“İran Türkiyə və Azərbaycanı özünə ən böyük rəqib olaraq görür” - Türkiyəli professorla SİYASİ GÜNDƏM

“İran Türkiyə və Azərbaycanı özünə ən böyük rəqib olaraq görür” - Türkiyəli professorla SİYASİ GÜNDƏM

Hazırda siyasət və dünya gündəmində müzakirə predmetinə çevrilən bir çox məsələ var.

Belə ki, 19 dekabrda Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) iqtidar partiyalarının Lefkoşa şəhərində “3 dövlət, 1 millət” adlı tədbirdə iştirak etməsi diqqət çəkdi. Həmçinin, son zamanlar Fransa və İran Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edir. 10 aydır davam edən Rusiya-Ukrayna müharibəsinin isə əvvəlkinə nisbətən səngiməsi nəzərə çarpır.

Bütün bunları və digər məsələləri Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasının qonağı olan Dumlupınar Universitetinin professoru Hüsamettin İnanç ilə müzakirə etdik.

- Hüsamettin bəy, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “3 dövlət, 1 millət” tədbiri ilə başlayaq. Bundan sonra Şimali Kipr Türk Cümhuriyyətinin tanınması istiqamətində hansı addımların atılması gözlənilir?

- Şimali Kipr Türk Cümhuriyyətinin tanınması çox mühüm bir hadisə olacaq. Bu, həm Şərqi Aralıq dənizində hakimiyyət mübarizəsi və oradakı karbohidrogen qaynaqlarının ədalətli şəkildə paylaşılması, həm də Türkiyə və ŞKTC-nin mənfəətləri üçün əhəmiyyət kəsb edir. Türkiyənin bununla bağlı uzun müddətdir ki, atdığı addımlar da var. Ankara sülhün yaranması üçün zamin dövlətlərdən biri olan İngiltərə ilə ciddi bir işbirliyi aparır.

Azərbaycan, Türkiyə və ŞKTC arasında keçirilən görüşü isə çox önəmli bir dönüş nöqtəsi və qırılma anı olaraq görürəm. Azərbaycan qardaş dövlət olduğunu bir daha göstərdi və ŞKTC-nin tanınması ilə bağlı ilk addımı atdı. Bundan sonra Türk Dövlətləri Təşkilatı öncəliklə bunun üçün səy göstərməlidir. ŞKTC ilk dəfə öz adı ilə Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatıldı. Sonra İslam Əməkdaşlıq Təşkilatında bu prosesin davam etdirilməsi lazımdır.

Hesab edirəm ki, daha sonra Pakistan kimi dövlətlərin də addım atması lazım gələcək. Lakin yunan lobbisinin güclü olduğu ABŞ kimi ölkələrin buna qarşı mübarizə apardığını da görürük. Yəni ŞKTC-ni tanımaq istəyən ölkələrlə bağlı ABŞ-ın təzyiq göstərəcəyi ehtimal olunur. Buna da çox ciddi bir şəkildə müqavimət göstərmək lazımdır. Çünki artıq yeni bir dünya nizamı qurulur və ABŞ əvvəlki gücünü böyük ölçüdə itirib. Yeni bir türk dövləti isə Türkiyənin mənfəətləri üçün çox böyük qazancdır. Yaxın gələcəkdə ŞKTC-nin yunanların zülmündən qurtularaq beynəlxalq hüquq çərçivəsində müstəqil bir dövlət olacağını düşünürəm.

- Son zamanlar Fransanın Azərbaycana qarşı düşmən mövqeyində olması və türklərə nifrətin əsas səbəbi nədir?

- Fransa ötən əsrin müstəmləkəçi ölkələrindən biridir. Hələ də Afrikadan illik 500 milyard dollar gəlir əldə edir. Amma Türkiyənin Afrikaya ciddi şəkildə açılması və orada qarşılıqlı qazanc siyasəti yürütməsi Fransanın bölgədən uzaqlaşmasına yol açdı. Türkiyə isə müstəmləkəçiliyə və irqçiliyə qarşı çıxır. Yəni Türkiyə Fransanın çirkin siyasətinə qarşı olduğu üçün düşmən kimi göstərilməyə başlanılıb. Bununla yanaşı, Türkiyə ilə Azərbaycanın Qarabağ münaqişəsinin həlli üçün birlikdə hərəkət etdiyini, eləcə də Liviya və Suriya kimi fərqli yerlərdən Fransanın kənarlaşdırıldığını görürük. üstəlik rəsmi Paris son dönəmlərdə Qarabağdakı separatçılara çox ciddi dəstək verir. Fransa 10 noyabr Bəyanatına zidd bir şəkildə hərəkət edir və oradakı separatizmin ən böyük dəstəkçisidir. Fransa burada hüquqa zidd şəkildə Azərbaycana aid qızıl yataqların ermənilər tərəfindən talan olunmasına göz yumur və orada fəaliyyət göstərən bir çox şirkət qurub. Təəssüf ki, sülhməramlı adlandırılan rus hərbi kontingenti isə mədənin talanmasına və Fransanın Qarabağdakı fəaliyyətinə yol açır.

