Xəyanət, aliment, təzminat: Bir imza ilə bu problemlərdən azad olmaq mümkündür-MÜSAHİBƏ

Xəyanət, aliment, təzminat: Bir imza ilə bu problemlərdən azad olmaq mümkündür-MÜSAHİBƏ

Ölkəmizdə boşanmalaırn sayında artım cəmiyyəti ciddi narahat edir.

Tərəflər ayrıldıqdan sonra uşaqlara ödəniləcək aliment, onların daimi yaşayış yeri ilə təminatı da ciddi şəkildə problem kimi ortaya çıxır. Eyni zamanda, xəyanət səbəbilə boşanmaların artmasından da danışılır ki, bu halda da xəyanətlə üzləşən tərəf qarşı tərəfdən təzminat ala bilməməkdən şikayətçi olur. Əslində bütün bu problemlərin həlli üçün qanuni əsas, yəni nikah müqaviləsi var.

Son illər nikah müqaviləsi bağlayanların sayı artsa da, yüksək say müşahidə edilmir. Dövlət Statistika Komitəsinin yaydığı hesabata əsasən, 2019-cu ildə 63869 nikah qeydə alınıb və onlardan yalnız 129-da nikah müqaviləsi, 2020-ci ildə 35348 nikahdan 151-də nikah müqaviləsi bağlanıb. Ailə həyatı quran tərəflər çox zaman nikah müqaviləsi bağlamağı üstün tutmasa da, bu, gələcəkdə yaran biləcək mümkün problemlərin qarşısının alınması üçün önəmli faktorlardan biridir.

Bəs nikah müqaviləsi nədir? Hansı şərtləri özündə ehtiva edir? Nikah müqaviləsinə hansı halda xitam verilə bilər?

Cebhe.info-nun suallarını vəkil Babək Həmidov cavablandırıb.

-Babək bəy, öncə nikah müqaviləsinin mahiyyətini açıqlamağınızı istəyərdim.

-Nikah müqaviləsi nikahdan sonra və yaxud nikah dövründə mülkiyyət hüquqlarını müəyyən edən sənəddir. Əmlakı kim idarə edəcək, əmlak kimin mülkiyyətinə daxildir -bu kimi məsələlər müqavilədə öz əksini tapır. Nikah müqaviləsi ümumi mahiyyəti ər -arvadın əmlak rejimini və əmlaka olan hüquqlarını müəyyən edən sənəddir. Burada şəxslər bir-birinə qarşı konkret tələblər də qoya, şərtlər də irəli sürə bilər. Məsələn, müqavilədə qeyd edilə bilər ki, nikah pozulduğu halda ər tərəf arvad tərəfə ikiotaqlı mənzil verməlidir, yaxud xəyanətin sübut olunduğu təqdirdə təzminat ödənilməlidir. Bu kimi tələbləri tərəflər nikah müqaviləsində göstərərək nikah dövründə və nikahdan sonrakı müddətdə əmlakın kimə məxsus olduğunu müəyyən edə bilərlər. Mənim vəkil kimi gördüyüm budur ki, nikah müqaviləsinin sayında artım yoxdur.

-Nikah müqaviləsi bağlayanlar arasında maddi durum nəzərə alınırmı? ümumiyyətlə, müqavilə bağlayanlar içində hansı təbəqədən olan vətəndaşlar çoxluq təşkil edir?

