Tofiq Zülfüqarov: “Məsələ maşının hansı yoldan keçməsi deyil, ermənilərin köçməsidir”- MÜSAHİBƏ

Tofiq Zülfüqarov: “Məsələ maşının hansı yoldan keçməsi deyil, ermənilərin köçməsidir”- MÜSAHİBƏ

Laçın-Xankəndi yolu ilə paralel Ağdam-Xankəndi yolu humanitar yüklərin daşınması üçün açıldı. 

Ancaq Azərbaycanın göndərdiyi yardımlar yenə də Xankəndinə buraxılmadı. Laçın-Xankəndi yolu ilə Ermənistandan göndərilən ərzaq məhsulları, Ağdam-Xankəndi yolu ilə isə Beynəlxalq Qırmızı Xac Komitəsi tibbi və gigiyenik vasitələri daşıyacaq. Ermənistan mətbuatının yazdığına görə, Xankəndində ermnilərə Ermənistan, Rusiya, İspaniya və İsveçrənin göndərilən humanitar yardımlar veriləcək. Azərbaycana məxsus yüklər isə yenə öz ərazisində qalıb. 

Bu situasiyada Azərbaycanın hansı addımlar atmalı olduğu və yaranmış vəziyyətlə bağlı suallara sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya müsahibəsində aydınlıq gətirib.

-Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə Ermənistandan göndərilən humanitar yüklərin həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yolu ilə paralel daşınmasına razılıq verib. Lakin Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin vasitəsilə göndərdiyi humanitar yardım Ağdam-Xankəndi yolundan buraxılmayıb.

Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Ermənistanı və Qarabağdakı qondarma rejimi əvvəldən bu barədə əldə olunmuş razılaşmanı pozaraq yolun paralel işləməsinə əngəl törətməkdə ittiham edib. Əgər ermənilər Azərbaycana məxsus yükələrin keçməsinə izacə verməyəcəkdisə, Ermənistandan gələn yükləri buraxmağa nə ehtiyac var idi? 

- Marşrutlar məsələsinə nəzər saldıqda əsl mənanı unutmamalıyıq. Ümumiyyətlə, Laçın yolu ermənilər üçün rəmzi xarakter daşıyır. Onlar Birinci Qarabağ müharibəsində “Miatsum” layihəsini bu yol vasitəsilə birləşməni təmin edərək həyata keçiriblər. 1992-ci ildə Laçının işğalından sonra Qarabağla Ermənistan arasında quru əlaqəsinin yaranmması bu birləşmənin başlanğıc mərhələsi oldu. Bundan sonra digər rayonların işğalı, etnik təmizləmə başladı. Laçın yolu Azərbaycan üçün də simvolik əhəmiyyət kəsb edir. Laçın yolu ətrafında ciddi müzakirələrin getməsi də bununla bağlıdır.

Yoxsa həmin ərazi iqtisadi və kommunikasiya baxımından o qədər vacib deyil. Bu bir növ mövqelərin toqquşmasıdır. Azərbaycan Qarabağda yaşayan erməni əhaliyə bu ərazisinin əsl sahibi olduğunu sübut etmək istəyir. Bu fakt hamı tərəfindən qəbul olunub. Sadəcə olaraq, Qərbin və qismən də Rusiyanın bizə bəyan etdiyi mövqelər ondan ibarətdir ki, reinteqrasiya prosesi güc tətbiq etməklə baş verməsin. Amma Azərbaycan özünün hüquqi səlahiyyətlərini bu bölgədə daha çox həyata keçirir. Məsələyə də bu kontekstdən yanaşmaq lazımdır. Eyni zamanda, paralel olaraq digər bir proses gedir. 

Qarabağda yaşayan ermənilər ya Azərbaycan qanunlarını qəbul edib orada yaşamalı, ya da çıxış getməlidir. Bu baxımdan, ermənilərin hansısa üstünlük əldə etdiyini düşünmürəm. Ermənilərin üstünlüyü ola bilməz. Hansısa mövzularda ləngimə ola bilər, amma onların üstünlük qazanması mümkün deyil. Çünki bölgədə status-kvo dəyişib. 

- Necə hesab edirsiniz, əgər Ağdam-Xankəndi yolunun açılmasından danışırıqsa, Qızıl Aypara Cəmiyyətinin xətti ilə erməni sakinlərə göndərilən yardım nə vaxtsa ünvanına çatacaq, yoxsa razılaşma pozulduğuna görə Ermənistan yüklərinin daşınmasına yenidən icazə verilməyəcək? 

- Hesab edirəm ki, bizim üçün əsas məqsədimiz Qızıl Aypara Cəmiyyətinin yüklərini çatdırmaq deyil. Digər bölgələrdə olduğu kimi, burada da Azərbaycanın iqtisadi idarəetmə mexanizmləri tətbiq olunacaq. Azərbaycan ərazisinə daxil olan yüklər qanunvericiliyə uyğun olaraq, gömrükdən keçməli və dövlət rüsumu ödənilməlidir. “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycana daxil olan yüklərin hamısı Ermənistan istehsalı deyil.

