Sülh müqaviləsi imzalanmasa da: Dəhliz açılacaq

“Bu gün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının rəsmi İrəvan tərəfindən yubadılmasının bir neçə səbəbi var”.
Bu sözləri Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini, politoloq Niyaməddin Orduxanlı “Cümhuriyət”-ə açıqlamasında deyib.
O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müəyyən vasitələrdən istifadə edərək sülh prosesini məqsədli şəkildə uzadır:
“Görünür, hələ də boş xəyallarla nəyəsə ümid edirlər. Burada həm də xarici faktorları nəzərə almaq lazımdır. Çünki Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması Avropa bəzi ölkələrinin və ABŞ-nin bugünkü maraqlarına uyğun deyil. Bu səbəbdən müxtəlif bəhanələrlə vaxt qazanması üçün Paşinyana tapşırıqlar verilir. Konkret olaraq ondan sülh müqaviləsinə razılıq verməsini, amma yekun addımı atmamasını tələb edirlər. Günün birində proseslərin dəyişə biləcəyinə güman edirlər”.
Ekspert diqqətə çatdırıb ki, sözügedən qüvvələr Rusiyanın Ukrayna müharibəsində böyük bataqlığa düşəcəyinə çox ümid edirdilər:
“Elə bilirdirlər ki, Rusiya Ukraynada məğlub olacaq və ölkə daxilində çox ciddi çaxnaşmalar olacaq. Hətta bunun nəticəsində Rusiya Prezidenti Vladimir Putinin devriləcəyini bilə düşünürdülər. Daha sonra isə yenidən BorisYeltsin kimi Qərbpərəst və ABŞ meyillibir şəxsin hakimiyyətə gəlməsini istəyirdilər. Bütün bunların fonunda isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək üçün yenidən hərəkətə keçəcəyini planlayırdılar. Lakin bunların heç biri baş vermədi və ehtimal da yoxdur”.
Politoloq qeyd edib ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Vladimir Putinə yaxınlığı ilə tanınır:
“Bu gün Trampla Putin arasında çox yüksək əlaqələr var. Bu səbəbdən də artıq ABŞ-nin Rusiya siyasətində bir açılım yaranıb. Vaşinqton-Moskva münasibətlərinin yeni cizgiləri müəyyən olunur. Həmçinin, Avropanın özü də artıq Rusiya ilə Ukraynaya görə ticari və digər əlaqələrin qurulmamasında maraqlı görünmür. Bütün bunlar isə ermənipərəst qüvvələrin Rusiya üzərindən həyata keçirmək istədikləri planları puça çıxardı”.
Niyaməddin Orduxanlının sözlərinə görə, hazırda Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı görünmür:
“Əslində isə bu gün Rusiyaya ən çox vacib olan Zəngəzur dəhlizinin açılmasıdır. Hazırda isə Kremlin bunda maraqlı olmadığı görünür. Lakin düşünürəm ki, Rusiya ilə razılaşaraq Zəngəzur dəhlizinin açılmasına nail ola bilərik. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistana böyük təsir imkanları mövcuddur.
Üstəlik, Ermənistanda rusların silahlı qüvvələri var. Xatırlayaq ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində Rusiyanın neytrallığı təmin edilmişdi. Hesab edirəm ki, indi də Zəngəzur dəhlizi ilə bağlı da bu istiqamətdə müəyyən addımlar atıla bilər. Çünki Rusiyanın neytrallaşacağı təqdirdə, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını qəbul etməkdən başqa çarəsi qalmayacaq. Hətta belə olacağı təqdirdə, sülh müqaviləsi imzalanmadan belə Zəngəzur dəhlizi açıla bilər”.
Elmir Mustafa
"Cebheinfo.az"