"Müharibənin başlamaması barədə müqavilə imzalana bilər" - MÜSAHİBƏ

“Düşünürəm ki, sülh müqaviləsi imzalandıqdan sonra Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün ayrıca bir proses başlayacaq”.
Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı Cebhe.info-ya müsahibəsində deyib.
Onunla müsahibəni təqdim edirik:
- Akif müəllim, Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib ki, siyasi iradə olarsa, 15 gün ərzində sülh müqaviləsi bağlana bilər. Sizcə, hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasının qarşısındakı ən böyük əngəl nədir?
- Alen Simonyanın açıqlaması o qədər də inandırıcı deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanın təkliflərini tam şəkildə yerinə yetirməyib. Onların rəsmi Bakının təkliflərinə verdiyi cavab o qədər də qənaətbəxş deyil. Sülh müqaviləsinin imzalanmasının qarşısındakı ən böyük əngəllərdən biri anklav məsələsidir. Hətta Simonyan sözügedən çıxışı zaman Azərbaycanda guya erməni anklavı olduğunu iddia edir.
O, anklavların hamısını qaytarmağa hazır olduqlarını, amma Azərbaycandakı anklavların da geri verilməsini tələb etdiklərini söyləyir. Buna baxmayaraq, Ermənistanın anklavlarla bağlı möqeyi tam aydın deyil. Çünki Nikol Paşinyan Qazaxın 7 kəndindən 3 ya 4 kəndin geri qaytara biləcəklərini deyir.
Anklavla yanaşı, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi, tərəflərin bir-birinin ərazi bütövlüyünü rəsmi şəkildə tanımaması da sülh müqaviləsi üçün əngəldir. Ən əsas əngəl isə Ermənistanın öz iradəsi ilə hərəkət etməməsidir. İrəvan hakimiyyəti xaricdən aldığı tapşırıqlarla addım atır. Yəni Ermənistanın qərar qəbul etməkdə müstəqil olmaması sülh müqaviləsinin önündəki ən böyük əngəllərdən biridir.
- Əslində sülh müqaviləsi bağlayan tərəflərin bir-birinə torpaq iddiası olmamalıdır. Buna görə də sülh müqaviləsindən əvvəl 8 kənd Azərbaycana qaytarılmalı deyilmi?
- İlk növbədə imzalanacaq sülh müqaviləsinin şərtlərinə baxmaq lazımdır. Ola bilər ki, hərbi əməliyyatların tamamilə bitməsi ilə bağlı ola bilər. Əslində qarşılıqlı iddialar aradan qalxandan sonra sülh müqaviləsi imzalanır.
Məsələn, Yaponiya ilə Rusiya arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Çünki onlar arasında indiyə kimi ərazi mübahisəsi var. Lakin elə nümunələr də var ki, hərbi əməliyyatların bir daha başlamaması ilə bağlı müqavilə imzalanır.
Bəlkə Azərbaycanla Ermənistan arasında da bu variantı seçilə bilər. Buna baxmayaraq, rəsmi Bakının anklav və digər məsələlərin həll olunandan sonra sülh müqaviləsinin imzalanmasına təkid edəcəyini düşünürəm.
- Bəzi ekspertlər deyir ki, sülh müqaviləsi imzalanandan sonra azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı çətinləşəcək. Siz necə düşünürsünüz?
- Bunu demək çətindir. Çünki qarşı tərəf də ermənilərin Azərbaycana qaytarılması ilə bağlı şərtlər irəli sürür. Düşünürəm ki, sülh müqaviləsi imzalandıqdan sonra qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün ayrıca bir proses başlayacaq.
Sülh müqaviləsi imzalanandan sonra müəyyən mənada müsbət rəy yarana bilər, amma bu, böyük bir məsələdir və beynəlxalq təşkilatların iştirakı ilə öz həllini tapmalıdır. Bu səbəbdən qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasını birbaşa Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə uzlaşdırmaq o qədər də məntiqli deyil.
- Bir zamanlar Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri kimi ermənilərlə hər hansı münasibətə qarşı çıxırsdınız. Bəs indi necə düşüncələriniz dəyişib? Yəni ermənilər Qarabağa qayıtsalar, birgə yaşayış mümkün olarmı?
- Düşünürəm ki, ermənilərin Qarabağa qayıtması arzuolunan deyil. Bu, mənim subyektiv fikrimdir. Çünki onlar bizə dəfələrlə xəyanət ediblər. Ermənilərin yenidən Qarabağa qayıtsa, “gec partlayacaq mina” rolunda olacaqlar və kimlərsə onlardan istifadə etməyə cəhd göstərəcəklər.
Ona görə də onların Azərbaycanda yaşamaq haqlarını itirdiklərini düşünürəm. Ermənilər XX əsrdə ən azı üç dəfə bizə xəyanət ediblər və xalqımıza qarşı cinayətlər törədiblər. Buna görə də birgə yaşamaq hüququnu itiriblər.
Amma indi beynəlxalq münasibətlər və Azərbaycan dövlətinin siyasətini var. Yəni ermənilər hansısa şərt olmadan qayıtmalıdırlar. Bunlara baxmayaraq, Qarabağ Azadlıq Təşkilatının davamçısı və vətəndaş olaraq ermənilərin qayıdışına dözümlə yanaşarıq.
Digər tərəfdən, Natali Aleksanyan kimi erməni blogerləri də efirə çıxarmağımıza ehtiyac yoxdur. Yenidən onların nazı ilə oynamalı deyilik. Hətta onlara xoş söz belə lazım deyil.
- Amma erməni bloger Natali Aleksanyan separatçılara sərt şəkildə təpki göstərdiyini, inteqrasiya prosesi üçün təbliğat apardığını və Azərbaycan vətəndaşı olmaq istədiyini dediyini də nəzərə almaq lazım deyilmi? Siz buna rəğmən, belə düşünürsünüz?
- Bizim onların təbliğatına ehtiyacımız yoxdur. Hətta ermənilərin ən yaxşısı belə bizə lazım deyil. Çünki ən yaxşısı belə zaman keçdikdən sonra müəyyən sifarişlərlə bizə xəyanət edib. Biz müharibədə qalib gəlmişik və quruculuq işləri aparırıq.
İndiki vəziyyətdə belə blogerlərin təbliğatına da ehtiyacımız yoxdur. Bizim öz siyasətimiz var. Onlar isə növbəti təhlükə mənbəyidirlər. Ona görə də artıq onları görməzdən gəlməliyik. Hətta onların çıxışlarına baxmağa səbrim çatmır. Üstəlik, Natali Aleksanyan sadəcə olaraq, orta mövqedən çıxış edir.
Elmir Mustafa
Cebhe.info