Şərq və Qərbi birləşdirən qovşaq: Zəngəzur dəhlizi qədər önəmli olacaq

Şərq və Qərbi birləşdirən qovşaq: Zəngəzur dəhlizi qədər önəmli olacaq

Yaxın gələcəkdə Araz Vadisi İqtisadi Zonası Qarabağ və Şərqi Zəngəzuru Cənubi Qafqazın mühüm iqtisadi və nəqliyyat qovşağına çevirəcək.

Qeyd edək ki, iyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizə səfər etmiş Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər.

İşğaldan azad edilən ərazilər – Füzuli, Cəbrayıl və Zəngilanda Araz çayı boyunca düzənlikdə yerləşən Araz Vadisi İqtisadi Zonası və bu zonada planlaşdırılan Sənaye Parkı həm Qarabağ, həm Şərqi Zəngəzur iqtisadi zonalarının inkişafı üçün əhəmiyyətli hesab olunur.

Çünki bu zonada dövlət büdcəsi, o cümlədən yerli və xarici şirkətlərin investisiyaları hesabına qurulucaq sənaye obyektləri, istehsal müəssisələri hər iki iqtisadi zonanın ölkə iqtisadiyyatında payını artırmaqla yanaşı, region ölkələrinin diqqətini bölgəyə cəlb edəcək. Araz Vadisi İqtisadi Zonasında mühüm amillərdən biri hesab olunan Sənaye Parkı yeni salınan magistral avtomobil və dəmir yolları üzərində yerləşəcək. Bu da Arazboyu ərazilərdə istehsal və biznes müssisələrinin tikilməsi, yeni bazarların salınması üçün münasib investisiya mühiti yaradacaq.

Zəngəzur dəhlizi açılacağı təqdirdə bu zonada istehsal olunan məhsullar Naxçıvan vasitəsilə Türkiyəyə, eləcə də Rusiyaya daşınacaq. Bununla yanaşı, Türkiyədən Mərkəzi Asiya və Rusiyaya doğru gedəcək yük avtombilləri bu zonadan keçəcək.

Bir çox ekspertlərin fikirlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını özündə birləşdirən Araz Vadisi İqtisadi Zonası bir çox region dövlətləri, xüsusilə Türkiyə, Rusiya, Ermənistan və İran, həmçinin Mərkəzi Asiya dövlətləri və Çinin diqqətində önəmli iqtisadi qovşaq hesab olunacaq.

Məsələ ilə bağlı İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Araz Vadisi İqtisadi Zonası Qarabağda və Şərqi Zəngəzurda sahibkarlığın inkişafı üçün əlverişli imkanlar yaradacaq. O bildirib ki, bu layihənin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan arasında qarşılıqlı iqtisadi bağlantıları daha da gücləndirəcəyi də istisna deyil:

“Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə beynəlxalq nəqliyyat yolu üzərində yerləşən Araz Vadisi İqtisadi Zonası iki bölgə üçün böyük iqtisadi potensiala malikdir. Zəngəzur dəhlizi istiqamətində avtomobil və dəmir yolu marşrutunun çəkilməsi bu zonada fəaliyyətin intensivləşməsinə müsbət töhfə verəcək. Bununla yanaşı, Araz Vadisi İqtisadi Zonasında öz istehsal müəssisəsini və biznesini quracaq rezidentlər üçün güzəştlər də nəzərdə tutulub.

Həmin rezidentlər 10 il müddətində mənfəət, gəlir, əmlak və gömrük vergisindən azad olunacaq. Xüsusi güzəştlərin tətbiq olunması sahibkarlıqla məşğul olan şəxslərin azad və sərbəst fəaliyyət göstərməsinə imkan yaradacaq. Hesab edirəm ki, həmin zonanın iqtisadi inkişafı Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında təkcə öz doğma yurdlarına qayıdacaq əhalinin sosial-iqtisadi rifahının təmininə yox, həmçinin Azərbaycan Respublikasının iqtisadiyyatına inteqrasiyasına müsbət təsir göstərəcək. Bununla bərabər, Araz Vadisi İqtisadi Zonası Qarabağ ilə Naxçıvan arasında qarşılıqlı iqtisadi bağlantıların qurulmasını sürətləndirəcək”.

Eyyub Kərimlinin sözlərinə görə, bu zonada yerli və xarici şirkətlər tərəfindən genişmiqyaslı investisiyaların axınına şahidi ola bilərik:

“Füzuli və Zəngilanda iki aeroportun tikintisinin tamamlanması, İranla sərhəd, habelə Türkiyəyə, Avropaya çıxış Qarabağda və Şərqi Zəngəzurda investisiyaların yatırılmasına gətirib çıxaracaq. Yaxın gələcəkdə Türkiyə, Avropa və MDB ölkələrindən olan sahibkarların işğaldan azad olunan ərazilərdə investisiyalar yatıracağına heç bir şübhə ola bilməz.

Eyni zamanda, Araz Vadisi İqtisadi Zonasında yaşıl enerji və bərpaolunan enerjinin tətbiq olunmasına yönələn yeni texnologiyaların qurulmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə də investisiyaların nəzərdən keçiriləcəyi gözlənilir”.

Yunis Abdullayev
Cebhe.info