Dollara tələbatın artmasında iki SƏBƏB

Dollara tələbatın artmasında iki SƏBƏB

“Azərbaycan Mərkəzi Bankı (AMB) sərəncamında olan valyuta ehtiyatları hesabına valyuta satışları aparılması imkanlarını nəzərdən keçirir”. 

Bunu AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev bildirib.

O qeyd edib ki, izafi pul təklifinin yaratdığı potensial təhdidləri nəzərə alaraq Mərkəzi Bank valyuta bazarındakı vəziyyətdən asılı olaraq manatla likvidliyin sterilizasiyası məqsədilə öz ehtiyatları hesabına valyuta satışları aparılması imkanlarınıda nəzərdən keçirir:

“Bununla dövlətin valyuta komponentli xərclərlə bağlı tələbatı da ödənmiş olacaqdır". 

Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatları son illər artır:

"AMB-nın valyuta ehtiyatlarının dəyişimi valyuta bazarına müdaxilədən və ehtiyatların idarə edilməsindən əldə edilən gəlirlərdən təsirlənir. Məlum olduğu kimi, 2022-2023-cü illərdə Mərkəzi Bankın valyuta bazarından xalis valyuta alışı 4,2 milyard ABŞ dolları olub. Bu o deməkdir ki, bu illərdə təklif tələbi üstələyib və 4,2 milyard ABŞ dollara bazarda tələb olmadığı üçün AMB tərəfindən alınıb ki, məzənnəyə möhkəmlənmə təzyiqi olmasın. 

Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları artıb. Alış yönümlü müdaxilələr manatla pul təklifinə ekvivalent məbləğdə (2022-2023-cü illərdə 7 milyard manatdan çox) artırıcı təsir edib. Bu şəraitdə məlum olduğu kimi, Mərkəzi Bank pul təklifinin izafi genişlənməsinə yol verməmək üçün öz alətləri ilə (məcburi ehtiyatlar, daimi imkan və açıq bazar əməliyyatları) sterilizasiya əməliyyatlarından istifadə edir". 

Qeyd edək ki, avqustun 1-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 765,7 milyon ABŞ dolları təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 0,2 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,3 %, son 1 ildə isə 27,3 % artıb. Ümumiyyətlə, AMB-nin valyuta ehtiyatları hesabına valyuta satışları aparılması imkanlarını nəzərdən keçirməsi nəyi dəyişəcək və bu proses ölkədə artan idxal səbəbindən yaranan dollar ehtiyacından irəli gəlir? 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”-ə  bildirib ki, indiyə qədər Mərkəzi Bankın öz ehtiyatlarından istifadə edərək valyuta bazarına müdaxilə etməyə ehtiyac yaranmırdı: 

“Çünki Azərbaycanda son illər məhz Dövlət Neft Fondunun büdcə qarşısında olan öhdəliklərini yerinə yetirmək üçün satdığı dollar kifayət edirdi. Həftədə iki dəfə tam formal hərraclar keçirilirdi. O hərraclar vasitəsilə dollar olan tələbat ödənilirdi. Nəticə etibarilə Mərkəzi Bankın öz ehtiyatlarından istifadə etməyə lüzum qalmırdı. İndi isə valyutaya tələbat kəskin artıb. Dövlət Neft Fondunun da bəlli dollar satmaq limiti var. Dövlət büdcəsi qarşısında olan öhdəlikləri yerinə yetirmək üçün il ərzində satacağı valyutanın həcmi öncədən bəlli olur. 

İlin əvvəlində Prezident tərəfindən Dövlət Neft Fondunun büdcəsi təsdiqlənir. Görünür ki, bu il üçün ayrılan dollar vəsaiti, yəni manata çevrilib dövlət büdcəsinə köçürülməli olan vəsait yetərli olmayacaq. Ona görə də Mərkəzi Bank belə bir qərar vermək ərəfəsindədir ki, əgər lazım gələcəksə, bazarda tələbat yaranacaqsa öz valyuta ehtiyatlarından da bazara çıxarıb manata çevirə bilərlər. Yəni bazarın tələblərini ödəyə bilərlər. Bu, onu göstərir ki, Azərbaycanda dollara olan tələbat kəskin artıb”. 

Ekspert bildirib ki, bu həm də gələcəkdə devalvasiya gözləntiləri ilə bağlıdır:

“Artıq 9-cu ildir ki, sabit məzənnə rejimidir və onu uzun müddət davam etdirmək çətindir, hətta mümkün deyil”. 

Ekspertin sözlərinə görə, ikinci səbəb büdcə xərcləri və investisiya, infrastruktur layihələrinin artmasıdır:

“Azərbaycan demək olar ki, heç nə istehsal etmir. Çox təəssüf ki, lazım olan avadanlıqdan tutmuş tikinti materiallarına, elektron avadanlıqlara, infrastruktur layihələrdə istifadə edilən bir çox məhsullara qədər xaricdən alırıq. Bu da valyutaya olan tələbatı artırır. Bundan başqa, tədris ili yaxınlaşır.

Tədris ili yaxınlaşdıqca isə məktəb paltarından tutmuş ləvazimata qədər xaricdən gətirilən məhsullara tələb kəskin artır. Bu da valyutaya olan tələbatı artırır. Bütün bu amillər toplandıqda belə məlum olur ki, Mərkəzi Bankın Dövlət Neft Fondunun valyuta ehtiyatlarını hərraclar vasitəsilə satışa çıxarması yetərli olmaya bilər. 

Düşünürəm ki, büdcə qarşısında Dövlət Neft Fondunun öhdəlikləri bitdikdən sonra, çox güman ki, oktyabr ayında əvvəlcədən ayrılması nəzərdə tutulmuş valyuta həcmi bitə bilər. Artıq oktyabr ayının ortalarından, noyabr-dekabr aylarında Mərkəzi Bank öz ehtiyatlarını da satışa çıxara bilər”.

Nigar Abdullayeva
"Cebheinfo.az"