Azərbaycan və Türkiyə son illər yeni bir dünya nizamının qurulduğu dönəmdə sürətli şəkildə yüksəlir. Onların Fransanın hakim olduğu bölgələrdə söz sahibinə çevrilməsi və Fransanın beynəlxalq sistemi şəkilləndirən aktor olmaqdan çıxması rəsmi Parisi dəli edir. Hətta onlar mövqelərini itirdikləri üçün əsəbiləşirlər.

- İranda da etiraz aksiyaları artıq 3 aydan çoxdur davam edir. Ötən günlərdə isə İran-Pakistan sərhədində atışmada 6 SEPAH üzvü öldü. Baş verən hadisələr İranın müharibəyə meydanına çevrilməsinə gətirib çıxara bilər?

- İranda baş verən proseslərin həm daxili, həm də xarici səbəbləri var. 1979-cu ildə İranda İslam inqilabı adı altında çevriliş oldu, amma İslamla heç bir əlaqəsi olmayan bir rejim quruldu. Xalqın sivil həyatına müdaxilə edən, “əxlaq polisi” və SEPAH-ı yaradan bir rejim formalaşdı. Eyni zamanda, İrana qarşı tətbiq olunan sanksiyalarla xalq zülm çəkdi. Məhsa Əmininin öldürülməsindən sonra isə artıq İranda çox ciddi xaos yaşanmağa başladı. Bu xaos ilə rejiminin ortadan qaldırılmağa da çalışdığını görürəm.

ümumiyyətlə, İran rejimi terror qruplaşmaları ilə Liviya, Suriya, Livan və İraqda müsəlmanların öldürülməsinə dəstək verir. Rəsmi Tehran Ermənistanı da haqsız yerə açıq şəkildə dəstəklədi və Azərbaycanın zəfərini əngəlləməyə çalışdı. Molla rejimi Zəngəzur dəhlizinə qarşı çıxdı və Ermənistanın ərazi bütövlüyünü qorumağı İranın “qırmızı xətt”i adlandırdı. İran Güney Azərbaycandakı 40 milyon soydaşımızın Azərbaycana sevgi bəsləməsini və müharibədə qəlbən onların yanında olmaları ən böyük təhdid olaraq görür. Yəni Azərbaycanın siyasi və iqtisadi cəhətdən hər keçən gün güclənərək Güney Azərbaycan üçün cazibə mərkəzi olmasını istəmir. Hazırda İran Türkiyə və Azərbaycanı özünə ən böyük rəqib olaraq görür. Hətta Azərbaycan və Türkiyənin hər qələbəsini özü üçün bir itki hesab edir.

- Həmçinin, İranın Zəngəzur dəhlizinə qarşı olduğunu hər fürsətdə açıqlaması fonunda yaranan bir gərginlik də var. Bəs İran nə üçün Zəngəzur dəhlizinə qarşı çıxır?

- Ukrayna müharibəsi ilə “Bir kəmər, bir yol” layihəsinin şimal dəhlizi dayandı. İndi isə Türkiyə, Azərbaycan, İran və Türkmənistanın yer aldığı orta dəhlizin hərəkətə gəlməsi lazımdır. Amma İranda çaxnaşma meydana gəldi. Əslində ABŞ İranın xaosa sürüklənməsini istəyir. Çünki orta dəhlizin formalaşması bir çox ölkənin mənfəətlərinə ziddir. İranın çöküşünə yol açan ən önəmli səbəb isə molla rejiminin özüdür. Çünki bu rejim həm bölgədə və dünyada xaos yaratmağa, həm də müsəlman dövlətlərini parçalamağa və yox etməyə çalışır.

