"Bakıya gələn qonaq burada xəstələnəndə də rayondan göndəriş istəyirlər" – MÜSAHİBƏ

Ölkədə səhiyyə sisteminin inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilməsinə baxmayaraq bu sahədə bir çox problemlər indi də özünü büruzə verir.
Həmin problemləri isə hər hansı bir xəstəxanaya getdikdə vətəndaşların burada yaşadığı çətinliklərdən görmək olar. Bunun üçün isə müvafiq qurumlar tərəfindən kiçik bir monitorinq keçirməsi kifayətdir.
Bu gün görünən mənzərə odur ki, xəstəxanalara müraciət edən vətəndaşlar uzun müddət növbələrdə gözləməli, sonra isə burada həkim, yaxud tibbi cihazlar olmadığından digər xəstəxanalara üz tutmalı olurlar.
Hazırda ölkənin səhiyyə sistemindəki mövcud vəziyyətlə bağlı suallarımızı Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, “İstanbul” klinikasının direktoru, radioloq Aydın Əliyev cavablandırıb:
“Cebhe.info” onunla olan müsahibəni təqdim edir:
- Bu gün ölkədə tibbi xidmətin təşkilini necə qiymətləndirirsiniz?
- Təəssüflər olsun ki, tibb xidmətinin təşkilində, həm kadr çatışmazlığı, həm də maddi-texniki bazanın gücləndirilməsi baxımından ciddi qüsurlar var. Biz aidiyyəti qurumlara bu barədə müraciət etdikdə bir neçə təchiz olunmuş klinikanı misal göstərirlər. Ancaq bir neçə klinika ilə milyonlarla əhalinin tibbi xidmətini qarşılamaq çətin məsələdir.
Ona görə də həkimlər çox şikayət edirlər. Hazırda qış mövsümüdür, poliklinikalarda istilik təchizatının zəif olması, avadanlıqların natamam olması, bəzi avadanlıqların olmaması kimi çatışmayan amillər var. Yaxud son vaxtlar kompüter sistemində donmalar olur ki, vətəndaşlar bəzən saatlarla gözləməli olurlar. Bunlar hamısı işin təşkilində olan qüsurlara bağlıdır.
- Hazırda xəstəxanalarda göndəriş sistemi tətbiq olunur. Sizcə, bu işlərin daha da ləngiməsinə, vətəndaşların daha da əziyyət çəkməsinə səbəb olmurmu?
- Göndəriş sisteminin tətbiqi yalnışdır və tam birokratik bir əngəldir. Azərbaycanda “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna görə, hər bir pasientin həkim seçmək, istədiyi həkimə müraciət etmək, onun göstərdiyi xidmətdən yararlanmaq hüququ var.
Bu ölkənin vətəndaşıdırsa, istənilən bir xəstəxanaya müraciət etmək üçün şərait yaradılmalıdır. Bəlkə vətəndaş rayondan Bakıya qonaq gəlib, bir xəstəliyi baş qaldırdı, ancaq xəstədən rayondan göndəriş istəyirlər. Təbii ki, bu absurd bir məsələdir və mütləq şəkildə aradan qaldırılmalıdır ki, vətəndaş istədiyi tibb müəssisəsinə müraciət edə, xidmətdən yararalana bilsin.
Vətəndaşın şəxsiyyət vəsiqəsi var, qeydiyyata alınacaq. İcbari tibbi sığorta üçün vəsait hər bir işləyən vətəndaşın əməkhaqqından çıxılır, işləməyənləri isə dövlət qarşılayır. Ona görə də bu sahədə mövcud süni maneələr aradan qaldırılmalıdır.
- Bu gün bir çox xəstəxanalarda mövcud problemlərdən biri də tibbi cihazların olamamasıdır. Pasient xəstəxanaya müraciət etdikdə onu digər xəstəxanaya yönləndirirlər. Nəticədə xəstə bir neçə gün ərzində xəstəxanalarda vaxt keçirməli olur və bu vəziyyət onun üçün daha da təhlükəli deyilmi?
