Güneyli siyasi şərhçi: " İran rejimi son nəfəsini verir”-MÜSAHİBƏ

Güneyli siyasi şərhçi: " İran rejimi son nəfəsini verir”-MÜSAHİBƏ

Aylardır ki, İranda əxlaq polisinin Məhsa Əmininin ölümü ilə başlayan azadlıq etirazları davam edir.

Fərqli çalarlarda baş tutan aksiyalarda insanların mübarizəsi hər gün yenilənir. İranın ənənəvi cəza tədbiri olan edamdan qorxmayan vətəndaşlar küçələrə daha da geniş şəkildə axın edir, İran rejimini "ayaq üstə" saxlayan mollaları daş- qalaq etməkdən də çəkinmirlər. İqtisadi çöküşü, insanların aclıqdan zibillikdən yemək axtardığını, küçələrdə diləndiyi kardlarını görmək isə ürəkağrıdıcıdır. Baş verənlər İranın parçalanması, rejimin çökməsini şərtləndirsə də, hakimiyyət hələlik əliyalın insanlarla "döyüşünü" davam etdirməkdə, onları kütləvi edam etməklə hadisələrin qarşısını almağa inamlıdır.

İranda indiki durum və baş verənlərlə bağlı siyasi şərhçi Məhsa Mehdili Cebhe.info-nun suallarını cavablandırıb:

- Məhsa xanım, İranda hazırda vəziyyət necədir? Azadlıq etirazları sanki əvvəlki kimi deyil, fəallıqlar səngiyib?

- Hazırda İranda etirazlar davam edir. Bir az toplum arasında edamlar olandan sonra insanların arasında qorxu başlayıb. Çünki edam çox yaralayıcıdır və dövlətin əli ilə qətl edilməkdir. İran xüsusən də 1979- cu il inqilabından sonra, tarixi yaşanmış hadisə ilə xalq edamlardan çox yara alıb. Toplu edamlar çox olur. Edam öncəsi xanımlara təcavüz edilir, sonra edam olunurdular. Aylarla insanlar öz uşaqlarından xəbər ala bilmir. Ona görə toplumun tarixi hafizəsində bunun çox yaralayıcı yeri var. Bunu da unutmayaq ki, rejimin tutumu, yəni hakimiyyətin insanların etirazlarına qulaq asması, "dövlət ağlı" ilə hərəkət eləməsi yerinə, bu cür zorla, hədə, qətllə hərəkət eləməsi təbii ki, nifrəti, kini çoxaldır və etirazları da dərinləşdirir.

- İran Parlamentində 15 min etirazçının edam olunacağına dair qərar çıxacağı ilə bağlı xəbərlər yayılmışdı. Qərar qüvvəyə minəcəkmi?

- Parlamentin aldığı qərar yoxdur. Ancaq belə bir məktub çıxdı ki, 227 iranlı millət vəkili məktub yazıb etirazçıların edamını istəyirlər. Sonra bir qrup şəxs bu məktubu inkar elədi, dandı. Bir qrup da əksinə, cavab verdi. Bununla bağlı məlumat hələ dəqiq deyil. Bir neçə etirazçının edamından sonra millət vəkilləri edamı müdafiə elədi. İran Parlamentinin nümayəndələri edamlara qarşı qətiyyən çıxmadılar.

- Bu yaxınlarda İran hökumətinin türk dilinə qadağa qoyduğu barədə sənəd üzə çıxdı. Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İncəsənət Baş İdarəsinin 27 iyun 1957-ci il tarixli hesabatında türk dilində kitabların dərc edilməsinin qadağa qoyulduğu məlum oldu...

- Dilimizlə əlaqəli qadağalar var idi. Bizim bir çox fəalımız ağır işgəncələr altında uzun müddət həbslərdə qalıblar. Onlar məhz Azərbaycan dilinin keçirilməsi tələblərinə görə cəzalandırılıblar. Uşaqlara hətta 30- 40 dəqiqə, bir dərs halında, qeyri- hökümət müəssisələrində belə türk dilinin öyrədilməsinə izn verilmir, bunu edənlərə cəza verilir. Çox ağrılıdır. Uşaqlar məktəbə getməzdən öncə onlar test edilir. 6 yaşındakı uşaqlar farsca yetəri qədər bilməsələr, onları məktəbə qoymurlar. Ailələr də məcbur olurlar ki, körpəlikdən uşaqlara fars dilini öyrətsinlər. Zorla fars dilini öyrədirlər. Uşaqların yaşadıqları travmaları bir düşünün.

- Sosial şəbəkələrdə İranda insanların zibillikdən yemək götürdüyünü, azyaşlı uşaqların dilənçilik etdiyini görürük...

- İran iqtisadi cəhətdən bərbad vəziyyətdədir. Lakin bir kəsim var ki, dövlətin öz adamıdır və əslində rejimi də onlar qoruyurlar. Bütün ölkəni onlar talan edir, gəlirləri öz ciblərinə qoyurlar. İqtisadi vəziyyət faicəvidir. Narkotik istifadəsi, fahişəlik, işsizlik, xüsusən İranın xarici siyasətdə terrorizmi dəstəkləməsi, terroristlərdən istifadə etməsi iqtisadi vəziyyətə təsir edib. İranda bahalıq, işsizlik, ümidsizlik, aclıq, yoxsulluq var. Elə son hadisədə də bu özünü Məhsa Əminin simasında göstərdi. Bu, qadınların geyim haqları məsələsi deyildi. Bu, bıçağın sümüyə dayanması və millətin aclığı idi. Çünki artıq bəlli bir qrup insanların demokratik ideyalara bağlı istəkləri, etirazları var idi. Bu dəfə etirazların səbəbi bu idi ki, millət artıq çörək tapa bilmir. Hər evdə neçə işsiz, ümidiz gənclər var. Artıq xalq demokratiya, azadlıq üçün küçəyə çıxmır. Xalq çörək üçün küçəyə çıxır. Səbəbi də İranın yalnış siyasətidir.

- Son olaraq nələri çatdırmaq, qeyd edtmək istəyərdiniz?

- Hər dövlət öz problemlərini həll etməlidir. Vətəndaşların etirazlarını, tələblərini göstərmək üçün demokratik ortamlar, kanallar yaradalar. Bu, demokratik kanallar olmadığı müddətdə insanlar küçələrə tökülür. Xəbər saytlarında, televiziyalarda, mətbuatda öz etirazların bildirə bilmirlər, dilə gətirə, göstərə bilmirlər. Bu olsa, heç bir zaman küçəyə tökülüb, güllə qabağına getməzlər. İran dövlətin ağlı ilə hərəkət eləmir. Həqiqətən də İran dövlət ağlından yoxsuldur. Bu etirazlarda xalqla qarşı- qarşıya gəlmək yerinə, fərqli qrupların nümayəndələri ilə görüşüb, problemlərinin həlli üçün addım ata bilərdi. Amma İran rejimi ideoloji rejim olduğu üçün təməldən bu məsələnin həllinə potensialı da yoxdur. Davamlı olaraq problem istehsal edir. Həm daxili, ham xarici siyasətdə belədir. Heç birini də həll edə bilmir. Get-gedə də nifrəti də dərinləşdirir, öz sonunu özü hazırlayır. İran rejimi özü özünü vurur. Bundan sonra İranın vəziyyəti daha fərqli olacaq. İran rejimi mənə görə son nəfəsini verməyə başlayıb.

Aylin
Cebhe.info