Arzuxan Əlizadə: “Əli Kərimli onların səviyyəsinə düşüb…” MÜSAHİBƏ
Ölkənin siyasi gündəmi kifayət qədər zəngindir.
Qarabağda baş verənlər, separatçılarının liderlərinin həbsi, Azərbaycanın Qranada görüşündən imtinası və digər məsələlər günün əsas müzakirə mövzularıdır.
“Cümhuriyət” qəzetinin suallarını Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə cavablandırıb.
-Arzuxan bəy, öncə Qarabağda son baş verənlərlə bağlı fikirlərinizi almaq istəyirdim. Prosesləri necə dəyərləndirirsiniz?
-Regionda çox ciddi proseslər gedir. Qarabağda son baş verən proseslər sözün həqiqi mənasında qürurvericidir. Biz həqiqətən də tarixi günləri yaşayırıq. 30 il ərzində çəkdiyimiz əzab-əziyyətlərə demək olar ki, son qoyuldu. Azərbaycan 2020-ci ilin 27 sentyabrında başladığı İkinci Qarabağ savaşında əldə etdiyi qələbəyə daha birini əlavə edib. İkinci Qarabağ müharibəsində torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etmişdik, ozamankı reallıqlar nəzərə alınmaqla 10 noyabr Bəyanatı imzalanmışdı.
Həmin bəyanata görə də Rusiya hərbi kontingenti 5 il müddətində sülhməramlı missiya yerinə yetirmək şərti ilə müəyyən bir ərazini öz məsuliyyət dairəsi elan etmişdi. O zaman da bununla bağlı müxtəlif fikirlər var idi ki, Azərbaycan niyə dayandı, Xankəndini niyə işğaldan azad etmədi?
Amma Azərbaycan çox düzgün addım ataraq, o zamankı reallıqları da nəzərə aldı, hədəfə doğru yavaş-yavaş irəlilədi. 10 noyabr Bəyanatını imzalamaqla 3 rayonu müharibəsiz aldı. Doğrudur, o rayonların da işğaldan azad edilməsinə gedən yolda şəhidlər verdik, qazilərimiz oldu.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlamlıq arzu edirik, onların sayəsində bu gün başımızı dik tuturuq. Azərbaycan bu gün regionun əsas güc və söz sahibi, şərtləri diqtə edən tərəfdir.
Müharibəyə qədər Azərbaycana müxtəlif həll yolları-ATƏT-in Minsk Qrupu, 5+2, Madrid prinsipləri və digər təkliflər verilirdi. Amma bütün bunlar prosesin uzanmasından başqa heç bir nəticə vermədi. Azərbaycan səbr göstərdi, gücləndi, özünü toparladı, BMT-nin 4 qətnaməsini özü icra etdi.
Bütün dünyaya nümayiş etdirdi ki, separatizmə kənar dəstək olmadan belə son vermək mümkündür. Azərbaycan həm torpaqlarını işğaldan azad etdi, həm bütövlükdə ərazilərinə nəzarəti bərpa etdi, həm də ərazisində separatizmə, terroçuluğa son qoydu. Eyni zamanda da dünyaya nümunə göstərmiş olduq. Çünki postsovet məkanında 4 belə ocaq var idi və aydındır ki, onlarında səbəbkarı Rusiyadır.
Rusiya Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanın Qarabağ bölgəsində separatçı rejimlər yaratmışdı. Rusiyanın Qarabağ məsələsində iştirakına dolayısı ilə iştirak da deyə bilərik, amma unutmamalıyıq ki, separatçı rejimi yaradan, onu ayaqda saxlayan elə Rusiya idi, eyni zamanda Xocalı soyqırımı, 20 Yanvar faciəsini də unutmuruq.
Bütün bunların nəticəsində 19-20 sentyabrda bütövlükdə separatçı rejimi və onun 10 minlik ordusuna ağ bayraq qaldırmağa məcbur etdik. 44 günlük müharibədə qazandığımız qələbədən sonra artıq şərtləri biz diqtə edirik, son hadisələrdən sonra da Azərbaycan əli güclü olan tərəfdir. Artıq bütün dünya bizim təklif etdiyimiz şərtlərin bölgədə sülh yaratmaq marağında olduğunu görür.
30 il ərzində çox acı təcrübə yaşamışıq. Bunu hər dəfə xatırlatmaq lazımdır ki, 30 il ərzində Qarabağın işğalda qalmasının əsas ssenari müəllifi ATƏT-in Minsk Qrupu olub. Həmsədrlərin cinayətkarcasına fəaliyyətsizliyinin məqsədi də məhz Azərbaycan torpaqlarının zamanı yetişdiyində Ermənistana verilməsi olub.
