Akif Nağı: “AXCP, Müsavat, ReAL kimi və nədə ittiham edir?”- MÜSAHİBƏ

Akif Nağı: “AXCP, Müsavat, ReAL kimi və nədə ittiham edir?”- MÜSAHİBƏ

Ölkə gündəminin əsas mövzusu Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror əməliyyatları, separatçıların ağ bayraq qaldıraraq təslim olmaqla bağlı bəyanatları, 21 sentyabrda Yevlaxda Qarabağda yaşayan erməni nümayəndələri ilə görüş və digər məsələlərdir.

Bütün bunlarla bağlı “Cümhuriyət” qəzetinin suallarını Azad Vətən Partiyasının sədri Akif Nağı cavablandırıb.

-Akif bəy, müsahibəyə bu dəfə sondan başlamaq istəyirəm. Separatçılar ağ bayraq qaldırdı, təslim oldu.

Prosesi necə dəyərləndirirsiniz?

-Böyük bir hadisədir, davamlı şəkildə proses aparılır. Biz 30 il ərzində dözdük, gözlədik. Azərbaycan dövləti və rəhbərliyi bütün dünya qarşısında öz öhtəliklərini yerinə yetirdi. Xalqımız da dözüm göstərdi. Nəhayət, zaman gəldi çıxdı və İkinci Qarabağ müharibəsindən başlayan proses bu gün də davamlı olar aparılır. 44 günlük Vətən müharibəsindən sonrakı 3 il ərzində də müəyyən hadisələr baş verdi. Laçında dəhlizində sərhəd-keçid məntəqəsinin qurulması vacib hadisə idi.

Amma hər kəsin içərisində bir naharatlıq var idi ki, ermənilər özünü məğlub olmuş kimi aparmırlar. Azərbaycan İkinci Qarabağ müharibəsində tam şəkildə gücünü göstərdi, güc hesabına Xankəndinə girə bilərdi, amma dayandı ki, çox qan tökülməsin.

“Bunlar normal şəkildə münasibəti başa düşmürlər”

-Yəni Azərbaycan hümanistlik göstərdi...

-Bəli, amma ermənilər bunu başa düşmədi. İndiki hadisələri, antiterror əməliyyatlarının olacağını gözləyirdik. Proseslər o qədər sürətli şəkildə gedir ki, qələbəni həzm etmək də çətinləşir. Yəni sevinirik, gözlədiyimiz an gəlib çatdı, amma hələ tam proseslər bəlli deyil. Yəqin ki, bir neçə günə təhlilər olacaq, məsələlər aydınlaşacaq, o zaman mahiyyəti tam anlayacağıq. Amma hər halda ilkin təəssüratlarımız belədir ki, çox böyük bir hadisədir. Azərbaycan bir daha bütün dünyaya özünü göstərdi. Bütün dünyanın qarşısında göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır, gücündədir.

Bir dövlət olaraq heç kimdən yardım istəmirik. Ermənistan rəhbəri Paşinyan isə xırda bir şey olan kimi hər kəsə zəng edir, yardım istəyir. İkinci Qarabağ müharibəsində də, indi də ABŞ dövlət katibi Blinkenə zəng elədi ki, bizə kömək edin. Paşinyan bununla nə dövlət qurmaq istəyir? Başına bir iş gələn kimi Rusiyanın, ABŞ-ın, Avropanın üstünə qarçırsansa, deməli sənin dövlətin yoxdur. Biz 30 il dözdük, gücümüzü topladıq, heç kimdən yardım istəmədik.

Gün gəldi, zaman yetişdi, Türkiyə ilə əməkdaşlığa bərabərhüquqlu zəmin yarandı. Bir qardaşlıq ittifaqı formalaşdı və hər iki dövlətin xeyrinə olan strateji əməkdaşlıq formalaşdı. Dövlət, dövlətçilik belə olur. Amma Ermənistanda dövlətçilik yoxdur.

-Lokal antiterror tədbirləri başlayandan 24 saat sonra ermənilər ağ bayraq qaldırdı və Azərbaycan şərtləri ilə Yevlaxda görüşməyə hazır olduqlarını bildirdilər. Sonrakı proseslərdən nələr gözləyirsiniz?

