Makron uduzmağa gəlir: Tofiq Zülfüqarovla müsahibə

Fransa Prezidenti Emmanuel Makronun Ermənistan və Azərbaycana səfər edəcəyi gözlənilir.
Məlumata görə, səfər sentyabrın 9-10-a nəzərdə tutulur. Makron əvvəl Ermənistana, sonra Azərbaycana səfər edəcək.
Qeyd edək ki, Fransanın dövlət rəhbərliyi, eləcə də siyasi elitası istər İkinci Qarabağ müharibəsində, istərsə də müharibədən sonrakı dövrdə açıq şəkildə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib. Məhz Fransanın dəstəyi ilə Ermənistan keçən ay Azərbaycanın Qarabağın ermənilərin məskunlaşdığı ərazilərdə “humanitar böhran” yaratması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasında məsələ qaldırıb. Lakin Azərbaycanın diplomatik qələbəsi nəticəsində Paris və İrəvanın bütün cəhdləri fiaskoya uğrayıb.
Bununla kifayətlənməyən Ermənistan məhz Fransanın təhriki ilə sərhəd ərazilərdə Azərbaycan Ordusunun mövqelərinə qarşı təxribatlar da törədir. Yəni öz arxasını Fransa söykəyən İrəvan məqsədyönlü şəkildə bölgədə vəziyyəti gərginləşdirir.
Əlbəttə, bütün bu proseslərdə Emmanuel Makronun rolu danılmazdır. Onun son çıxışında “Azərbaycana qarşı beynəlxalq təzyiqlərin edilməsi üçün addımlar atacağı” ifadəsi bunu sübut edir.
Emmanuel Makronun Ermənistan və Azərbaycana səfəri hələlik rəsmən təsdiqini tapmasa da, böyük ehtimalla, onun regiona gözlənilən səfəri xüsusi məqsədlərə söykənəcək.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələ ilə bağlı Cebhe.info-nun suallarını cavablandırıb.
- Tofiq müəllim, Emmanuel Makronun Azərbaycana səfərinin məqsədi nə ola bilər?
-İlk olaraq qeyd edim ki, Makronun Azərbaycana gözlənilən səfəri ehtimal xarakteri daşıyır. Azərbaycan tərəfindən bu məlumat hələ təsdiqlənməyib. Ancaq ümumi olaraq deyə bilərim ki, Makronun regiona səfəri Azərbaycan-Ermənistana münasibətlərinə həsr olunacaq.
Ancaq onu bilirik ki, Azərbaycan sülh prosesində Fransanın vasitəçiliyini qəbul eləmir. Hesab edirəm ki, Azərbaycan bundan sonra da bu xətti davam etdirəcək.
O ki qaldı Makronun regiona səfərinin əsas məqsədinə, qeyd edim ki, Fransa Ermənistanda və bu regionda müəyyən geosiyasi hədəflərini həyata keçirmək istəyir. Birinci hədəf budur ki, Makron öz səfəri ilə erməni ictimaiyyətində Fransanın Ermənistanın daim yanında olması kimi təsəvvür yaratmağa çalışacaq. Onun Azərbaycana səfərinə gəlincə, öz siyasi xəttinə uyğun olaraq ölkəmizdə bizə “təzyiqlər” etmək üçün cəhdlər edə bilər. BMT səviyyəsində uğursuzluqdan sonra Makronun əlində olan imkanları nəzərdən keçirsək görəcəyik ki, onun əsasən Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı hansısa qərarların qəbul olunmasına əl atacağı istisna deyil. Amma onun bu cəhdinin də həyata keçməsi qeyri-mümkün görünür. Çünki Avropa İttifaqında Azərbaycana dost olan və ölkəmizin haqlı mövqeyi dəstəkləyən ölkələr də var.
-Əgər Makron Ermənistanda Azərbaycana qarşı sərt bəyanatlar səsləndirərsə, onun ölkəmizə gəlməsinə imkan veriləcək?
