Tofiq Zülfüqarov: "Sərhədlərin İrəvanın işğal günündən hesablanması daha sərfəlidir" - MÜSAHİBƏ

Tofiq  Zülfüqarov: "Sərhədlərin İrəvanın işğal günündən hesablanması daha sərfəlidir" - MÜSAHİBƏ

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanacağına dair anons versə də sərhədlərin delimitasiyasını daha vacib məsələ kimi önə çəkib.

üstəlik, həm Baş nazir Nikol Paşinyan, həm Armen Qriqoryan sərhədlərin 1975-ci ilin xəritələri əsasında müəyyənləşməsində israr edir. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı etiraz bəyanatı isə 1975-ci il xəritələri ilə bağlı ortaya atılmış təklifin arxasında Ermənistanın sülh prosesindən yayınmaq üçün hansısa planının dayandığını göstərir. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Cebhe.info-nun suallarına sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavab verib:

- Ermənistan Dövlət Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması göstərir ki, rəsmi İrəvan sülh sazişindən öncə sərhədlərin 1975-ci ilin xəritələri əsasında delimitasiyası və demarkasiyası prosesini həyata keçirməyə üstünlük verir. Sizin fikirinizcə, birinci sülh sazişi imzalanmalıdır, yoxsa sərhədlərin müəyyənləşməsi prosesinə başlanılmalıdır?

- Bu suala cavab vermək üçün ilk növbədə Azərbaycan və Ermənistan liderlərinin iyunun 1-də Kişineuda keçirilmiş görüşünün nəticələrini təhlil etməliyik.

Sülh sazişi çərçivə sənədi şəklində olacaq və konkret məsələlərin bir qismi orada öz həllini tapacaqdı. Yəni bu, bəyanata oxşar bir sənəd olmalı idi. Həmin sazişdə hansısa prinsiplər öz əksini tapmalı idi. Tərəflər postkonflikt dövründə bu prinsipləri danışıqları və münasibətləri qurmalı idi. Yəni prinsiplər mövcud ola-ola onların həyata keçirilməsi müddəti olacaqdı. Çünki bir çox məsələlərin həlli vaxt tələb edir. Bura delimitasiya və demarkasiya məsələsi, kommunikasiyaların bərpası, ən əsası isə hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri daxildir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər. Amma sual olunur ki, hansı ərazi bütövlüyünü? Suverenliyə necə riayət edəcək? Şübhəli məqam ondadır ki, Ermənistan 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, sonradan torpaqlarımızı işğal edib. Ona görə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Qarabağdakı cinayətkar rejimi maliyyələşdirməkdə davam etməyəcəyinə, öz hərbçilərini Azərbaycan ərazisində saxlamayacağına heç bir zəmanət yoxdur. Bu baxımdan, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması məsələnin həll olunması demək deyil. Hətta bir çoxları düşünür ki, ərazi bütövlüyünün və sərhədlərin bu və ya digər şəkildə tanınması Ermənistanın maraqlarına xidmət edir. Çünki bu, Ermənistana öz köhnə siyasətini yeni şəraitdə davam etdirmək imkanı yaradacaq. Ona görə də sülh sazişinin əhəmiyyəti o qədər də yüksək deyil.

Konkret məsələlərə gəlincə, Ermənistan Fransanın məsləhəti ilə Alma-Atı Bəyannaməsi məsələsini gündəmə gətirdilər. Kişineudan sonra ermənilər başa düşüblər ki, Alma-Atı Bəyannaməsində onların yalanı üzə çıxır. Çünki onlar 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü öz bildikləri kimi tanıyıblar. İndi isə 1975-ci ilin xəritələrini əsas götürüb təqdim etmək istəyirlər. Yəni onlara hansısa xətt lazımdır ki, öz sərhədlərini təsbit edib beynəlxalq təminat altında öz siyasətlərini davam etdirsinlər, Qarabağdakı terrorçulara maliyyə və hərbi dəstək göstərsinlər. Onların strategiyası bundan ibarətdir. Azərbaycan Alma-Atı Bəyannaməsini imzalayan zaman hansısa sərhəd xəttini deyil, bu sənədin hansısa prinsiplərini tanıyıb. Prinsip isə ondan ibarətdir ki, keçmiş SSRİ dönəmində mövcud olmuş inzibati sərhədlər gələcəkdə müstəqil dövlətlərin sərhədləri üçün əsas olmalıdır. Amma bu, hansısa ilə dair xəritənin əsas götürülməsi anlamına gəlmir. Dünyada hər hansı ilin xəritəsinin əsas götürülərək delimitasiya işlərinin aparılması təcrübəsi yoxdur. Bu prosesin tarixi, iqtisadi əsasları olmalıdır.

