vladimir Putinin cangüdəni olan Viktor Zolotov rəhbərlik edir. Vaxtilə Aleksey Navalnı öz saytında Rusiya Qvardiyasının şişirdilmiş qiymətlərlə ərzaq aldığını iddia edən “Rosqvardiyanın kartofu” adlı araşdırma dərc etmişdi.
"Cebheinfo.az"