- Azərbaycan 5 oktyabrda İspaniyanın Qranada şəhərində keçirilməsi nəzərdə tutulan beşli formatda görüşdən imtina etdi. Səbəb kimi də haqlı olaraq anti-Azərbaycan mühitinin olmasını göstərdi. Eyni zamanda, Azərbaycanın görüşdə Türkiyənin iştirakına təkid etdiyi də açıqlanıb. Bu haqda düşüncələrinizi almaq istəyirdim...
-Bir neçə gün əvvəldən dünya və eləcə də Ermənistan KİV-ində tirajlanırdı ki, Avropa İttifaqının rəhbəri Şarl Mişel çox ciddi şəkildə beşli formatda görüşün baş tutmasına çalışır. Hətta görüşlə bağlı razılığın əldə olunması ilə bağlı fikirlər var idi. Amma elə keçən günlərdə də mətbuata bu görüşün hələ ehtimal olduğunu demişdim.
Artıq Azərbaycan rəsmi mövqeyini açıqladı və mən də gözləyirdim ki, belə formatda görüş baş tutmayacaq. Çünki Azərbaycan və Türkiyə Prezidentlərinin tək mövqeyi var idi ki, əgər danışıqlar olacaqsa, 2+2 formatında olmalıdır. İstənilən halda Türkiyə bu prosesdə iştirak etməlidir. Çünki qardaş Türkiyə bütün proseslərdə Azərbaycanın yanında olub və danışıqlarda iştirak etmək də haqqıdır.
Eyni zamanda, Türkiyə NATO-nun ən böyük hərbi güclərindən biridir. Heç bir Avropa ölkəsi hərbi güc baxımından Türkiyə ilə müqayisə edilə bilməz. Türkiyə siyasi baxımdan böyük gücə sahibdir, təkcə regionda deyil, bütövlükdə dünyada söz sahibinə çevrilib. Azərbaycan da regionun əsas gücüdür. Ona görə də Azərbaycan və Türkiyənin mövqeyi nəzərə alınmadan bölgədə sülhə nail olmaq mümkün deyil.
Türkiyənin prosesdə iştirakı ilə bağlı tələb olduqca yerindədir. Biz necə ki, hərbi ədaləti bərpa etmişik, eyni zamanda beynəlxalq hüquq çərçivəsində öz hüquqlarımızı da bərpa etməyə davam edirik. Biz həm də dünyaya göstəririk ki, bölgədə sülh istəyən tərəfik.
Ermənistan bu regionda mövcudluğunu qoruyub saxlamaq, çökmüş iqtisadiyyatını ayağa qaldırmaq, Rusiya və Qərbin vassallığından xilas olmaq istəyirsə, ilk növbədə regionun əsas gücləri olan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır. Yalnız bundan sonra bölgəyə sülh gələ bilər. Yəni sülh sazişi hazırda Azərbaycandan daha çox Ermənistana lazımdır.
-Artıq Qarabağ münaqişəsi həll olunub, 19-20 sentyabrda da Azərbaycan yekun nöqtəni qoydu. Belə bir məqamda Azərbaycan postmüharibə dövründə sülh sazişi üçün təklif etdiyi 5 baza şərtinin 4-nü yenidən özü icra etmiş oldu. Yalnız 1 şərt qalıb ki, bu da tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlıdır. Belə bir vəziyyətdə beşli formatda görüşə nə ehtiyac var?
-Xatırlayırsızsa, Praqada beşli formatda görüş keçirilmişdi. Fransa Prezidenti həmin görüşdə vasitəçi kimi iştirak etmək istədi və Azərbaycan da buna etiraz etmədi. Almaniyanın da iştirakına razılıq verildi, amma sonradan almanlar fərqi mövqdən çıxış etdilər. Avropada Fransa və Almaniya arasında birincilik uğrunda mübarizə gedir. Onlar mübarizələrini Avropa məkanında aparsınlar, Azərbaycan bu məsələdə heç kimə poliqon ola bilməz. Fransanın mövqeyi ilə 30 ildir bəllidir, son günlər isə Azərbaycana qarşı daha da aqressivləşib.
Fransa birmənalı şəkildə tərəfdir. Azərbaycanın bu formatda görüşdən çox doğru olaraq imtina etdi. Bəzən müxalif cameədən deyirlər ki, müxalifət partiyasının rəhbəridir, Prezidentə dəstək verir.