-Məntiqlə götürdükdə əmlakı olan və yaxud əmlak əldəetmə potensialı olan şəxslər nikah müqaviləsi bağlamağa üstünlük verirlər. Çünki əmlakı olmayan və əmlak əldə etmə potensialı olmayan, ancaq nikaha daxil olan şəxslərin nikah müqaviləsi bağlamaq üçün üçün faktiki əsası yoxdur. Amma məsləhətdir ki, həmin şəxslər nikah müqaviləsi bağlasın. Çünki nəticə etibarilə Azərbaycanda məhkəmələrdə ən çox baxılan işlər ailə münasibətləridir. Bu məsələlərin kökündə də qadınların və uşaqların yaşayış hüququnun müəyyən olunması dayanır. Məhz bu məsələni şəxslər nikaha daxil olarkən həll edə bilərlər. Şəxslər müqavilə imzalaya bilər ki, nikah pozulduğu halda uşaq kimin tərəfində qalırsa, qarşı tərəf onu yaşayış yeri ilə təmin etsin. Çox zaman boşanma hallarında qadın və uşaq öz ata evinə qayıdır və valideynlər də nikahın pozulmasına qarşı çıxır. Bunun həlli odur ki, tərəflər öncədən nikah müqaviləsi bağlasın. Qarşı tərəfin üzərinə müəyyən şərtlərlə öhdəlik qoya bildikləri halda sonradan bu kimi problemlər də yaşanmır. Yaşayış yeri ilə təmin olunmağı da müvəqqəti və daimi seçə bilərlər. Məsələn, müqavilədə qeyd oluna bilər ki, uşaq 18 yaşına çatana qədər ana və övladı yaşayış yeri ilə təmin olunsun. Bunlar tərəflər arasında razılaşdırılmalıdır. Amma nikah bağlandıqdan sonra kiminsə gəlirləri kifayət qədər yüksək olarsa, həmin gəlirlərin idarə edilməsi ilə bağlı nikah müqaviləsinin bağlanması mümkündür, çünki onların faktiki əsası var.

-Nikah müqaviləsində əmlakdan əlavə, xərclərin bölüşdürülməsi məsələsinə də yer ayrılırmı?

-Nəticə etibarilə, bu, müqavilədə qeyd oluna bilər. Hər iki tərəf öz üzərinə öhdəlik götürə bilər ki, övladlarının adına kart hesabı açıb, o hesaba aylıq qazanclarının 1/4-i qədər pul köçürürlər.

-Bəs nikah müqaviləsində sonradan dəyişikliklər etmək mümkündürmü? Buna qanunla icazə verilir?

-Aydındır ki, heç kəs evlənəndə nikahın pozulması ilə bağlı məsələni fikirləşmir. Amma nəticə etibarilə bağlanan nikahların pozulması anında qoyulan şərtləri gözə almalıdırlar. Bunu dəqiqləşdirmədiklərinə görə də məhkəmələrdə baxılan işlərin sayı çoxalır. Həmçinin, yaşayış yerindən məhrum qalan qadın və uşaqların sayı artır. ümumiyyətlə, müqavilədə göstərilən budur ki, tərəflərin razılığı ilə və qanunazidd olmayan, bir tərəfi həddən artıq əlverişsiz vəziyyətə salmayan dəyişikliyi əlavə edə bilərlər. Bu şərtlərə əməl edilərsə, istənilən vaxt dəyişiklik etmək olar. Şərtlərə əməl etmədikdə isə məhkəmə qaydasında dəyişikllik və ya xitamı tələb edə bilərlər.

- Nikah müqaviləsi yalnız nikaha olduqda imzalanır, yoxsa istənilən zaman müqaviləyə imza atmaq mümkündür?

- Cari situasiyada müqavilələr könüllü ittifaqdır. Nikahın özü də könüllü ittifaqdır. Şəxslər nikahlarını rəsmiləşdirmədən də 10 il, 50 il bir yerdə yaşaya bilər. Heç kim heç kimi müqavilə bağlamağa məcbur edə bilməz. Bu gün boşanmaların sayı çoxdur. Evlənən heç kim fikirləşmir ki, gələcəkdə boşana bilər. Amma boşandıqda da hər ikisinə nikah müqaviləsi lazım olur. Buna görə nikahın ən yaxşı sığortası nikah müqaviləsidir. Vaxtında bağlanmış nikah müqaviləsi gələcəkdə yarana biləcək əmlak mübahisələrini sıfıra endirir.

-Bəs müqaviləyə nə zaman xitam verilə bilər?

-Nikah müqaviləsinə hər iki tərəfin razılığı ilə, müddət qoyulmaqla, tərəflərdən birinin razı olmadığı təqdirdə məhkəmə ilə xitam verilə bilər. Amma məhkəmə də baxır ki, xitam vermək üçün əsaslar var, ya yox. Məhkəmə araşdırır ki, müraciəti əsaslıdır, ya yox. Bundan sonra müqavilənin xitam verilməsinə qərar verilir.

Naibə
Cebhe.info