"Döyüşə gedəndə..." - Qazi Elməddin Əzizov Suqovuşanın azad edilməsindən danışdı 

"Döyüşə gedəndə..." - Qazi Elməddin Əzizov Suqovuşanın azad edilməsindən danışdı 

Dinimizdə “alın yazısı”, “qismət” kimi anlayışlar mövcuddur.

Məhz taleyinə müharibənin ağrı-acısı ilə böyümək düşən uşaqlar sonradan müharibə iştirakçısına çevrildilər.

Vətən həsrətini qəlbində gəzdirən ailə üzvləri, dostları, məktəb yoldaşlarının yaşadıqları minlərlə azərbaycanlını cəbhəyə könüllü apardı. Onlar vətənin köməyinə yetdi, böyük itkilər bahasına başa gələn qələbənin iştirakçısına çevrildilər.

2020-ci il 27 sentyabr müharibə başladığı gün könüllü şəkildə cəbhəyə getmək üçün müraciət edən Elməddin Əzizovun Cebhe.info-ya müsahibəsini təqdim edirik.

Əzizov Elməddin Habil oğlu 1996-cı ildə Cəlilabad rayonunda Böyük Bəcirəvan kəndində doğulub.

2004-cü ildə həmin kənddə məktəbə başlayan Elməddinin bir qardaşı var. 2015-ci ildə hərbi xidmətə yollanıb. 2016-cı il Aprel döyüşlərində iştirak edərək Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin işğaldan azad edilməsində iştirak edib. Bakıda işləyən Elməddin 2020-ci il Vətən Müharibəsində könüllü cəbhəyə gedənlərdəndir.

- Müharibənin başlanması elan edildi. Necə oldu könüllü olmaq qərarına gəldiniz?

- Qardaşım hərbçi idi, mən də Bakıda işləyirdim, Vətən Müharibəsi başlayanda rayona qayıdıb könüllü getməyim üçün Cəlilabad Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə müraciət etdim. Sentyabrın 29-u döyüşlərə qatıldım və sona qədər döyüşlərdə iştirak etdim.

- İlk olaraq döyüşlərə hansı ərazilərdən başladınız?

- İlk dəfə Tərtər istiqamətində silahlanmışıq və oradan da Suqovuşan istiqamətində döyüşlərində iştirak eləmişik.

- Artıq müharibədən 3 il ötüb. 27 sentyabr müharibənin başlanması günü ölkəmizdə Vətən Müharibəsində həlak olanların anım günüdür. O günləri necə xatırlayırsınız?

- O günləri xatırlamaq istəmirəm. Şəhidlərimizi andıqca danışmaq, o günlərə dönmək mənə pis təsir edir. Amma yaxşı günlərimiz də oldu, yaxşı insanlar tanıdım, gözəl dostlar qazandım. Təəssüf ki, ağrılı günlər də yaşadıq. Bir yerdə çörək yediyimiz dost-qardaşlarımızı itirdik.

- Döyüş yoldaşlarınızdan şəhid olan oldumu?

- Təəssüf ki, oldu. Başqa bir bölgədən gəlirlər və tanımadığın adamlarla bir yerdə Vətən uğrunda döyüşürsən, eyni amala qulluq edirsən, doğmalaşırsan. Mənim üçün onların itkisi çox təsirlidir.

- Azərbaycan Ordusu sizlərin sayəsində qələbə qazandı. Siz hansı ərazilərin azad olunmasında şəxsən iştirak etmisiniz?

- Mən Suqovuşanın işğaldan azad olunmasında iştirak eləmişəm. Ondan sonra bizi daha aşağı təxliyə elədirlər. Orada gözləmə mövqeyində olduq.

- Səhv etmirəmsə, medalla da təltif olunmusunuz.

- Bəli, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşam. Təəssüf ki, hələ də veteranlıq vəsiqəsini almamışam.

- Müharibədə hər şey baş verə bilərdi. Özününzü pis hadisəyə hazırlamışdınız?

- Mən döyüşlərə gedəndə nişanlı idim. Getmədən qabaq nişanlıma gedəcəyimi və bu yolun dönüşünün olmadığını da demişdim. Yəni hazır vəziyyətdə, bütün olacaqları anlayıb, qəbul edərək getmişdim.

- Xanımın buna münasibəti necə oldu?

- Əvvəl reaksiyası yaxşı olmadı. Ona söz verdim ki, salamat qayıdacam. Ondan sonra razı sala bildim. Həm də bilirdi ki, mən bunu könüllü olaraq, özüm seçərək gedirəm. Onsuz da kim nə desə də, yolumdan dönən deyiləm. ümumiyyətlə, bir qardaşım da döyüşdə olduğu üçün heç kim razı deyildi.

- Xanımınıza verdiyiniz sözü tutdunuz?

- Bəli, (gülür) ailə qurmuşuq, övladım da var.

- Deyirsiniz qardaşınız hərbçi idi və ön cəbhədə idi.

- Qardaşım müddətdən artıq xidmət edirdi. Yaralanmışdı, hazırda III qrup Qarabağ müharibəsi əlilidir.

- Qardaşınızın yaralanma xəbərini necə aldınız?

- Mən dediyim kimi, 29 sentyabrda döyüşlərə qatılmışdım. O artıq müharibə başlayan gündən döyüşürdü. Füzuli istiqamətində döyüşlərdə iştirak edib, Hadrutda yaralanmışdı. 4-5 gün sonra bu xəbəri aldım.

- Xəbər sizə necə təsir elədi?

- Ruhdan düşmədim, əksinə onlara nifrətim artdı. Daha da irəli getməyi düşündüm. Dostlar təsəlli elədilər, ürək-dirək veridlər ki, sağdır, həyatdadır. Ondan sonra ovundum.

- Bəs neçə müddətdən sonra görüşdünüz?

- Bizi müharibə bitəndən xeyli müddət sonra tərxis elədilər. Qardaşımla yalnız telefon vasitəsilə danışırdım. O xəstəxanada müalicə alırdı, yaralı idi, elə danışırdıq. Tərxis olduqdan sonra evdə görüşdük.

- Qələbə xəbərini necə aldınız?

- Dostlar təminat üçün aşağı düşmüşdülər. Gecə saat 01 radələrində bilindi ki, qələbə qazanmışıq. Xəbəri bizə bölük komandiri verdi.

Dinlədik, gördük ki, xəbər doğrudur, müharibə dayanıb. Müharibənin bitdiyinə çox sevinirdik ki, bundan sonra kimisə itirməyəcəyik.

Günay Şahmar
Cebhe.info