Amma son zamanlar baş verən hadisələr, əldə olunan hərbi, diplomatik qələbələr fonunda Prezident İlham Əliyevə dəstək verməmək mümkün deyil. Bizim 30 il ərzində xəyal etdiklərimiz bu gün reallığa çevrilib. Qondarma rejimin 3 “prezidenti” Azərbaycanın paytaxtına qolları qandallı gətirilib.
-Çox yaxşı məqama toxundunuz, onlarla bağlı gedən proseslərlə bağlı nə düşünürsüz? Proses müxalif partiya sədri olaraq sizi qane edirmi?
-Təbii ki, qane edir. Çox möhtəşəm günlər yaşayırıq. Bu günləri bizə yaşadan Ali Baş Komandan başda olmaqla, Azərbaycan Ordusuna minnətdarlığımız var. Şəhidlərimiz oldu, Allah bütün şəhidlərimizə rəhmət eləsin.
-Arzuxan bəy, çıxışınızda radikal müxalifətə bir etiraz sezildi... AXCP, Müsavat Partiyası və ReAL Partiyası sizin də imzaladığınız dəstək bəyanatına qoşulmamışdı, eyni zamanda son çıxışlarında “əsil müxalifət bizik” tezisini tez-tez dilə gətirirlər... Buna da münasibət bildirməyinizi istəyirdim.
-Milli Şura deyilən bir təşkilat, təbii ki, bu da təkcə AXCP-dən ibarətdir, Azərbaycan müstəqil əldə edəndən sonra hakimiyyətə gəlməkdən daha çox müxalifətdə birincilik uğrunda mübarizə aparıblar. Müxalifətdə olan digər təşkilatları qaralamaqla, özlərini radikal göstərməklə, güya fərqli mövqe ortaya qoymaqla mübariz aparıblar.
Amma artıq cəmiyyətdə bu sis pərdəsi çəkilib və kimin kim olduğu aydın görünür. Xüsusilə də son hadisələrdən sonra bu adamların iç üzü ortaya çıxıb. Onlar elə təqdim edirdilər ki, güya bunlardan başqa müxalifət yoxdur, dövlət və hakimiyyət anlayışlarını bərabərləşdiriblər. Elə bilirlər ki, hakimiyyəti söymək müxalifətçilik etməkdir.
Hakimiyyətin yaxşısına da, pisinə də pis deməklə müxalifətçilik edirlər. Daxildə problemlər var, biz də bunu bütün platformalarda deyirik və həllinə nail olmağa çalışırıq. Amma Qarabağ məsələsində 30 il əvvəlki mövqeyimiz nədirsə, indi də o mövqedəyik, gələcəkdə də bu mövqeyimizdə qalacağıq.
Dövlət və milli maraqlar olan yerdə digər partiya, siyasi, şəxsi maraqlar arxa plana keçməlidir. Amma təəssüflər olsun ki, bu cameədə olanların böyük hissəsi bu məsələdə fərqli mövqe nümayiş etdirir. Avropada oturub özünü bloqer adlandıranlar güya hesablama aparırlar ki, biz 44 günə 3 min şəhid vermişik, günə 68 şəhid düşür, 1 günlük hərbi əməliyyatda isə 192 şəhid verdik, deməli hərbi əməliyyatlarda nələrisə düzgün etməyiblər.
Onların burdakı liderləri də eyni tezislə çıxış edirlər. Deməli, o tezisləri buradan göndərirlər. Söyüş söyən bir kəsim də var, onlar da özlərinə AXCP sədrini lider elan ediblər. O zaman da demişdim ki, Əli Kərimli özünü onların lideri kimi görürsə, deməli, elə onların səviyyəsinə düşüb. Əgər elə deyilsə, açıq şəkildə bəyan etsin ki, mən onların lideri deyiləm.
“Hakimiyyəti, kiminsə ailəsini söyməklə özlərini müxalifət adlandırırlar, bu mübarizə üsulu Azərbaycan mentalitetinə uyğun deyil və mən sizin lideriniz deyiləm” kimi bir söz deyilməli idi, amma deyilməyib. İndi də təlqin etməyə çalışırlar ki, 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycanın uğuru deyil, Qərbin dəstəyi nəticəsində əldə olunub.
Tamamilə absurd, xəstə təxəyyülün məhsulu olan fikirdir. Bu, onun göstəricisidir ki, onların əlləri dəstək verdikləri “demokratik” güclərin siyasilərinin cibindədir. Bunun başqa anlamı yoxdur.
Vilayət Muxtar
Cebhe.info