Milli Cəbhə Partiyasında toplantı: Razi Nurullayev şöbə sədrləri ilə iclas keçirdi, tapşırıqlar verdi -FOTOLAR

“MCP-nin Azərbaycanda ilk partiyalardan biri olmasını hədəfləyirəm” .
Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının rayon şöbələrinin sədrlərinin iştirakı ilə ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı partiya sədri, millət vəkili Razi Nurullayev deyib.
O, “Siyasi partiyalar haqqında” Qanunla bağlı fikirlərini bölüşüb:
“Bu prosesi daha şəffaf və uyğun şəkildə keçirmək üçün sədrlərlə belə bir görüş keçirməyə qərar verdik. Yeni qanunun qəbulu əslində həm də bizim üçün müsbət bir sınaqdır. Siyasi proseslərdə daha aktiv oyunçuya çevrilirik. MCP-nın sədri və milllət vəkili kimi hər zaman xalqın, seçicilərin yanında dayanmışam və bu gün də belə olacaq.
Yerlərdəki şöbə sədrlərinin hər biri mənimlə birlikdə vətəndaşların şikayətləri ilə tanış olurlar. Hər bir şikayətlə maraqlanırlar. Biz ay ərzində 300-400 insanla təmasda olub, onların problemlərinin həllinə nail oluruq. Məhz bu səbəbdən MCP-nın Azərbaycanın indiki siyasi həyatında yeri başqadır və xalq tərəfindən də bəyənilir.
Biz bu etibarı işimiz, dürüstlüyümüz, xalqa can yadırmağımızla əldə etmişik. 2015-ci ildən partiya kimi siyasi səhnədəyik. Həmin dövrdən partiyanın zaman-zaman 15 mindən çox üzvü olub. Sadəcə ölkədəki siyasi vəziyyət, konyuktura imkan verməyib ki, siyasi partiya kimi gücümüzü ortaya qoya bilək. Bunun nəticəsində fəal üzlərimiz də passivləşiblər.
Ölkənin hər hansı bölgəsinə getsək, partiyamıza münasibət müsbətdir. Tez bir vaxtda, 100 gün ərzində bütün tələblərə cavab verərək Ədliyyə Nazirliyinə müraciət etməliyik. MCP-nin Azərbaycanda ilk partiyalardan biri olmasını hədəfləyirəm".
Biz xalqın adamı, Milli Cəbhə Partiyası xalqın partiyasıdır!
Daha sonra Razi Nurullayev partiyanın ideoloji xətti ilə bağlı fikirlərini partiya üzvləri ilə bölüşərək bildirib:
" Milli Cəbhə Partiyasının ideoloji xətti sosial-demokratiyadır. Biz milli cəbhəçilər sosial demokratiya yolunu seçdik. Milli Cəbhə Partiyası sosial-demokratiya ideologiyasını ona görə seçdi ki, o kapitalizmin yaratdığı sosial bərabərsizliyi kompensasiya edə bilsin.
Biz sosial-demokrat olan milli cəbhəçilər kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem içində qəbul edilə bilən səviyyəyə salmağı hədəfləyirik.
Sadə dildə desək, bizim partiya üçün bu o anlama gəlir ki, əgər bir nəfərin savadı, bacarığı yoxdursa o digərlərindən yüz dəfələrlə aşağı səviyyədə yaşamalı deyil. Biz milli cəbhəçilərin təmsilçiləri olan sosial-demokratlar üçün hər bir vətəndaşın ləyaqətli yaşayışı önəmlidir. Bunun üçün hər bir vətəndaşın pulsuz təhsil alması, pulsuz peşəyə yiyələnməsi dövlətin təməl borcudur.
Sosial-demokratiya ideologiyasının daşıyıcıları olan biz milli cəbhəçilər - Milli Cəbhə Partiyası üçün təməl prinsipləri bunlardır: Bərabərlik, Azadlıq və Həmrəylik. Biz milli cəbhəçilər olan sosial-demokratlar üçün sosial ədalət, sosial dövlət, sosial haqqlar əsasdır.
