Bu adamlar yaşlandıqca daha çox ağılsız olurlar - ARAŞDIRMA

Əgər təbiətcə şən xasiyyətiniz varsa, bu, sizin üçün avantaj deməkdir.
Cebhe.info UPI-yə istinadən yazır ki, yeni araşdırmalar bu xasiyyətinizin sizi illər ərzində demansdan (ağılsızlıq) qoruya biləcəyini göstərib.
Çikaqodakı Şimal-Qərb Universitetinin tədqiqatçılarından ibarət qrup bildirir ki, müəyyən şəxsiyyət xüsusiyyətləri - vicdanlılıq, ünsiyyətcillik və müsbət münasibət – insana yaşlandığı zaman demans diaqnozu qoyulma şansını azaldır.
Digər tərəfdən, nevrotiklik və daha çox mənfi dünyagörüşü və davranışları daha yüksək zehni geriləmə riski ilə əlaqələndirilir.
Şimal-Qərb Universitetinin sağlamlıq və sosial elmlər üzrə dosenti, tədqiqatçı Eylin Qremin rəhbərlik etdiyi qrup bildirib ki, insanların şəxsiyyətləri gündəlik vərdişlərin beyin üçün sağlam və ya zərərli olmasına təsir edə bilər.
Tədqiqatçıların yeni təhlili psixoloqların uzun müddətdir ki, “böyük beşlik” adlandırdıqları şəxsiyyət xüsusiyyətlərinə diqqət yetirib: vicdanlılıq, ekstraversiya, təcrübəyə açıqlıq, nevrotiklik və razılıq.
Qremin komandası səkkiz araşdırmanın məlumatlarına baxıb. Kollektiv olaraq, tədqiqatlar 44000-dən çox insanı əhatə edib, onlardan 1703-üdə demans inkişaf edib.
Təhlillərə görə, nevrotiklik və mənfi emosional vəziyyətlər kimi mənfi xüsusiyyətlər demansın inkişaf riskini artırır. Vicdanlılıq, ekstraversiya və şən əhval-ruhiyyə isə demensiyanın inkişaf ehtimalını azaldır.
Xəzər
Cebhe.info