- Ümumiyyətlə, mən təklif etmişəm ki, ölkədə Radiologiya İnstitutu yaradılmalıdır. Bu həm də diaqnostik təbabətin inkişaf etdirilməsi baxımından əhəmiyyəlidir. Çünki bəzi hallarda yalnış diaqnozlar nəticəsində insanlar yalnış müəlicə alır. Sonra məlum olur ki, burada başqa bir xəstəlik var imiş və müalicə düzgün istiqamətdə getmir.
Bütün bu diaqnostik təbabət ümumi təbabətin böyük bir hissəsidir. Bunu inkişaf etdirmək üçün ölkədə Radiologiya İnstitutu yaradılmaldır və orada bütün radiostik cihazlar, hətta bir neçə növ olmaq etibarilə ayrı-ayrı şöbələr şəklində yaradılmalıdır. Bundan başqa bir mütəxəssisin bütün bunları mükəmməl bilməsi mümkün deyil.
Tibb elmi dərin elmdir və bir həkim bütün ömrü boyu oxusa belə, yenə də bütün tibb sahəsini əhatə edə bilməz. Ona görə də burada ixtisaslaşma getməlidir. Məsələn, baş-beyin Maqnit Rezonans Tomoqrafiyası (MRT) ilə məşğul olan bir mütəxəssis olmalıdır, yaxud boyun MRT-si ilə digər mütəxəssis məşğul olmalıdır. Eləcə də digər, istər ultrasəs müayinə (sonoqrafiya), istər momoqrafiya, və s. olsun.
Yəni həm cihazlar olmalıdır, həm də cihazlarda insan oqranizminin ayrı-ayrı hissələrinin mükəmməl müayinəsi üçün ixtisaslaşmış mütəxəssislər olmalıdır. Lazım gələrsə, onları xaricə göndərib təkmilləşdirmək lazımdır.
Belə bir institut yaradılarsa, diaqnostik təbabətin inkişafına böyük bir təkan olar, həm də vaxtaşırı ölkə əraziisndə çalışan həkimləri də orada təkmilləşməyə cəlb etmək lazımdır. Bizdə indi Həkimləri Təkmilləşdirmə İnstitutu var. O nəzəri fəaliyyət göstərən bir kafedralardır və onların əlində cihaz yoxdur ki, həkimlərə əyani şəkildə xəstə üzərində nəsə göstərib təkmilləşməsinə kömək olsun. Bu da inkişafın qarşısını alır.
- İndi bəzi hallarda xəstələr MRT çəkdirsə də həkim diaqnoz qoya bilmir....
- Müalicə həkiminin MRT-ni oxuması kimi bir öhdəliyi yoxdur. MRT olunan yerdə diaqnostika mütəxəssisi onu oxuyub yazılı protokol verir. Müalicə həkimi o protokola əsasən diaqnozunu dəqiqləşdirib müalicəsini yazır. Yəni müalicə həkiminin MRT-dən bilməyə bilər və bu onun öhdəliyi deyil.
- Bu gün Azərbaycan Tibb Universitetini başa vuran məzunların bilik səviyyəsini necə qiymətləndirirsiniz?
- Universitetinin verdiyi təhsil müasir dünya tibbinə görə qənaətbəxş deyil. Yəni çox geri qalır. Belə ki, bu gün Tibb Universitetinin verdiyi təhsil dünya stadartlarına uyğun gəlmir. Burada çox obyektiv, subyektiv səbəblər var. Ciddi iradə lazmdır ki, o çatışmazlıqlar aradan qaldırılsın. Həm ədəbiyyat baxımından, keçirilən dərslərin keyfiyyəti baxımından, praktiki dərslərin göstərilməsi baxımdan və s.
Yəni bu məsələdə ciddi boşluqlar var və bunlar mütləq şəkildə ardan qaldırılmalıdır. Əgər belə olmasaydı, biz bu gün hansısa xarici ölkədə gedib işləyə bilmirik. Yəni bizdən təzdən imtahan götürürlər, orada ixtisaslaşma keçməliyik. Onların tələblərinə uyğun olaraq səviyyəmizi qaldırmalıyıq ki, orada işləyə bilək. Əgər nə vaxt bizim diplomumuzu maneəsiz olaraq, inkişaf etmiş ölkələrdə qəbul edəcəklərsə, onda deyəcəyik ki, bizim təhsilimiz dünya standartlarına uyğun gəlir. Hələlik uyğun gəlmir.
Nigar Abdullayeva
“Cebhe.info”