Ağasif Şakiroğlu: “İlqar Məmmədov Fransa səfirliyinin tapşırıqlarını icra edirdi”

“Qanuna qarşı çıxan AXCP, Müsavat, ReAL bir ay sonra bir-birini qeydiyyata alındıqları üçün təbrik edirdilər”
Ölkə gündəminin əsas mövzusu Qarabağda gedən proseslərdir. Xüsusilə də 19-20 sentyabrda Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarının nəticələri, ermənilərin Qarabağdan köçməsi, o cümlədən separatçıların silahları təhvil verməsi əsas müzakirə mövzusudur. Onu da qeyd edək ki, 27 sentyabrda Vətən müharibəsinin başlamasının 3 ili tamam oldu.
Bütün bunlar və digər məsələlərlə bağlı “Cümhuriyət” qəzetinin suallarını Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu cavablandırıb.
-Ağasif bəy, 27 sentyabr Anım Günü olaraq qeyd olunur. Bu gün 2020-ci ilin 27 sentyabrında başladılan və 44 gün davam edən Vətən müharibəsinin başlandığı tarixdir. Əvvəlcə 27 sentyabr-Anım Günü ilə bağlı fikirlərinizi almaq istəyirdim...
-Azərbaycanın müasir tarixində şanlı səhifə açmış bütün şəhidlərimiz, sağlamlığından keçmiş qazilərimizin hər biri fəxrimizdir. Bu millət generalını şəhid vermiş millətdir. Bu millətin kabinetində oturmayıb əsgərləri ilə birgə bu vətənin bütövlüyü üçün döyüşən polkovnikləri, generalları var. Bunlar olduqca qürurvericidir.
Studiyada, redaksiyda oturub danışmaq asandır. 30 ilə yaxın işğal müddətində heç bir danışıqlar, beynəlxalq hüquq problemi həll etmədi və nəticədə Azərbaycan Ordusu dövriyyəyə girdi. Azərbaycan Ordusu öz əraziləri üzərində suverenliyi təmin etdi.
Gələcək nəsillərin kitablardan oxuyacağı şərəfli tarixdir. Biz də fəxr etməliyik ki, bu şərəfli tarixi yaşamışıq. Şəhidlərə Allah rəhmət eləsin, qazilərimizə şəfa verisin, şəhid ailələrinə də səbr arzu edirəm və hər birinin qarşısında baş əyirəm.
Hesab edirəm ki, 30 il sonra 27 sentyabrda Azərbaycan Ordusu əməliyyatlara stard verərək dövlət, xalq olaraq iqtidarlı, müxalifətli hər kəs milli birliyi, həmrəyliyini ortaya qoymuş oldu. 27 sentyabr təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan savaş deyildi, həm də ölkədə milli birliyin, həmrəyliyin, vəhdətin təməli oldu.
-Milli birlik, vahid mövqe məsələsinə toxundunuz, amma müharibə dönəmində bu birliyi pozmağa çalışanlar da var idi. Xüsusilə də ictimai-siyasi sektorda təmsil olunan bəzi şəxslər bu məsələdə aktivlik göstərirdi. Onların məqsədi nə idi? Nəyə nail olmaq istəyirdilər?
-Düşünürəm ki, belə məsələlərdə konkret adlar çəkilməlidir. AXCP, Müsavat Partiyası və ReAL Partiyası özlərinin edə bilməyəcəyini başqa bir siyasi qüvvənin etməsini həzm edə bilmirdi. Burada bir siyasi eqo, qısqanclıq var idi.
Amma bu torpaqlar iqtidarda təmsil olunan Yeni Azərbaycan Partiyasının deyil. İşğal altında saxlanılan, 1 milyon insanımızın didərgin düşdüyü ərazilər Azərbaycanın torpaqlarıdır. Bu məsələnin heç bir siyasi qüvvə üçün fərqi olmamalıdır. Vətən, millət məsələlərində oyunbazlıq etmək lazım deyil.
Həmin zaman milli birlik, həmrəylik zamanı idi. Ordunun da içində müxtəlif əqidəli insanlar var amma Vətən məsələsində bütün hərbçilər bütün əqidələri kənara qoyur və Vətən torpağı üçün savaşır. Belə bir məqamda siyasi qüvvələr də dəstək almaq istəyir. Bu, mənəvi məsələdir.
Çox təəssüf ki, 2020-ci 27 sentyabrdan başlayan Vətən müharibəsində də, sonrakı dövrlərdə və son olaraq bu ilin 19-20 sentyabrında milli birliyi pozmağa çalışan siyasi qüvvələr oldu. Onlardan biri də ReAL Partiyasıdır ki, onun da sədri İlqar Məmmədov Fransanın Azərbaycandakı səfirliyinin tapşırıqlarını icra edirdi. İlqar Məmmədova sual vermək lazımdır ki, sentyabr ayında nə üçün Fransa səfirliyini gedib- gəlirdi və milliyi pozmağa çalışırdı?
-Xatırlatma üçün qeyd edim ki, adıçəkilən hər 3 partiya ayrı-ayrılıqda bəyanat verdilər, amma 23 partiyanın imzaladığı dəstək bəyanatına qoşulmadılar...
-Arxadan atılan daş topuğa dəyər. Vahid mövqe odur ki, insanlar ayrı-ayrılıqda fikir bildirmir. Azərbaycanın siyasi qüvvələri adından bəyanat qəbul edilirsə, bu, ayrı-ayrı ola bilməz. Belə olanda bəyanatın mahiyyəti itir. 2020-ci ildə Şuşa qalası alınana qədər bu siyasi qüvvələr susqunluq nümayiş etdirdilər.