Çünki Ermənistan həm də Rusiya ilə bərabər bir sıra iqtisadi qurumların üzvüdür. Ona görə də həmin yollarda bir sıra yeni iqtisadi qaydalar tətbiq olunacaq. İqtisadi baxımdan, hansı yol faydalı olsa, o da işləyəcək. Bir daha deyirəm ki, Laçın məsələsi rəmzi mahiyyət daşıyır. Laçın məsələsi həm də Zəngəzurla bağlıdır. Bu tərəfdə Şərqi Zəngəzur, o biri tərəfdə Qərbi Zəngəzur var. Yəni burada mənəvi baxımdan, qarşıdurmadır. Azərbaycan da hər dəqiqə sübut edir ki, geriyə dönüş olmayacaq. 

- Yolun Ermənistandan gələn yüklər üçün açılması Qərbin Azərbaycana etdiyi təzyiqlərin nəticəsidir, yoxsa sadəcə qarşılıqlı razılaşma var? 

- Qərbin təzyiqləri həmişə olub, indi də var. 1992-ci ildən 907-ci düzəliş qüvvədədir. Biz heç vaxt nə ABŞ-dan, nə Fransadan, nə də Rusiyadan ədalətli mövqe görmüşük. Yada salın, Lavrov hələ müharibədən qabaq demişdi ki, Azərbaycan Qarabağ üzərində suverenliyini itirib. Yaxud Fransa Senatı Qarabağdakı qondarma rejimin “müstəqilliyi”ni tanıdığını bəyan etmişdi. Yəni ABŞ Konqresində kiminsə Azərbaycan əleyhinə nə isə deməsi yeni hal deyil. Əgər onların dediklərini nəzərə alsaydıq, bu gün Laçında bizim əsgərlərimiz, sərhədçilərimiz olmazdı.

Bunlar oyunun bir hissəsidir. Biz Qərbin və ya Rusiyanın kiminsə lehinə ədalətli qərar çıxaracağını gözləməməliyik. Söhbət ondan gedir ki, Ermənistan bu gün Qərbə üz tutub. Amma hamı başa düşür ki, bu yolu getmək uzun vaxt tələb edir. Qərb və Rusiya arasında olan qarşıdurmanı bu və ya digər şəkildə istifadə edir. Ukraynada müharibənin gedişinə baxanda məndə belə rəy yaranır ki, Rusiya və Qərb hansısa “oyun” oynayır. Ukrayna isə bu prosesdə qurban kimi çıxış edir. Ona görə də Azərbaycana qarşı fövqəladə bir təzyiqin olduğunu görmürəm. Belə bəyanatlara cavab vermək diplomatların işidir. 

Amma bu tənqidlərin ümumi prosesə heç bir təsiri olmayacaq. Hətta Azərbaycana qarşı sanksiya tətbiq etsələr belə, nəticəsi olmayacaq. Çünki sanksiya 1992-ci ildə qəbul olunub, bu gün də qüvvədə qalır. Vaxtilə qonşu dövlətin ərazisini işğal etdiyinə görə Ermənistana da sanksiya tətbiq olunub. Lakin 2004-cü ildə Konqres bu sanksiyanı ləğv edib. Halbuki, həmin vaxt Azərbaycan terrorizmə qarşı beynəlxalq koalisiyanın üzvü idi. Bu baxımdan, mənim üçün Qərbin bu mövqeyində yeni heç nə yoxdur. Təəssüflər olsun ki, bizim cəmiyyət Rusiyapərəst, Qərbpəst, İranpərəstlərə bölünüb. 

Azərbaycanpərəst olmaq lazımdır. Milli maraqlarımıza uyğun olaraq, lazım gələndə Rusiyadan istifadə etməliyik, lazım gəlsə Qərbdən. Mən hamını reallığa çağırıram. 

- Əgər Azərbaycan erməni vətəndaşlarına sahib çıxmaq istədiyini bəyan edirsə, onlara ərzaq yardımı göndərirsə və onların ehtiyaclarını ödəmək üçün güclü iqtisadi imkanları varsa, Ermənistan Azərbaycan ərazisinə yük göndərməlidirmi? Bu, ermənilər arasında “Ermənistanın yardımı olmasa, biz acından ölərik. Ona görə Ermənistana birləşməliyik” düşüncəsini möhkədəcək. Eynilə, Birinci Qarabağ müharibəsi dövründə olduğu kimi...

- Əgər Qarabağda yaşayan erməni əhali yalnız humanitar yardımlar hesabına yaşamaq istəyirsə, belə də davam edəcək. Yox, desələr ki, bu, onlara sərf eləmir, o zaman seçim edəcəklər. Ya Azərbaycanı tərk edib gedəcəklər, ya da, Azərbaycan vətəndaşlığını qəbul edib qalacaqlar. 

- Son günlər yayılan məlumatlarda, foto və videolardan da Qarabağı birdəfəlik tərk edib Ermənistana köçənləri görmək olar. 

- Bəli, adi insan başa düşür ki, orada normal yaşamaq mümkün deyil. Ona görə də çıxıb gedirlər. Azərbaycan onlara göstərir ki, sən özün, yaxud Ermənistan istədiyi kimi bu torpaqda yaşaya bilməzsən. Bura Azərbaycandır. Yolun açılması və ya bağlanması da buna sübutdur. Məsələn, Şuşadan hər dəfə azan səsi eşidəndə onların yadına düşür ki, ya burada yaşamalı, ya da çıxıb getməlidir. Bu mənada, məsələnin məğzi maşının o yoldan, ya bu yoldan hərəkət etməsində deyil, onların şüurlarına buradan köçməyin vacibliliyinin həkk olunmasıdır. 

Müşfiq Abdulla 
Cebhe.info