-Hazırda Ermənistan rəhbərliyində hesab edirlər ki, Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləməyə doğru gedir. Eyni zamanda nəzərə almalıyıq ki, bu şəraitdən istifadə edən bir çox fövqəl qüvvələr bir-biri ilə rəqabət aparaq bu regionda Rusiyanın yerini tutmaq istəyirlər. Fransa bu qüvvələrdən biridir. Amma bəzi qüvvələr var ki, onlar regionda Azərbaycan-Türkiyə tandemini nəzərə alır və burada bu tandemin imkanları ilə güclənməyə çalışırlar. Bununla yanaşı, rəqabət aparan ölkələr arasında Azərbaycan və Türkiyəni dəstəkləyən ölkələr çoxdur. Buna görə də hesab etmirəm ki, Makronun regiona rəsmi səfəri hər hansı ciddi prosesə təkan verəcək.
Makronun Ermənistan və Azərbaycanda sərgiləcəyi davranışa gəlincə, çox yaxşı bilirik ki, onun siyasi xüsusiyyətləri və siyasi xətti daha çox görünüş, təbliğat xarakteri daşıyır. Bu baxımdan ifadə olunan üslublara üstünlük verir. Amma inanmıram ki, Makronun Azərbaycanda istədiyə hərəkəti etməyə imkan veriləcək. Xoşagəlməyən bəyanatlar verərsə, dərhal cavabını alacaq.
-Əgər Makronun ölkəmizə səfəri baş tutarsa, bu səfərdən gözləntilər nə olacaq?
-Yenə də qeyd edim ki, reallığa baxanda Makronun səfərindən heç bir ciddi nəticə gözlənilməyəcək. Çünki Fransanın bu regionda təsir imkanları məhduddur.
-Son zamanlar Fransa Ermənistanı Azərbaycana qarşı təxribatlara təhrik edir. Bunu sərhəd ərazilərində və Paşinyanın son açıqlamalarında aydın görürük. Sizcə, Makronun səfərindən sonra Fransanın bu siyasətindən əl çəkəcəyi gözlənilə bilər?
-Artıq təcrübə göstərir ki, erməni tərəfi hər zaman bilərəkdən müxtəlif təxribatlara əl atmağa öyrəşib. Tərəfimizdən cavabını alandan sonra bizi başqa ölkələrə şikayət eləməyə başlayırlar. Hesab edirəm ki, erməni tərəfi indiki mərhələdə də bu taktikalardan istifadə eləyəcək.
Əslinə qalarsa, Fransaya bu regionda öz dayaqlarını möhkəmləndirmək üçün güclü Ermənistan lazım deyil. Bu istiqamətdə hədəfini həyata keçirmək üçün Parisə elə əzilmiş və zəif Ermənistan lazımdır. Bu baxımdan əgər Fransa Ermənistanı bölgədə təxribatlar törətməyə təhrik edərsə, bu, daha çox İrəvanın özünə ziyan olacaq. Bundan daha çox Ermənistan zərbə alacaq. Parisdə hesab edirlər ki, atdığı təxribatçı addımlar nəticəsində zərbə alan Ermənistan əzilmiş ölkə kimi Fransadan imdad diləyəcək. Buna görə də Fransa bu siyasətindən əl çəkməyəcək.
Onu da əlavə edim ki, Ermənistan artıq Rusiyanı öz müttəfiqi kimi görmür, elə bunun fonunda Rusiya da Ermənistanı öz müttəfiqi hesab etmir. Bu, bir növ geosiyasi böhrandır.
Amma hər halda Cənubi Qafqazda Azərbaycan-Türkiyə tandeminin mövqeləri güclüdür və üstünlüklərə malikdir. Bu reallığı bir çox fövqəl dövlətlər anlayır. Belə olan halda Makronun regionda dəyişiklik üçün hər hansı cəhdi uğursuzluğa düçar olacaq.
Yunis Abdullayev
Cebhe.info