-Bir neçə dəfə ermənilər rəsmi Bakının dəvətini qəbul etmədilər. Əvvəl görüş üçün erməni nümayəndələri Bakıya, ardınca Bərdəyə, sonra isə Yevlaxa dəvət edildi, amma hamısından imtina edildi. Deməli, bunlar normal şəkildə münasibəti başa düşmürlər. Çünki ağılları yoxdur. Güya 1 ay bundan qabaq onlar öz güclərini bilmirdilər? Azərbaycanın görüş təklifini qəbul etdilər, bir gün qalmış isə gəlməyəcəklərini bildirdilər.

Deməli, ya ağılları yoxdur, ya da öz ağılları ilə hərəkət etmirlər. Amma antiterror əməliyyatından sonra görüşməyi özləri təklif etdi və Yevlaxda görüş baş tutdu. Çünki Azərbaycan separatçıların bütün hərbi obyektlərini, mövqelərini məhv etdi. Bu da o deməkdir ki, bütün ərazi artıq Azərbaycan hərbçilərinin nəzarintədir.

-Azərbaycanın şərtlərindn biri də qondarma rejimin özünü buraxması ilə bağlıdır. Antiterror əməliyyatları göstərdi ki, Azərbaycan bunu öz gücü hesabına qısa zamanda həll edə bilər. Sizin gözləntiniz nədir? Separatçı rejim özün buraxacaqmı?

“Xankəndi Azərbaycanın idarəetməsinə keçməlidir”

-Gedişat onu göstərir ki, separatçı rejim ləğv olunacaq. Çünki Azərbaycan öz gücünü göstərdi. Azərbaycan heç bir halda güzəştə getməməlidir. “Vaxt qazanaq, bir aya qondarma hökuməti buraxarıq” kimi bəhanələrə konkret imkan verilməməlidir. Onlara 1 gün belə vaxt vermək olmaz. Azərbaycan konkret mövqeyini ortaya qoymalı və onlar da təcili bütün şərtlərə əməl etməlidir. Xankəndi Azərbaycanın idarəetməsinə keçməli və ora nümayəndəni Prezident İlham Əliyev təyin etməlidir.

Onsuz da Azərbaycan bunu güc yolu ilə edə bilir, amma indi onlar danışmaq istədilər, öhdəliklərini də yerinə yetirməlidirlər. Əslində bu, bir növ danışıq deyil, sadəcə olaraq, ermənilər Azərbaycanın şərtlərini qəbul etməlidir, kapitulyasiya aktına qol çəkməlidir. Onlar tərəf deyillər, sadəcə nümayəndədirlər. Erməni nümayəndələrlə əldə olunan razılığı Ermənistanın Baş naziri Nikol Paşinyan da imzalamalıdır. Çünki müharibənin tərəfi Ermənistandır.

-Qarabağdakı erməni silahlılar Azərbaycana təhvil veriləcəkmi?

-Əsas məqamlardan biri də odur ki, Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirdiyi bölmələrinin hər bir silahlı hərbçisi Azərbaycana təhvil verilməlidir. Deyilən rəqəmlərə görə, onlar 10 min civarındadır, onlar siyahı üzrə Azərbaycana təhvil verilməlidirlər. Sülhməramlıların müşayiəti ilə Ermənistana getmələrinə imkan verilməməlidir. Onlar terror fəaliyyəti ilə məşğul olublar və Azərbaycan qanunlarına uyğun cəzalandırılmalıdırlar. Digər tərəfdən, Ermənistan rəsmi qaydada bildirməlidir ki, Qarabağda heç bir qurum yoxdur və belə bir iddiaları olmayacaq. Heç icma nümayəndələri belə olmamalıdır, Azərbaycan kimi təyin edəcəksə, rəsmi şəxs o olacaq.

“Sülhməramlılar Qarabağdan daha tez çıxa bilərlər”

-Bütün bunlar baş verərsə, yəni 10 noyabr Bəyanatının 4-cü bəndi tam icra olunandan sonra Rusiya sülhməramlarının Qarabağda qalmasına ehtiyac da qalmır. Necə düşünürsüz, Rusiya sülhməramlıları da Qarabağdan gedəcəkmi?