Faktiki olaraq, Sovet dönəmində bir dövlətin tərkibində yaşayan insanlar iqtisadi əlaqələr qurub və sairə. İndi gündəmdə olan digər bir məsələ respublikaların keçmiş Sovet İttifaqına daxil olarkən mövcud olmuş sərhədlərinin müstəqillik dövründə bərpa olunması ilə bağlıdır. Rusiya bu ideyanı dəstəkləyir. Bu, Rusiya üçün Krım mövzusunda vacib olan məsələdir. Amma Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına daxil olan zaman Azərbaycanın sərhədləri və xəritəsi fərqli olub. O halda biz nəyə görə inzibati sərhədləri 1975-ci ilə aid xəritələri əsasında müəyyən etməliyik? Bəlkə də 1975-ci il xəritəsi Qazax rayonuna, Naxçıvanın bir hissəsinə aiddir. Amma Zəngəzura və Göyçəyə aid olan xəritələr 1920-ci ilə aiddir. Əslində, Ermənistan öz sərhədlərindən özü imtina edib. Əgər bir ölkə başqa bir ölkəyə qarşı ərazi iddiası ilə çıxış edirsə, deməli, öz sərhədlərini də tanımır.

Ermənistanın indi istinad etdiyi xəritələr 1991-ci ildə mövcud olmayıb. Müstəqillik qazandıqdan sonra Ermənistan Azərbaycanla sərhədlərdən imtina edib. İndi isə məsələyə çox prinsipial şəkildə baxılmalıdır.

- Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, delimitasiya və demarkasiya prosesi hansısa xəritələr əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilməlidir. Söhbət hansı hüquqi sənəddən gedir? ümumiyyətlə, xəritələr özü hüquqi sənəd deyilmi?

- Xəritələr hansısa hüquqi sənədlərin əksidir. Əvvəlcə hansısa qərarlar qəbul olunur. Onun əsasında da Sovet İttifaqında inzibati xəritələr tərtib olunub.

Deməli, bizim tam hüququmuz var ki, vaxtilə Zəngəzurun Ermənistana verilməsi barədə qeyri-konstitusion qərardan əvvəlki dövrə istinad edək. Belə qanunsuz qərarlar sonra da qəbul olunub.

- Qars müqaviləsindən sonra sərhədləri müəyyən edəcək mühüm hüquqi sənəd varmı?

- Xeyr. Amma biz Alma-Atı Bəyannaməsində SSRİ-nin inzibati sənədlərinə istinad etmişik.

- Amma Paşinyan hələ 2021-ci ildə bəyan edib ki, SOV.İKP MK plenumunun və Rayon Partiya Soveti İcraiyyə Komitələrinin qərarları ilə ərazilərin qonşu respublikalara verilməsi haqqında qərarlar hüquqi qüvvəyə malik deyil. Ona görə 1920-ci illərin xəritələri əsas götürülməlidir.

- Düz deyir. Çünki Ermənistan Azərbaycana qarşı ərazi iddiasını irəli sürməklə özünün dövlət sərhədini demək olar ki, ləğv edib və indi yeni sərhədini formalaşdırır. Ona görə də Ermənistanın 1991-ci ilə aid sərhədləri artıq mövcud deyil. Amma Alma-Atı Bəyannaməsi bizi 1991-ci ilin inzibati xəritələrinə qaytarır. Bu halda biz istənilən dövrün xəritələrini əsas götürə bilərik. Nə üçün 1920-ci ilin deyil, 1975-ci ilin xəritəsi tətbiq edilməlidir? Bunların fərqi nədir?

- Ermənistanın 1975-ci ilin xəritələri ilə bağlı israr etməsinin səbəbi nədir?

- Ermənistanın məqsədi 1975-ci ilə dair sərhədlərin beynəlxalq səviyyədə tanınmasına nail olmaq və bundan sonra öz siyasətini davam etdirməkdir. Hələ də deyirlər ki, Qarabağ ermənilərinin statusu məsələsinə baxılmalıdır. İndiyə qədər onlara büdcədən pul ayırırlar, hərbçiləri Qarabağda xidmət edir. “Miatsum” ideyasının daşıyıcıları olan insanlar hələ də Ermənistandan gəlib Qarabağda pozucu fəaliyyət göstərir. Yəni işğalçılıq siyasətinin bütün elementlərini orada tapmaq olar.

