Rusiya-Ukrayna danışıqları başladı: NƏ OLACAQ?

Rusiya-Ukrayna danışıqları başladı: NƏ OLACAQ?

“Rusiya ilə Ukrayna arasındakı danışıqların İstanbulda bərpa olunması çox böyük əhəmiyyətə malikdir”. 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, siyasi ekspert Afiq Axundov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bu, Türkiyənin beynəlxalq nüfuzunun artdığını bir daha nümayiş etdirir: 

“Nəzərə almaq lazımdır ki, Rusiya və Ukrayna ilə yanaşı, ABŞ də danışıqların məhz İstanbul şəhərində keçirilməsini dəstəklədi. Hətta son ana qədər Rusiya Prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında görüşün məhz qardaş ölkədə keçirilmə ehtimalı belə var idi. 

Əlbəttə ki, bu, Türkiyənin artıq regional gücdən, qlobal gücə çevridiyini göstərir. Liderlərinin görüşünün baş tutmasından sonra Rusiya ilə Ukrayna nümayəndə heyətlərinin görüşünə hazırlıq gedirdi. İndi isə görüşdə hansı nəticələrin əldə olunacağı suallar doğurur”. 

Ekspert vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanının səyi nəticəsində Rusiya ilə Ukrayna arasındakı münaqişənin həll yolu tapıla bilər:

“Onun həm Zelenski, həm Putin, həm də Trampla yaxşı münasibətlərinin olması burada mühüm faktordur. Düşünürəm ki, Ərdoğanın vasitəçiliyi ilə Moskva ilə Kiyev arasında sülh üçün ciddi addımlar atıla bilər. 

Daha dəqiq desək, iki ölkə arasında sülh olacağı təqdirdə, bunun məhz Türkiyədə imzalanacağını proqnozlaşdırıram”.

Onun sözlərinə görə, Putinin Zelenski ilə görüşə getməməsi danışıqlar prosesinə zərbə vurdu: 

“Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə gedərək sülhün tərəfdarı olduğunu göstərdi. Rusiya Prezidenti Vladimir Putinin isə İstanbula getməməsini “kobudluq” hesab edirəm. Görünür, Kreml rəbbərinin imperialist təfəkkürü bu qərara səbəb olub. O, Zelenski ilə görüşə getməyərək bir növ sülhün yox, müharibənin davam etməsində maraqlı olduğunu bildirir”. 

Afiq Axundov hesab edir ki, Putin yaxın gələcəkdə Zelenski ilə görüşə bilər:

“Nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüş həlledici ola bilər. Lakin tez bir zamanda konkret addımların atılması gözlənilmir. Ancaq buna baxmayaraq, Putinin yaxın gələcəkdə Zelenski ilə görüşəcəyinə inanıram.

Bu, nümayəndələr heyətlərinin danışıqlarından asılı olacaq. Əgər hansısa məsələlərdə razılaşma əldə olunarsa, növbəti mərhələdə liderlərin də görüşəcəyinə inanıram. Effektli nəticə də məhz o zaman olacaq. Əks təqdirdə, danışıqlar nəticəsiz qalarsa, Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edəcək. Çünki bu müharibədə qalib tərəf yoxdur, hər iki tərəf çox ciddi itkilər verir. Ona görə də tərəflər bir an əvvəl razılığa gəlməlidirlər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”