Biz Milli Cəbhə Partiyasının təmsilçiləri, sosial-demokratiya ideoloji yolunu seçən milli cəbhəçilər sosial bərabərsizliyin aradan qalxması üçün inqilabı zəruri görmür, bütün sosial siniflər arasında əməkdaşlığı vacib hesab edirik. Hər hansı bir sosial sinifin hakimiyyəti ələ keçirib diktatura qurması ümumi maraqlara ziddir. Bu səbəbdən biz - Milli Cəbhə Partiyasının təmsilçiləri inqilabi yox, demokratik dəyişikliyin tərəfdarıyıq.
Yolumuz açıq olsun, qələbələr də bizi sevindirsin! Biz xalqın adamı, xalqın partiyasıyıq!"
Sahil Babayevə təklif
Partiya sədri sosial problemlərə də toxunub: " Sosial narazılıq bütün şəhər, rayon və kəndlərdə var. Neçə illərdir ki, Milli Cəbhə Partiyası deyir, çəkir, göstərir və konkret şəxslər üzrə məsələlər həll olunur. Problem isə köklü olaraq qalır. Biz on minlərlə fərdin sosial problemi ilə məşğul ola bilmərik axı. Bir deputat yerimiz var, vəzifəmiz də deyil, sosial müdaifə nazirliyinin isə minlərlə əməkdaşı var. Milli Cəbhə Partiyası təklif edir ki, nazirlik bütün şəhər, rayon və kəndlər üzrə missiyalar təşkil edərək həmin ərazinin icra başçısı, icra nümayəndəsi, bələdiyyə sədri və xalqın inandığı ağsaqqal və ağbirçəklə görüşsün.
O insanlar, xalq kömək etməsə acından ölə biləcək, küçələrdə qalacaq şəxsləri barmaqla göstərəcəklər. Onları danışdırsınlar, evlərini-eşiklərini yoxlasınlar, real olaraq sağlamlıq vəziyyətlərini əyani görsünlər, video və fotosunu çəkib konkret addımlar atsınlar. Milli Cəbhə Partiyası əmindir ki, yalnız bu üsulla 3-4 ay ərzində sosial narazılıqları yarıbayarı aşağı endirmək olar. Bu təklifimi həyata keçirin və sizləri əmin edirəm ki, nazirliyin çox aşağı olan nüfuzu xeyli yaxşılaşmış olacaq".
Qarabağ haqqında
MCP sədri partiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyini də açıqlayıb:
"Milli Cəbhə Partiyası 5 ilin tamamında Rusiya sülhməramlıların mandatının uzadılmasına qarşıdır. Biz ümumiyyətlə, Qarabağda heç bir sülhməramlı missiyanın olmasını istəmirik. Qarabağda xarici qüvvələr olduqca, separatçılar Azərbaycan cəmiyyətinə inteqrasiya etməkdən imtina edəcəklər.
Əgər bütün dünya da Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, o zaman imkan versinlər ki, suveren ərazimizdə Azərbaycan qanunlarını tətbiq edə bilək.
Laçın dəhlizi ilə Qərbi Azərbaycan rayonlarını Naxçıvanla birləşdirən dəhliz eyni hüquqludur. Məhz buna görə də Milli Cəbhə Partiyası Laçın-Xankəndi yolunda aksiya keçirən ictimai fəallara tövsiyə edir ki, tələblər sırasına Naxçıvana eyni hüquqlu dəhliz verilməyənə qədər Laçın dəhlizinin də bağlanması, Xankəndi sakinlərinin qayıdışı, erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılması və separatçıların tərksilah edilməsi tələblərini də daxil etsinlər".
Tərtər hadisələri
Tərtər hadisələrinə toxunan Razi Nurullayev bildirib ki, Milli Cəbhə Partiyası “Tərtər hadisələri”nin gedişatı ilə bağlı ictimaiyyətə mütamadi dolğun məlumatların verilməsini istəyir:
"İnsanlığa yaraşmayan, heç ermənin etmədiyini öz hərbçilərinə və vətəndaşlarına rəva görən şəxslərin lənətlənməsi prosesi ürəklərdən tikan çıxaran səviyyədə deyil. Baş prokurorluq bu işi nəzarətində saxlayır və xeyli irəliləyiş var, həbslər həyata keçirlib, həbsdən azad edilənlər və bəraət alanlar var.