- Deməli, delimitasiya və demarkasiyadan sonra sülh sazişindən imtina oluna bilər...

- Heç sülh sazişi tətbiq olunmaz. Fikir verin, Ermənistan tərəfi deyir ki, Xankəndidə “müstəqil administrasiya” var. Bu qondarma administrasiyanın maaşını kim verir? Ermənistan. Ermənistan hakimiyyəti təyin etdiyi, maaş verdiyi insanları gətirib Azərbaycanın qarşısına qoyur ki, gedin, danışın. Bəs bu, ilhaq siyasəti deyil? Bu şəraitdə biz inzibati sərhədlərimizi 1975-ci ilin xəritəsi əsasında nə üçün tanımalıyıq? Sən mənim suverenliyimi tanımırsansa, mən sənin sərhədini niyə tanımalıyam?

- Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, biz Qarabağdakı ermənilərin gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Statusun müəyyən edilməsi məsələsinə iddia etmirik və buna cəhd də etmirik. Yəni Ermənistan iddiasından geri çəkilmiş kimi göründü...

- Bəs nə üçün Ermənistan büdcəsindən onlara maliyyə ayırırlar? Hərbçiləri qaytarıb? Yox. Silahları çıxarıb? Yox. Qarabağa silahlar haradan gəlir? Bəyəm Xankəndidə silah istehsal edən müəssisələr var? Yox. Silahlar Ermənistandan gətirilib. Məsələ ondadır ki, Mirzoyan bəyanat verə bilər. Ancaq praktik siyasət fərqlidir. Onlar qaçır, ehtiyat edirlər. Əgər Ermənistan bu addımlarını davam etdirsə, Azərbaycan ötən ilin sentyabr ayında olduğu kimi onlara zərbələr endirəcək. Yəni Ermənistanın ərazisi və ya sərhədi deyilən bir ərazi mövcud deyil. O, harada yazılıb və təsdiq olunub? Sən mənim sərhədimi tanımadığın kimi mən də sənin sərhədini tanımıram.

- Ararat Mirzoyan həmçinin bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün 86,6 min kv. km, Azərbaycanın isə Ermənistanın ərazi bütövlüyünü 29,8 min kv. km. tanıması siyasi bəyanatdır. Bu açıqlamanı necə başa düşək? Ermənistan bu razılaşmadan geri çəkilir?

- Dünya tarixində ərazinin hansısa kvadratmetrlə tanınması təcrübəsi yoxdur. Azərbaycanın Xəzər dənizinin sahili hər il dəyişir. Bundan asılı olaraq, rəqəmlər də dəyişir. Mirzoyan nəyi nəzərdə tutur, özü bilər. Mənim sərhədim o yerdən keçir ki, həmin ərazini öz torpağım hesab edirəm. Paşinyanın yanında Fransa dayanıb deyə bilər ki, mən bu yeri Ermənistan ərazisi kimi tanıyıram. Amma bu, beynəlxalq səviyyədə tanınmış sərhəddir. Yaxud ABŞ Tayvanı Çinin tərkib hissəsi kimi tanıyır. Yəni Çinin ərazi bütövlüyünü tanıyır, amma suverenliyini tanımır. Həmin vəziyyəti Ermənistan Qarabağda da yaratmaq istəyir. Ona görə də sülh sazişi və ya prinsiplərin sadalanması bizə heç nə vermir. ABŞ Çinin ərazi bütövlüyünü tanısa da, ona aid adada öz qoşunlarını saxlayır.

Ermənistan da istəyir ki, 1975-ci il xəritələri əsasında dövlət sərhədini tətbiq etdikdən və özünün təhlükəsizliyini tanıdıqdan sonra “Mən Qarabağ siyasətini davam etdirirəm, çünki orada yaşayan ermənilərin təhlükəsizliyi təmin olunmalıdır” desin.

- Amma 1975-ci ilin xəritəsi tətbiq olunacağı halda biz həmin vaxtdan sonra Qazax, Naxçıvan və digər ərazilərdən qanunsuz olaraq Ermənistana verilmiş torpaqları qaytarmaq imkanı əldə edə bilərik...

