Laboratoriya müdiri açıqladı: Azərbaycanda çox yayılan irsi və genetik xəstəliklər - MÜSAHİBƏ

Laboratoriya müdiri açıqladı: Azərbaycanda çox yayılan irsi və genetik xəstəliklər - MÜSAHİBƏ

Bütün dünyada genetik və irsi xəstəliklərlə bağlı narahatlıqlar var.

Son olaraq xərçəng xəstəliyinin irsi növləri açıqlanıb.

Məlum olub ki, xəstəliyin bəzi növləri valideynlərdən də uşaqlara ötürülə bilər. Rusiyanın tanınmış onkoloqu Yuliya Şubinanın sözlərinə görə, xərçəng yalnız bədxassəli şişlərin bir növü deyil. O, qeyd edib ki, xəstəliyin bəzi növləri valideynlərdən də uşaqlara ötürülə bilər.

"Məsələn, döş, yumurtalıq, medullyar xərçəng və bağırsaq xərçəngi xəstəliyinin bəzi növləri buna aiddir", - onkoloq deyib.

Həkim profilaktiki tədbir olaraq anaları və ya nənələri adları qeyd edilən onkoloji xəstəlik növlərinə tutulmuş qadınlara yumurtalıq və döş xərçəngi inkişafının genetik riski üçün analiz verməyi tövsiyə edib. Onun sözlərinə görə, qalxana bənzər vəzi xərçəngi kalsitonin hormonunun analizi ilə üzə çıxa bilər və kolonoskopiyadan müntəzəm keçdikdə potensial bağırsaq patologiyasını aşkarlamağa kömək edəcək.

Azərbaycanda  irsi və genetik xəstəliklərlə bağlı vəziyyət necədir? Narahatlıq  üçün ciddi əsas varmı?

Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutuun İnsan Genetikası Laboratoriyasının müdiri  Bayram Bayramov “Cebhe.info” -ya genetik və irsi xəstəlik barədə danışıb. 

-Bayram bəy, Azərbaycanda ən çox hansı genetik və irsi xəstəliklər yayılır? 

- Bu barədə dəqiq statistika olmasa da, əsasən irsi qan xəstəliklərindən talassemiya ön sıralarda yer alır. Daha sonrakı sıraya leykozlar və digər xərçəng xəstəliklərini əlavə etmək olar. Bu xəstəliklər də özlüyündə çox təhlükəlidir. Əgər vaxtında qarşısı alınmasa, bədbəxt sonluq baş verə bilər. 

- Genetik və irsi xəstəliklərin yaranmasında, yayılmasında hansı amillər daha çox rol oynayır? 

- Genetik xəstəliklər genlərimizdəki mutasiyalar, xromosomlarda yaranan say və struktur dəyişiklikləri nəticəsində yaranir. Ətraf mühitin amillərindən fiziki, kimyəvi, bioloji, yediyimiz qidaların genomda dəyisikliklərin yaranmasında rolu vardir. Eyni zamanda, yaxın qohum evliliklərini də bu siyahıya əlavə etmək olar. 

- Genetik və irsi yolla keçən xəstəliklərdən necə qorunmaq olar? 

- Bunun ən başlıca yolu problem olduğu təqdirdə təyinatı üzrə genetik analizlərdən keçməkdir. Əgər digər müayinə üsullarında problemlər, anomaliyalar aşkar edilərsə, bu zaman prenatal diaqnostika üsullarından istifadə etmək olar. Ən köklü həll isə nikah öncəsi toplumda geniş yayilmiş irsi xəstəlikləri analiz etməkdir.

Digər tərəfdən, yenidogulmuşlarda tətbiq edilən topuq testləri vasitəsilə daha erkən mərhələdə xəstəlikləri aşkarlamaq və qabaqlayıcı tədbirlər görmək olar. Buna görə də insanları səhhətlərinə biganə yanaşmamağa, həmçinin gələcək nəslin sağlamlığı xatirinə bu məsələdə daha diqqətli olmağa çağırıram.

Həsən Məmmədov 
“Cebhe.info”