Ölümündən sonra bəraət alan hərbçilər var. Bu hərbçilər niyə işgəncə və insanlığa yaraşmayan üsullarla qətl edildi? Bunu hansı xainlər və xalq düşmənləri edib? Tükürpədici işgəncələrin baş müəllifləri haradadır? Adları çəkiləcəkmi?
Milli Cəbhə Partiyası böyük adların, məsuliyyətsiz yanaşanların, vəzifə səlahiyyətlərini yerinə yetirməyənlərin - hər kəsin məsuliyyətinə uyğun adlarının ictimaiyyətə açıqlanmasını tələb edir. Bu yalnız Milli Cəbhə Partiyasının yox, bütövlükdə Azərbaycan insanlarının tələbidir".
Sahibkarlıq haqqında
Azad sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılmsının vacibliyini bildirən Razi Nurullayev bildirib ki, Milli Cəbhə Partiyası sosial məsuliyyətli azad sahibkarlığın tərəfdarıdır:
"Bizim ölkəmiz hələ də azad sahibkarlığı təmin edə bilməyib. Azad və maneələrdən uzaq sahibkarlıq neft və qaz sahəsində mövcuddur. Məhz, yerli məmurların müdaxiləsi olmadığına görə, bizim qanunlarla onların qarşısına sədd çəkilmədiyinə görə neft vəqaz sahəsində təriflərə layiq inkişafa nail olmuşuq. Ölkəmizin əsas gəlirlərini də bu sahə təşkil edir.
Milli Cəbhə Partiyası biznesin bütün sahələrinə neft və qaz sahəsində olan yanaşmanın tətbiqini zəruri sayır. Məmurlar öz bizneslərinə yandırdıqları canın yarısını kənar sahibkarlara yandırsalar, ölkəmiz cənnətə dönər. Məmur sahibkarın pulunu saymalı deyil, onun pul qazanmasına qısqanc yanaşmalı deyil. Əksinə, sahibkara daha çox pul qazanmaq üçün şərait yaratmalıdır.
Bizim ölkəmizdə də halal yolla rəsmi milyoner və milyarderlər olmalıdır. Pullu adamların çoxu qazancı haram yollarla qazandığına görə də cəmiyyətimizdə pullu insanlara bir nifrət var, qıcıq var.
Milli Cəbhə Partiyası elə bir mühit üçün çalışır ki, sahibkar pulunun miqdarını deməkdən, evini-eşiyini, yaxtasını, təyyarəsini və digər əmlaklarını nümayiş etdirməkdən çəkinməsin. Çəkinməsin ki, sabah tutub əlindən alıb ölkədən didərgin salacaqlar. Iş adamı da bilməlidir ki, məmurla qurulan biznes bir gün çökəcək!"
Söyüş partiyası deyilik
Partiyanın siyasi fəaliyyətinə toxunan MCP sədri bildirib ki, biz söyüş partiyası deyilik:
"Milli Cəbhə Partiyası sosial şəbəkələrdə geniş vüsət alan qarayaxma, aşağılama və təhqirlərə qarşıdır və bizim partiyamız bu cür proseslərin iştirakçısı deyildir. Söyüş və təhqir yolverilməzdir və onun bütün təzahürlərini şiddətlə qınayır və pisləyirik.
Milli Cəbhə Partiyası tənqid edir, amma təhqir etmir. Bu hər zaman da belə olacaq. Söyüş, təhqir zəiflik əlamətidir.
Şahidlik etmişəm ki, söyüş söyən, təhqir yazan və monitor qarşısında özünü Robin Qud hiss edənlər, təhqir etdikləri şəxslərlə üz-üzə gələndə toyuğa dönüblər.
Ölkəmizdə siyasi mədəniyyətin və kübar cəmiyyətin formalaşması üçün Milli Cəbhə Partiyası hər şeyi edir və etməyə hazırdır".
Sonra şöbə sədrləri çıxış edərək fəaliyyətləri ilə bağlı hesabat verib, partiya rəhbərliyinə suallar, təkliflər veriblər.
Daha sonra iclas qarşılıqlı dialoq, müzakirə formasında davam edib.
Nigar
Cebhe.info