-Bu, Rusiyanın yaralı yeridir. Rusiyada köhnə imperiya əhval-ruhiyyəsi qalır, Putin də onun ifadəçisidir. Yeni çağırışların heç birinə reaksiya vermək istəmirlər. Bu gün Rusiya rəhbərliyinin mövqeyi Şimali Koreya rəhbərlərinin mövqeyindən fərqlənmir. Rusiya mövqeyini dəyişmir, regiondan çıxmaq istəmədiyini deyir. Putin də, Peskov da, Zaxarova da hər dəfə bunu deyir. Əslində isə Putin başa düşməlidir ki, Cənubi Qafqazan çıxmalıdır.

Hazırda da bu proses gedir, Rusiya isə Qafqazdan xoş iz qoyaraq çıxmalıdır. Hazırda Azərbaycana və Türkiyəyə qarşı loyallıq göstərirlər, ola bilər ki, heç bir şərt qoymadan Rusiya ordusunu da götürüb çıxacaq. Ola bilər ki, bunun qarşılığında Türkiyədən Suriya məsələsində nəsə istəyəcək. Bu, məntiqəuyğun olardı, amma Qafqazda qalım deməsi doğru deyil. Rusiyanın hər hansı bir formada bölgədə qalmasına Azərbaycan heç bir halda razı olmayacaq. Düşünürəm ki, ən gec 2025-ci ildə Rusiya sülhməramlıları Qarabağdan çıxacaq. 2025-ci ildən sonra sülhməramlıların Qarabağda qalmasında heç bir şans yoxdur. Rusiya buna ümid etməməlidir. Amma bu proses daha tez də baş verə bilər.

-Akif bəy, son olaraq partiyaların antiterror əməliyyatına dəstək ifadə edən bəyanatı haqqında soruşmaq istəyirdim. 23 partiyanın imzası ilə dəstək bəyanatı yayıldı. Amma 3 partiya- AXCP, ReAl və Müsavat Partiyası birgə bəyanata qoşulmadı, ayrıca bəyanatla çıxış etdilər. Necə düşünürsüz, bu, vahid mövqeyin, birliyin pozulması deyilmi?

“Bütün müxalifət Əli Kərimliyə nifrət edirdi”

-Əvvəla onu deyim ki, onların bu hərəkətinə münasibətim çox mənfidir. Azərbaycanın 23 partiyası eyni mövqedən çıxış edirsə, bu mövqe müsbətdirsə, siz niyə fərqli mövqedən çıxış edirsiniz? Leninin bolşevik mövqeyi var idi, imperializmə qarşı müharibəsin vətəndaş savaşına çevirmək istəyirdi. Elə də etdilər. İndi siz müharibəni, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı savaşı vətəndaş müharibəsinə çevirmək istəyirsiz?

Deməli, onların niyyəti başqadır, bu da xarici sifarişlərlə bağlıdır. Digər tərəfdən, bunlar özlərini göstərmək istəyirlər ki, güya formalaşmış partiyadırlar, qalanları isə guya sifarişlə hərəkət edirlər. Bunlar özlərinin eqosunu ortaya qoydular. Əli Kərimli 2 dəfə deputat seçilib, bütün müxalifət də ona nifrət edirdi. Müsavat Partiyası da mandat alıb. ReAl Partiyası da hazırda parlamentdə təmsil olunur. Siz kimi nədə ittiham edirsiz? Bir partiya kimi AXCP-nin nə ideologiyası, nə də işlək strukturları var. ReAl Partiyası dərnək kimi bir şeydir. 5-6 intellektual adam yığışıb orda partiya yaradıblar.

Onlar araşdırma mərkəzi yaratmalıdırlar, çünki partiya kimi tələblərə cavab vermirlər. Müsavat Partiyası köklü bir partiyadır, ideologiyası, strukturları var, hazırda isə gücü yoxdur, zəifləyib. Bunun da obyektiv və subyektiv səbəbləri var. Onlara bir sözüm yoxdur, amma heç kim özünü çəkib yuxarı başa qoymasın. Tək-tək bəyanat verirlər ki, müdafiə edirik, niyə birlikdə bəyanat vermirsiniz? Müharibə üçün ən vacib məsələ birlikdir, cəmiyyət vahid olmalıdır. Bunu pozmaqla ermənilərə xidmət etmiş olurlar. Ona görə də bu məsələləri hər kəs nəzərə almalıdır. Milli maraqlarda pozuculuq etmək yolverilməzdir.

Vilayət Muxtar
Cebhe.info