“Santuş Azərbaycan millisindən gedə bilər” - MÜSAHİBƏ

“Santuş Azərbaycan millisindən gedə bilər” - MÜSAHİBƏ

“Fernando Santuş müqaviləsi bitmədən Azərbaycan millisindən gedə bilər”.

Bu sözləri tanınmış futbol eksperti Mehman Süleymanov “Cebheinfo.az”-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Mehman bəy, Azərbaycan millisinin İsveç və Slovakiya ilə matçlardan sonra yeni baş məşqçi Fernando Santuşun oyun taktikasını, eləcə də qurduğu heyətləri necə qiymətləndirirsiniz?

- Əslində, Fernando Santuş Azərbaycan millisində birbaşa rəsmi oyunlara gəldi. O, hələlik millimizin heyətində eksperiment aparır. Mən 2 oyundan sonra belə qənaətə gəlirəm. Ən azından birinci və ikinci matç arasında heyətdə xeyli dəyişiklik edib. Hərçənd ki, Santuş rəsmi matçlara qədər yoxlama matçlarında nələrisə görməli idi. Yəni bizim izlədiyimiz heyətlər yeni baş məşqçinin nəzərdə tutduğu əsas “11-lik” deyil. Nəzərə almaq lazımdır ki, 3 gün ərzində 2 matç oldu və yığmamız fərqli heyətlərlə oyuna başladı.

- Millimizin əsas qapıçısının Mehdi Cənnətov olması qərarı da birmənalı qarşılanmadı. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

- Fikrimcə, qapıçımız Mehdi Cənnətov 2 matça görə ən az tənqid olunası futbolçulardan biridir. Onun kifayət qədər qurtarışları oldu. Görünür, Fernando Santuş qapıda təcrübəyə üstünlük verir. Digər qapıçılarımız Yusif və Rza da şans verilməyə layiq idi. Lakin Santuş üçün təcrübə vacib olduğuna görə Mehdini seçdi. Mehdi hər zaman arxasında rəqabətin olduğunu bilməlidir. Onun 32 yaşı olduğunu nəzərə alaraq Yusif və Rza üzərində işləmək lazımdır.

Gələcəyin komandasını qurmaq istəyiriksə, qapıçı da gənc olmalıdır. Üstəlik, millidə Şahruddin Məhəmmədəliyev erasının yavaş-yavaş başa çatdığını da nəzərə almaq lazımdır. Bundan sonra Şahruddinin millimizdə əsas qapıçı olacağını düşünmürəm. Bəlkə də, əvəzedici qapıçı kimi yığmaya çağırıla bilər.

- İsveçlə matçda penalti zərbəsini kapitan Emin Mahmudovun deyil, Ramil Şeydayevin yerinə yetirməsi də kəskin tənqidlərə səbəb oldu. Nəticədə Santuş Slovakiya ilə matçın əsas heyətində heç bir futbolçuya yer vermədi. Şeydayev ikinci hissəsə oyuna daxil olsa da, Mahmudov ümumiyyətlə oynamadı. Santuş nə üçün sadəcə kapitanı cəzalandırdı?

- Emin Mahmudov İsveçlə matçda penalti atışını Ramil Şeydayevə verməklə səhv etdi. Hesab edirəm ki, kapitan sərt olmalıdır. Buna baxmayaraq, Santuşun Slovakiya matçında Emini 90 dəqiqə oynatmaması da səhv qərar idi. Çünki ona həmin matçda ehtiyac vardı. Santuş sadəcə olaraq, cəza metodundan istifadə etdi. Baş məşqçi bu qərarı verməklə günahın Ramildən daha çox Emin də olduğunu göstərdi. Ona görə ki, Emin kapitan idi və Santuş oyundan öncə penalti atışını ona tapşırmışdı.

Santuş xaraktercə sərt baş məşqçidir. Elə ona görə də komandada nizam-intizam yaratmağa çalışır. Onun hətta kapitanlığı Emin Mahmudovdan alması da mümkündür. Düşünürəm ki, Emin “Neftçi”də də az oynasa, milliyə çağrılmaya bilər. Kapitan daimi əsas heyətdə oynayan futbolçu olmalıdır. Birinci və digər kapitanların kim olacağı artıq növbəti matçlara qədər dəqiqləşməlidir.

- Bəs Azərbaycan millisindən Millətlər Liqasının qrup mərhələsində əsas gözləntilər nələrdir?

- Azərbaycan millisindən əsas gözləntilər qrupda 3-cü olmasıdır. Mən İsveçlə səfər matçında xal qazanacağımızı zənn etmirəm. Lakin Slovakiya ilə matçda ən azından 1 xal qazanmalıyıq. Estoniya ilə matçlardan isə 6 xal qazanmağa nail olmalıyıq. Estoniya tam bizə uyğun rəqibdir. Əslində, qrupda 3-cü yeri tutmaq imkanlarımız realdır. Çünki sonuncu olacağımız təqdirdə, D liqasına düşəcəyik. 

- Bir çoxları düşünür ki, Fernando Santuşla vaxtından əvvəl yollar ayrıla bilər. Siz bu ehtimalı nə dərəcədə real hesab edirsiniz?

- Yalnız D liqasına düşəcəyimiz təqdirdə, Fernando Santuş millidəki gələcəyi geniş müzakirə mövzusuna çevrilə bilər. Amma indiki məqamda onunla yolların erkən ayrılacağına inanmıram. Çünki müqavilə 4 illikdir.

Santuşun və köməkçilərin müqavilələrinə xitam vermək də böyük xərc tələb edəcək. Üstəlik, yeni AFFA rəhbərliyinin Santuş tezliklə yola salacağını inandırıcı hesab etmirəm. Buna baxmayaraq, onun müqaviləsinin sonuna qədər millimizdə qalacağına da əmin deyiləm.

Bəlkə də, Santuş özü yorulub və ya bezib istefa verəcək. Çünki o, yüksək səviyyəli futbolçularla çalışmağa öyrəşib. Amma futbolçuların fərdi ustalığı baxımından Azərbaycan yığması onun məşqçi karyerasının ən zəif komandasıdır. 

Elmir Mustafa
“Cebheinfo.az”