İranlı nazir: “Tramp İrana xəyanət edib”

“Tehran ABŞ-nin təcavüzünə cavab verəcək”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İran ərazisinə endirdiyi zərbələrdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
“ABŞ Prezidenti Donald Tramp nəinki İrana xəyanət edib, hətta öz xalqını da aldadıb”, - yüksək rütbəli iranlı diplomat deyib.
Onun sözlərinə görə, İran ABŞ-nin təcavüzü ilə üzləşib və bu təcavüzü ən sərt şəkildə pisləyir.
"Bu hücum beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin pozulması hesab olunur. Tramp cinayətkarın tələblərinə təslim olub. ABŞ diplomatik deyil və yalnız güc və təhdid dilini başa düşür. Onlar göstərdilər ki, beynəlxalq xartiya və beynəlxalq hüquqa hörmət etmirlər və onların heç birinə əməl etmirlər", - Abbas Əraqçinin sözlərini sitat gətirir.
İranın xarici işlər nazirinin sözlərinə görə, ABŞ-nin gecə hücumları göstərdi ki, sionist rejim İrana hücum məqsədlərinə çata bilməyib və hazırda ağır vəziyyətdədir:
"İranın nüvə obyektlərinə dəyən zərərin miqyası önəmli deyil. Vacib olan hücumun xarakteridir. Biz bu məsələyə göz yuma bilmərik.
Danışıqların qapısı həmişə açıq qalmalıdır, lakin indi belə deyil. Mənim ölkəm işğal olunub və biz cavab verməliyik".
O, İranın Amerikanın hücumuna cavab olaraq nə edəcəyini söyləməkdən imtina edib. İran xarici işlər nazirinin sözlərinə görə, Tehran hələ də amerikalılardan mesajlar alır:
"Lazım gələrsə, bu mesajlara cavab verəcəyik. Qarşıda çox yolumuz var".
Eyni zamanda, Abbas Əraqçi vurğulayıb ki, İran İslam Respublikası Qərb dövlətləri ilə dialoq və danışıqlar zamanı belə onlara heç vaxt etibar etməyib.
Xəzər
“Cebheinfo.az”