Eyni zamanda, Zəngəzur dəhlizinin açılması türk dünyasının öz içində birləşməsi deməkdir. İran rejimi bunu da özü üçün böyük bir təhdid olaraq qəbul edir. Hazırda Türkiyə Naxçıvan və İran üzərindən Azərbaycanla əlaqə qurur. Amma Zəngəzur dəhlizi açıldıqdan sonra bu əlaqə üçün İrana ehtiyac olmayacaq. Bununla da İran çox ciddi iqtisadi və geosiyasi itkiyə məruz qalacaq. Amma Tehran hakimiyyətinin bunları düşünməsi son dərəcə səhvdir. Çünki İran normal təfəkkürlü bir dövlət olsa, Türkiyə və Azərbaycanla işbirliyi edər. Belə olacağı təqdirdə, Yaxın Şərq və Cənubi Qafqaz sabitliyə qovuşar. Buna baxmayaraq, molla rejiminin siyasəti öz daxilindəki xaosu əngəlləmək üçün bunu xaricə daşımaq və bölgədə xaos yaratmaqdır. Yəni özündən kənarda xaos yaradaraq bunun öz ölkəsinə girməsinə mane olur. İranın xarici siyasətindəki ən böyük əksiklik bir məzhəb üzərindən siyasət aparması, habelə Yaxın Şərq və Qafqazdakı müsəlmanların bir araya gəlməsini əngəlləməyə çalışmasıdır.

- Təbii ki, gündəmin əsas mövzularından biri də 10 aydır davam edən Rusiya-Ukrayna müharibəsidir. Lakin son zamanlar müharibənin aktiv fazasının səngidiyini müşahidə olunur. Bunun əsas səbəbi nədir?

- Hazırda hər iki tərəf tükənib. Əlbəttə ki, bunda qışın da təsiri var, amma daha böyük səbəb Ukrayna əlindəki silahlarla əks-hücuma keçərək, rusları püskürdə bilməməsidir. Digər tərəfdən isə Rusiya da hücumunu və işğalını irəlilədə bilmir. Bunun bir çox səbəbi var. Ukrayna ona verilən silahlardan yaxşı istifadə edə bilmir. Demək olar ki, artıq ABŞ və Qərbin Ukrayna verəcək silahları da qalmayıb. Xüsusilə maddi cəhətdən xərclərin ciddi şəkildə artması Avropa və ABŞ cəmiyyətlərində narazılıq yaradıb. Həmçinin, Rusiya ağıllı bir addım ataraq Dnepr çayının şərqinə qədər geri çəkildi və müdafiə mövqeyinə keçdi. Fikrimcə, səfərbərlik elanı da Rusiyaya güc qatmadı. Yeni gələn əsgərlər son dərəcə yetərsiz və təcrübəsizdirlər.

Bütün bunların fonunda hər iki tərəfdə çox ciddi bir psixoloji narahatlıq da var. Onu da nəzərə almaq lazımdır ki, daha əvvəl ölən əsgərlərin böyük əksəriyyəti ruslar deyildi. Təəssüf ki, onların çoxu müxtəlif bölgələrdən olan türk əsilli əsgərlər idi. İndi isə rus əsgərləri də ölməyə başlayıb. Bu da cəmiyyətin müharibəyə qarşı çıxmasına gətirib çıxarıb.

- Bəs hazırkı məqsədlər nədən ibarətdir?

- Hazırda Rusiya irəliləyə, Ukrayna isə düşməni işğal altındakı torpaqlardan çıxara bilmir. Qərb isə Rusiyanın daha çox zəifləməsi üçün müharibənin yaz aylarına qədər davam etməsini istəyir. Kreml Xersondan çəkilərək atəşkəs üçün Ukraynanın əlini müəyyən dərəcədə gücləndirməyə çalışdı. Amma Qərb bunu qəbul etmədiyi üçün Ukrayna atəşkəsə doğru addım ata bilmədi. Buna görə də Rusiya taktikasını dəyişdirdi. Vladimir Putin Belarusu da işin içinə daxil edərək, oradan Ukraynaya son bir güclü hücum etməyi düşünür. Bəlkə də bu, onların son həmləsi olacaq və daha sonra atəşkəs əldə etməyə çalışacaqlar. Buna baxmayaraq, Qərb Rusiyanın işğal etdiyi Donetsk, Luqansk və Krımdan tamamilə çıxmasını istəyir. Bunun isə rəsmi Moskva tərəfindən qəbul ediləcəyi mümkün görünmür. 10 aydır davam edən müharibənin yaratdığı qida və enerji böhranının dünyaya verdiyi zərər də göz önündədir. Bu şəkildə müharibə davam edə bilməz. Rusiya isə çəkindici güc tətbiq edərək Ukrayna və Qərbi atəşkəsə məcbur etməyə çalışır. Bunun nəticə verib-verməyəcəyini isə zaman göstərəcək.

Elmir Mustafa
Cebhe.info