Qələmini süngüyə çevirən jurnalist: “Heç vaxt unutmayacağım..." 

Qələmini süngüyə çevirən jurnalist: “Heç vaxt unutmayacağım..." 

Bu gün ölkəmizdə Anım Günüdür.

Sentyabrın 27-də müqəddəs Vətən Müharibəsinin başlamasından üç il ötür.

Məhz üç il bundan öncə, yəni 2020-ci ildə Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdular.

Nəticədə, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar qısa müddətdə sürətləndi və Vətən Müharibəsinə çevrildi.

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Məhz bu Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizləndi. Həmin Zəfər yürüşündə, torpaqlarımızın işğaldan azad edilməsində peşəsindən asılı olmayaraq minlərlə Azərbaycan oğulları iştirak edirdi. Onların sırasında olan Azərbaycan mediasının nümayəndələri də qələmi süngüyə çevirib döyüşərək, torpaqlarımızın işğaldan azad edilməsində mühüm rol oynadılar.

Həmin media nümayəndələrindən biri, “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev Vətən Müharibəsinə ehtiyatda olan baş leytenant kimi gedib. Müharibə bitdikdən sonra kapitan hərbi rütbəsi verilib. Hazırda ehtiyatda olan kapitandır.

Prezidentin Sərəncamı ilə “Xocavəndin işğaldan azad olunması uğrunda” medalı ilə təltif edilib. “Vətən müharibəsi iştirakçısı” medalı və döyüş əməliyyatlarında iştirakına görə, hərbi hissənin komandiri tərəfindən “Fəxri fərman”la da təltif olunub.

Anım Günündə Anar Miriyev Vətən Müharibəsi ilə bağlı xatirələrini Cebhe.info ilə bölüşdü:

-Bu gün Vətən Müharibəsinin başlamasından 3 il ötür. Həmin dövrü necə xatırlayırsınız?

- Döyüşlərlə bağlı o qədər danışılası xatirə var ki... Vətən, torpaqlarımızın azad olunması uğrunda 44 günlük müharibə oldu. Orada ancaq bir amal var idi ki, torpaqlarımız düşmən tapdağından azad olunmalı, ərazi bütövlüyümüz bərpa edilməlidir.

Mən bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi hərbçilərin mənəvi, psixoloji hazırlığı, döyüş ruhunun yüksəldilməsi, vətənpərvərlik uğrunda tərbiyəsinə birbaşa cavabdeh idim. Həmin vaxt şəxsi heyətlə iş zamanı da müşahidə edib gördüm ki, istər səfərbərlikdən cəlb olunan əsgərlər, istərsə də oradakı köhnə əsgərlər olsun, onların hamısında yüksək mənəvi-psixoloji hazırlıq var.

Hamısı yüksək vətənpərvərlik ruhunda idi. Hamı bir amal uğrunda birləşmişdi. Orada elə bir əsgər yox idi ki, nədənsə qorxsun, çəkinsin. Bütün əsgərlərimizin, zabitlərimizin bir məqsədi vardı. O da torpaqlarımızın azad olunması idi. Heç kəsin gözündə qorxu, narahatçılıq görmədim.

Orada bir şeyi də müşahidə etdim. Ordumuzun Ali Baş Komandana olan inamı yenilməz idi. Prezidentimizin çıxışlarını mən radio vasitəsi ilə əsgərlərə dinlədirdim. Baxırdım ki, bu onlara necə gözəl, müsbət təsir edir. Ali Baş Komandanın çıxışı hərbçilərin döyüş, vətənpərvərlik ruhunu daha da artırırdı.

-Döyüşlər zamanı unutmayacağınız anlar olubmu?

- Mənim üçün heç vaxt unutmayacağım anlar çox oldu. Allah şəhidlərimizə rəhmət etsin. Xidmət etdiyim bölükdən şəhidlərimiz oldu. 3 şəhid verdik, 10-dan çox yaralımız oldu. Şəhidlərimizi heç vaxt unuda bilmərəm. O anları unutmaq mümkün deyil. Düşmənin üzərinə hücum edib, mövqelərini ələ keçirəndə, onlara yaxınlaşanda silahlarını yerə atıb qaçmaqlarını görmək böyük bir hadisə idi. Bunları heç vaxt unuda bilmərəm.

Orada həmin məqamda hiss olunurdu ki, bu torpaq bizimdir. Biz öz torpağımızda vuruşurduq. Düşmən bilirdi ki, bu torpaq onların deyil. Buna görə də silah-sursatlarını qoyub qaçırdılar. Cənab Prezidentin dediyi kimi, onların öz səngərlərini, silahlarını özlərinə qarşı istifadə etdik.

- İşğaldan azad olunan ərazilərimizə ayaq basanda hansı hissləri keçirirdiniz?

- Cəbhəyə gedərkən ancaq bunu fikirləşirdim ki, gedib döyüşməliyəm və torpaqlarımız azad olunmalıdır. Bilirdim ki, bu məsələ sülh yolu ilə həll olunmayacaq. Onlar xoşluqla torpaqlarımızı geri qaytarmayacaqlar.

Bir yol vardı, o da müharibə. Biz addım-addım ona doğru gedirdik. Dövlətin, ordunun hər cəhətdən gücləndirilməsi bunu göstərirdi. Səbr etdik, həmin gün gəlib çatdı. Getdik döyüşdük, torpaqlarımızı azad etdik. Böyük zəfəri qazandıq.

Sevinirəm ki, bu zəfərdə bizim də payımız var. Orduda olanda təkcə evlə bağlı narahatlığım vardı. O da ki, sağolsunlar həmkarlarım həmin narahatlığı aradan qaldırdılar. Ailəmə zəng vurub maraqlanır, tez-tez ziyarət edir, tək buraxmırdılar. Hər cür dəstəyi göstəriblər.
Hamısına təşəkkürümü bildirirəm. Cəbhədə arxadan arxayın olmaq çox gözəl bir hissdir. Fürsət tapanda zəng vurub evlə danışırdım. Biləndə ki, həmkarlarım dəstəyini əsirgəmir, bu, psixoloji baxımdan mənə böyük güc verirdi.

Müharibənin bütün dəhşətlərini yaşamaq, ölüm, yaralı, aclıq, susuzluq, döyüş, dostluq, tank, top, raket atəşləri, səngər döyüşü... Yan-yana dayandığın əsgər yoldaşın 15-20 dəqiqə sonra şəhid olurdu. Əvvələr qəbul etmək çətin olurdu... Amma azad olunmuş torpağa ayaq basmaq, üçrəngli bayrağı zirvəyə sancmaq, zirvədə dayanıb ətrafa baxmaq, Qələbəni dadmaq kimisi yoxdur.

Nigar Abdullayeva
Cebhe.info