“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində

“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində

Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən “Azərbaycanda dövlət xidmətlərində texnologiyalar və sosial innovasiyalar” adlı nəşr dərc olunub.

Dövlət xidmətləri sahəsi üzrə icmal xarakteri daşıyan nəşr qurumun müvafiq istiqamətləri üzrə fəaliyyət göstərən bölməsi tərəfindən 2022-2026-cı illər üzrə Fəaliyyət Planının icrası çərçivəsində hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, materialda agentliyin dövlət xidmətlərində uğurla tətbiq etdiyi “ASAN xidmət” modeli, “ASAN xidmət indeksi”, “ASAN müraciət” informasiya sistemi, ASAN Viza sistemi, dövlət xidmətlərinin təşkilində tətbiq olunan süni intellekt əsaslı həllər, Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemi və digər texnoloji həllər barədə ətraflı məlumat verilir.

Diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modeli dövlət xidmətlərinin təşkili sahəsində şəffaf, çevik və vətəndaş məmnunluğuna əsaslanan idarəçiliyin müasir nümunəsi kimi son illər ərzində beynəlxalq miqyasda geniş nüfuz qazanıb.

“ASAN xidmət” modeli region ölkələri üçün nümunəvi yanaşma kimi qiymətləndirilir. Modelin uğurunu təmin edən əsas amillər kimi güclü siyasi iradə, mərkəzləşdirilmiş idarəetmə, davamlı innovasiya və ictimai əks əlaqə mexanizmləri göstərilir.

Eyni zamanda, nəşrdə vurğulanır ki, “ASAN xidmət”in məqsədyönlü tətbiqi dövlət xidmətlərinin transformasiyası üçün yüksək potensiala malikdir və region ölkələri bu təcrübəni istifadə edərək dövlət xidmətləri sahəsində inklüziv, şəffaf və dayanıqlı idarəetmə sistemləri qura bilərlər.

Nəşrə keçid: https://repository.unescap.org/server/api/core/bitstreams/b4fc8ec3-facd-4a06-b92c-358a11445dc0/content

"Cebheinfo.az"