Azərbaycanda şirkətdə kütləvi zəhərlənmə olub? - İDDİA

Azərbaycanda şirkətdə kütləvi zəhərlənmə olub? - İDDİA

"Gözəl Təbiət" Məhdud Məsuliyyəti Cəmiyyəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Məlumatda qeyd olunub ki, sözügedən MMC-də ilan əleyhinə vurulan dərman zəhərlənmə hadisəsi ilə nəticələnib.

Sözügedən iddia ilə bağlı Oxu.Az-a bildirilib ki, hadisə 3 gün öncə baş verib.

Adının çəkilməsini istəməyən şikayətçi vurğulayıb ki, dərmanlanan əraziyə yalnız 3 gün sonra getmək olar:

"Lakin 1 gün sonra hər kəsi işə çağırdılar. Əksəriyyəti qadın olmaqla, 10-a yaxın işçi zəhərlənib. Şirkət heç bir köməklik etmədi. Üstəlik işçilər təhdid edildi ki, kiməsə desəniz, sizi qovacağıq".

"Gözəl Təbiət" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri Nizami Heybətov isə açıqlamasında məlumatı təkzib edib:

"Belə bir hal yaşanmayıb, yanlış məlumatdır. Sadalanan iddiaların heç birinin əsası yoxdur. Şirkətdə həşəratlar, viruslar əleyhinə davamlı dezinfeksiya tədbirləri keçirilir. Şirkətimiz Azərbaycanın ən böyük istixana komplekslərindən biridir. 1 500-ə yaxın əməkdaşımız var. Təhlükəsizlik qaydaları ən yüksək səviyyədə qorunur".

O qeyd edib ki, şirkətdə sonuncu dəfə iyul ayında ilan əleyhinə dərmanlama prosesi olub.

"Cebheinfo.az"