Antiterror tədbirləri qaçılmaz oldu: Hədəf Xankəndidir

Antiterror tədbirləri qaçılmaz oldu: Hədəf Xankəndidir

Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatına başlayıb.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regionda sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir:

“Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır”.

Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan ermənilərə kifayət qədər vaxt vermişdi:

“Dinc vasitələrlə məsələləri həll etmək üçün 30 il gözlədik, amma ermənilər bunu zəiflik kimi dəyərləndirdilər. Məhz 44 günlük Vətən müharibəsində onlara gücümüzü göstərdik. Artıq müharibənin bitməsindən 3 il keçib. Onlara göstərdik ki, qərarımızı özümüz veririk, heç bir beynəlxalq təşkilat bizim iradəmizə təsir edə bilməz.

Onlara dedik ki, ABŞ-a və ya Rusiyaya arxayın olmayın. Biz bunları onlara başa salmağa çalışsaq da, anlamadılar. Yenə də öz yalanlarını dünyaya çatdırmağa çalışdılar. Qərb və Rusiya onların yalanlarını tirajladı və onların mövqeyindən çıxış etdi. Bizim bu qədər güzəştə getməyimizə və dözməyimizə rəğmən ermənilər yenə də iddia ortaya qoyaraq, orada hansısa qurumun olduğunu dedilər.

Əslində, Xankəndində separatçı bir qurum var. Separatçıya və terrorçuya qarşı necə hərəkət etmək lazımdırsa, Azərbaycan da o cür hərəkət etməlidir. Ermənistan rəhbərliyi isə sözünü yüz dəfə dəyişir və Azərbaycana mesajlar göndərməyə çalışırdı”.

Partiya sədri vurğulayıb ki, belə bir şəraitdə Azərbaycan artıq antiterror əməliyyatlarına başlamalı idi:

“Biz 3 il dözdük, amma artıq suveren hüquqlarımızı bütün ərazilərimizdə bərpa etməliyik. Bu dəfə axıra qədər getməliyik, yenə yarımçıq dayanmamalıyıq. Azərbaycan hakimiyyət İkinci Qarabağ müharibəsində humanist davaranaq, axıra qədər getmədi.

Amma ermənilər və havadarları bunu başa düşmədilər. Ona görə də mütləq şəkildə hədəfimiz Xankəndi olmalıdır. Hesab edirəm ki, Xankəndi tam şəkildə nəzarətə götürülməlidir. Həmçinin, bizim üçün çox vacib olan Xocalı və Ağdərə də işğaldan azad olunmalı, tam nəzarətimizə qaytarılmalıdır.

Xocalı soyqırımı heç vaxt bizim yaddaşımızdan çıxmamalıdır. Hətta Xocalının hələ də ermənilərin nəzarətində qalması şəhidlərimizin və soyqırım qurbanlarının ruhlarını incidir.

Ona görə də Qarabağda tam şəkildə Azərbaycanın qanunları bərqərar olunmalıdır. Ondan sonra dinc ermənilər istəsələr qalarlar, istəməsələr rədd olub gedərlər”.

Elmir Mustafa
Cebhe.info