- Nə üçün 1975-ci ildən sonra verilmiş torpaqları qaytaraq, 1920-ci ildən sonra verilmiş əraziləri qaytarmayaq? Məntiq nədir? Biz nə üçün vətəni 1975-ci ildən sonrakı dövrə aid edirik? Ona görə ki, ermənilərə belə sərf edir? ümumiyyətlə, sərhədlərin 1829-cu ildən, Rusiyanın İrəvanı işğal etdiyi gündən hesablanması mənim üçün daha sərfəlidir. Məntiq ondadır ki, əgər bir ölkə başqa ölkənin ərazilərinə iddialıdırsa, deməli, öz sərhədlərini ləğv edib. Ermənistan da öz sərhədlərini ləğv edib, indi istəyir ki, 1975-ci ilin xəritəsini tətbiq etməklə onu bərpa etmək istəyir. Azərbaycan da deyir ki, nə üçün 1975-ci ilin xəritəsi olur, 1920-ci ilin xəritəsi olmur? 1988-ci ildən əvvəl Ermənistan SSR-in ərazisində azərbaycanlılar yaşayıb. İndiyə qədər orada 100-ə yaxın kənd boşdur. Bunu Ermənistana gəlmiş Avropa İttifaqının missiyası da təsdiq edib. Biz o ərzilərdən nə üçün imtina etməliyik?

- Ermənistan belə rəy yaratmağa çalışır ki, Alma-Atı Bəyannaməsi qəbul olunan zaman sanki orada 1991-ci il sərhədlərini əks etdirən xəritələr təqdim olunub. Gəlin, buna aydınlıq gətirək.

- Xeyr, olmayıb. Orada onlar öz tərəflərindən xüsusi qeyd təsbit ediblər. Onlar bəyan ediblər ki, Ermənistanı Müstəqillik Aktında göstərilən ərazilərdə tanıyırıq. Müstəqillik Aktında isə onlar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdiriblər. Onlar ötən ilin oktyabr ayında Praqa görüşündə deyirdilər ki, həmin sənəd qüvvədən düşüb. Doğrudur, SSRİ Ali Soveti Ermənistan Ali Sovetinin bu qərarını tanımayıb. Ancaq indi SSRİ yoxdur. Bizə Ermənistanın bu qərardan imtina etməsi lazımdr. İndi onlar da tanımır. Bu mənada, Azərbaycan hüquqi baxımdan bir addım irəlidədir. Lakin Kişineuda Fransa və Almaniya hansısa xəritəni tətbiq etməyə və sərhədi təsdiq etməyə çalışıblar. Onlar görüblər ki, Alma-Aatı Bəyannamasi buna imkan vermir. Azərbaycan da deyir ki, o vaxt Ermənistan DQMV-i qanunsuz olaraq Ermənistana birləşdirmək haqqında qərar çıxarıb.

Digər tərəfdən, Azərbaycan da özünü Azərbaycan Demokratik Respublikasının varisi elan edib. Deməli, Azərbaycanın sərhədləri həmin sərhədlərin varisidir.

- Ermənistan da özünü 1918-ci ildə mövcud olmuş kiçicik Ermənistan Respublikasının varisi və üçüncü respublika elan edib. Bu baxımdan, sərhədləri həmin dövrə uyğun olmalıdır.

- Ona görə də biz Alma-Atı Bəyannaməsindən sərhədləri deyil, prinsipləri götürmüşük. Biz Sovet İttifaqının administrativ sərhədləri daxilində əsas kimi gələcəkdə Ermənistanla sərhəd qurmaq istədiyimizi bildiririk. Onlar deyir bu sərhəd 1975-ci ilə aid olsun, biz deyirik ki, 1920-ci ilə aid olmalıdır. Ona görə də erməni tərəfi təxribata əl atadı və Kişinyeudakı danışıqlara Makronu dəvət etdi. Məqsəd Praqada etdikləri fırıldağı yenidən təkrarlamaq idi. İndi Azərbaycanın taleyi həll olunur. Tarixi ədalətsizliyi düzəltmək üçün şansımız yaranıb.

