Kəlbəcər Şəhəri Günü: Yaddaşlarda əbədiləşən tarix

Kəlbəcər Şəhəri Günü: Yaddaşlarda əbədiləşən tarix

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Bu gün Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən üç il ötür.

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. 

Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Bu gün artıq Kəlbəcər işğaldan azad edilməklə yanaşı yenidən qurulur. 

"Kəlbəcər rayonu Ermənistanla sərhəd zonadır, həm də Azərbaycanın ən səfalı guşələrindən biridir".

Bu fikirləri millət vəkili Tahir Rzayev Cebhe.info-ya açıqlamasında bildirib:

“Kəlbəcər ölkə iqtisadiyyatına, xüsusən də aqrar sektora töhfə verən bir regiondur. Sözsüz ki, Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycan xalqında çox böyük qürur və fərəh doğurur. Prezident İlham Əliyev də bunu bir neçə dəfə öz çıxışlarında qeyd edib.

2021-ci ildə ölkə başçısının Kəlbəcər rayonunda Azərbaycan Dövlət bayrağını ucaldarkən söylədiyi fikirlər bir daha onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin hər qarışı xalqımız, o cümlədən dövlət başçısı üçün əzizdir. Kəlbəcərin bu gün yenidən qurulması, bərpa olunması ilə bağlı dövlət qayğısı da çox böyükdür.

Ölkə başçısı da nəinki Kəlbəcər, digər işğaldan azad edilmiş ərazilərin yenidən qurulması üçün öz səylərini birləşdirir. Bu yaxınlarda ölkə başçısı bunu bir daha xatırlatdı və qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərə artıq 12 milyard manat vəsait ayrılıb və bundan sonra da 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Eyni zamanda Kəlbəcərin də yenidən qurulması diqqət mərkəzindədir. 

Kəlbəcər hələ sovet dövründə ölkənin ən tanınmış rayonlarından biri idi. Çünki onun təbii sərvətləri, mineral suları Kəlbəcəri dünyada tanıtmışdı. Bu gün Kəlbəcərdə "İstisu" yataqlarının yenidən bərpa olunması üçün göstərilən səylər də bunu bir daha sübut edir. Kəlbəcər həm də böyük kənd təsərrüfatı rayonudur və vaxtilə burada heyvandarlığın inkişafı diqqət mərkəzində idi. 

İşğaldan azad edildikdən sonra da fermerlər mal-qarasını Kəlbəcərə aparır və orada arı ailələri yerləşdirilir ki, gələcəkdə də bu proses davam etdiriləcək. Ölkə başçısı da Kəlbəcərin inkişafı üçün dövlət büdcəsindən müəyyən vəsait ayrılmasını nəzərdə tutub.

Bu istiqamətdə həyata keçirilən tədbirlər ümid verir ki, yaxın vaxtlarda insanlar Füzuli, Laçın, Zəngilana, öz dədə-baba yurdlarına qayıtdıqları kimi Kəlbəcərə də artıq köç başlayacaq. 

Kəlbəcər sakinləri uzun müddətdən sonra öz arzularını reaklaşdıracaq və yurdlarına qayıdacaqlar. Bu gün qürur hissi keçiririk ki, torpaqlarımız tam azaddır. Ölkə başçısı Zirvə görüşündə də qeyd etdi ki, "Azərbaycan heç bir dövlətdən asılı deyil. Azərbaycan müstəqil siyasət yürüdür, iqtisadiyyatımız  4 dəfə artıb. Büdcəmiz 30 dəfədən, valyuta ehtiyatlarımız 37 dəfədən çox artıb. Əldə olunan iqtisadi nəticələr Azərbaycan xalqının rifahını yüksəldib". 

Ölkə başısının da söylədiyi kimi, biz işğaldan azad edilmiş ərazilərin tam bərpa edilməsinə, orada həyatın canlanmasına, həmin regionların inkişafına heç vaxt diqqətimizi əsirgəməyəcəyik".

Nigar Abdullayeva 
Cebhe.info