Cənab Prezident İlham Əliyev Şəhidlər xiyabanından Şuşanın azad edildiyi xəbərini verəndən sonra AXCP və Müsavat bəyanat vermək məcburiyyətində qaldı. O bəyanat artıq daş-qalaq olmaqdan xilas olmaq üçün idi. Son 19-20 sentyabr hadisələrində də 23 partiya birgə bəyanat verdi, bunlar isə ayrı-ayrılıqda bəyanat verəcəklərini bildirdilər. Bununla nəyə nail olmaq istəyirdilər? Açıq şəkilə görünür ki, məqsəd həmin o birliyi pozmaqdır. Bu da şiddətlə qınanmalıdır.
Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, heç bir cəbhəçi, müsavatçı və ReAL Partiyasının siravi üzvü mənim tənqidlərimi öz adlarına qəbul etməsin. AXCP-də, Müsavat Partiyasında, ReAL Partiyasında bu vətəni, milləti sevən çox sayda insanlar var. Burada tənqid hədəfi bu partiyaların rəhbərliyində təmsil olunanlardır. Problem lider problemidir. Müsavat Partiyasının böyük tarixi var, AXCP Xalq Hərəkatının yaradan partiyadır.
O zaman AXCP-yə Əbülfəz Elçibəy rəhbərlik edirdi. O Əbülfəz Elçibəy ki, vətəndaş müharibəsi olmasın deyə könüllü olaraq iqtidardan imtina etdi. Amma bu gün AXCP-yə rəhbərlik edənlər iqtidar olmaq üçün dövlətin maraqlarını satmağa hazır olan şəxslərdir.
-Qayıdaq Qarabağ məsələsinə... 19-20 sentyabrda Azərbaycan lokal antiterror əməliyyatı keçirdi və Qarabağda bütün əraziləri nəzarət altına aldı. Bu prosesin gedişatını necə qiymətləndirirsiz? Gözləntiləriniz nələrdir?
-Artıq ermənilər Qarabağdan çıxır, silah-sursatlar təhvil verilir, Ağdərə, Xocalı, Xankəndi Azərbaycan Ordusunun nəzarətinə keçir. Yaxın günlərdə hesab edirəm ki, sülh sazişinin imzalanması ehtimalı var.
-Sözlərinizdən belə anlaşılır ki, oktyabrda İspaniyanın Qranda şəhərində Azərbaycan və Ermənistanın liderlərinin görüşündə sülhlə bağlı hər hansı formada bir razılaşma əldə olunacaq...
-Düşünürəm ki, ilk sənəd kimi bir razılaşma qəbul olunacaq. İlin sonuna kimi isə mütləq sülh sazişi imzalanacaq. Eyni zamanda, Qarabağ iqtisadi zonasında yaşayan və Azərbaycana qarşı silah işlətməmiş erməni vətəndaşlarımıza da vəsiqə veriləcək və bütün dövlət qurumlarını yerli nümayəndəlikləri açılacaq və cənab Prezidentin təyin etdiyi nümayəndə o ərazilərə rəhbərlik edəcək.
-Ağasif bəy, son olaraq siyasi fəaliyyətin “Siyasi partiyalar haqqında” Qanuna uyğunlaşdırılması prosesindən soruşmaq istəyirdim. Ədliyyə Nazirliyi sizin də rəhbəri olduğunuzu Gələcək Azərbaycan Partiyasının təkrar qeydiyyatını təsdiqlədi. Proses necə keçdi?
-Birinci mərhələdə reyestr üçün təqdim etdiyimiz üzv siyahısında müəyyən texniki qüsurlar var idi. Sonradan bir o qüsürları aradan qaldırdıq və növbəti dəfə reyestr üçün Ədliyyə Nazirliyinə təqdim etdik. İkinci mərhələdə 5 min 800 üzvümüz təsdiqləndi və Gələcək Azərbaycan Partiyasının qeydiyyatı saxlanıldı. Ədliyyə Nazirliyi prosesi çox şəffaf apardı, hər bir üzvümüzlə bağlı ayrı-ayrılıqda məlumatları bizə təqdim etdi. Ədliyyə Nazirliyi ölkədə ədalətli təmin edən qurumdur, sənədlərin düz olandan sonra niyə ədalətsizlik etsin?
Cığal xarakterli insanlar hər məsələdə narazılıq yaradırlar. Qanun təzə müzakirəyə çıxarılanda AXCP, Müsavat Partiyası və ReAL Partiyası deyirdi ki, bu qanun bizə qarşıdır. Nə oldu? Hər üçün də qeydiyyat alındı. İnsan işlətdiyi ifadənin dəyərini bilməlidir. Bu partiyalar 1 ay dedilər ki, bu qanun bizə qarşıdır, bir ay sonra isə bir-birini qeydiyyata alındıqları üçün təbrik edirdilər. Yaşam tərzləri kimi siyasi mübarizələri də absurddur.
-“Siyasi partiyalar haqqında” Qanun partiyalara nə verdi?
-Zəif partiyalar özlərini ləğv etməklə bağlı bəyanat verdilər. Ölkənin siyasi vitrini yeniləndi, siyasi partiyalarda canlama baş verdi. Özünü buraxmış partiya rəhbərləri indi QHT sektorunda səmərəli işlər görürlər, ekspert kimi mətbuatda çıxış edirlər.
Vətənə xidmət üçün partiya sədri olmaq vacib deyil. Bütün sahələrdə sağlam fəaliyyət göstərərək vətənə xidmət etmək mümkündür. Bir daha bu qanunun ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Belə bir qanunla siyasi partiyalar sanki yenidən yarandı, dirçəlmə mərhələsinə qədəm qoydu.
Vilayət Muxtar
Cebhe.info