Ermənistan bizə qarşı hansı taktikadan istrifadə edirsə, biz də onalara qarşı eyni addımı atmalıyıq. 1998-ci ildə münaqişənin mahiyyəti dəyişib. O zaman Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə razılığa gəliblər ki, bu məsələ iki ölkə arasında həll olunsun. Qarabağ, Zəngəzur mövzusu bu danışıqların bir hissəsi ola bilər. Amma müzakirələr iki ölkə arasında aparılmalıdır. Nəticədə, münaqişənin mahiyyəti dəyişib və ermənilər bunu başa düşməyib. 20 ildən sonra oyanıblar ki, nə üçün Qarabağdakı qondarma rejim 10 noyabr Bəyanatını imzalamayıb. Lavrov da onları başa salıb ki, Köçəryan vaxtilə bundan imtina edib. Deyib ki, “Dağlıq Qarabağ” lazım deyil, danışıqları mən özüm aparacağam. Yəni Heydər Əliyev 1998-ci il aprelin 4-də Robert Köçəryanı aldadıb və münaqişənin strukturunu dəyişib. Ona görə də biz indi istənilən mövzunu, o cümlədən Zəngəzur məsələsini gündəmə gətirə bilərik.

- Hazırda Azərbaycan sülh sazişini imzalamaqda daha çox maraqlı görünür. Ermənistan isə delimitasiya və demarkasiya prosesini qabağa salmaq niyyətindədir. Armen Qriqoryan sülh sazişinin bu ilin sonan qədər imzalanacağını istisna etməyib, bu məsələyə münasibətdə fikir ayrılığı müqavilənin reallaşmasına mane ola bilərmi?

- Sülh sazişinin imzalanması problemlərin həll olunması demək deyil. Problemlər o zaman aradan qalxacaq ki, onun implimentasiyası, yəni həyata keçirilməsi təmin olunsun. Bu isə sazişin imzalanmasından dərhal sonra baş vermir. Yəni Ermənistan bundan sonra öz hərbçilərini Azərbaycana ərazisindən geri çağıracaq, yoxsa yox? Silahları Qarabağadan çıxaracaqmı? Büdcədən Qarabağdakı qondarma rejimə vəsait ayırmağı dayandıracaqmı? Mən deyirəm ki, xeyr. Belə olan halda sülh sazişi nəyə lazımdır? Bizə lazımdır ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkdiyinə dair bəyanat versin. Sual olunur, onlar hansı ərazi iddilarından əl çəkirlər? 1975-ci ildən sonra olan, yoxsa 1920-ci ildən sonra olan ərazi iddilarından? Bunlar hüquqi baxımdan eyni mahiyyət daşıyır.

Münaqişə sülh sazişinin imzalanması ilə bitmir. Əgər münaqişə davam etsə. o halda biz bunu Zəngəzurda davam etdirməliyik. Əgər Ermənistan münaqişəni Qarabağda davam etdirmək istəyirsə, biz Zəngəzurda nə üçün davam etdirməyək? Belə olarsa, Ermənistan iddialarına və münaqişəyə son qoyacaq. Eyni zamanda, Azərbaycan və Türkiyə tandemi o qədər güclüdür ki, bizim çox böyük uğur qazanmaq imkanımız var.

- Siz iyulun 21-də Brüsseldə və ya oktyabrın 5-də İspaniyada sülhə dair hər hansı çərçivə sazişinin imzalanacağını gözləmirsiniz?

- Xeyr. Çünki sülh sazişi qismən Qərbə lazımdır. Rusiyaya isə ümumiyyətlə, lazım deyil. Qərb istəyir ki, dövlətlər arasında hansısa sərhəd təsbit olunsun və Ermənistanı hüquqi baxımdan, təminat altına alsın. Onlar Azərbaycanı guya Ermənistan ərazisinə müdaxilə etməkdə ittiham edir. Biz isə deyirik ki, sərhədi göstərin. Sərhəd xətti haradan keçir? Bura bizim sərhədimizdir. Ona görə də məqsədi həmin sərhəd xəttini müəyyən etməkdir.

- Amma sülh sazişinin olmaması və bölgədə gərginliyin davam etməsi Rusiya sülhməramlılarının Qarabağda qalmasına şərait yaradır.

- Belə deyil. Əvvəla, Qarabağın təhlükəsizliyini təmin etmək üçün biz Zəngəzurda gərginlik yaratmalıyıq. İkincisi, Rusiya sülhməramlılarının missiyasını Türkiyə hərbçiləri də həyata keçirə bilər. Rusiyaya deyə bilərik ki, hərbçilərin sayını azalt, polislə əvəz et, hərbi polisi Türkiyə göndərsin. Kosovoda, Bosniyada olduğu kimi. Hətta Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin sülhməramlı missiyasını təşkil etmək olar. Amma yarım ilə qədər Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin Qarabağdan qaçması sürətlənəcək.

Müşfiq Abdulla
Cebhe.info