Separatçılar Xankəndidən qaçır: Oyun, yoxsa...

Separatçılar Xankəndidən qaçır: Oyun, yoxsa...

Sentyabrın 11-də “Facebook” sosial şəbəkəsində kişi cinsindən olan, cavan yaşlarında bir qrup erməninin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana getdiyinə dair fotoşəkillər paylaşılıb.

Eyni zamanda, həmin ermənilərin Ermənistan ordusunun Qarabağdakı qalıqlarının hərbi qulluqçuları olduğu və Azərbaycan ərazisindən çıxartması xəbəri yayılıb.

Lakin görüntüləri əks olunmuş ermənilər mülki geyimdə olduğundan onların təhsil almağa gedən tələbə adı ilə Ermənistana keçdiyi bildirilir. Ancaq onların tələbəlik dövrü ilə müqayisədə yaşlarının çox olduğu görünür. Həm də aralarında bir nəfər qadının olmaması da ermənilərin tələbə olmasına şübhə yaradır və hərbçi olduqlarına dair ehtimalı artırır. Üstəlik, onların əsgəri sıra ilə düzülüşü də diqqəti cəlb edir. 

Qeyd edilən xəbər ilk baxışdan müsbət qarşılansa da, mahiyyət etibarı ilə Ermənistanın növbəti blefi kimi qiymətləndirilə bilər. Çünki Azərbaycan ərazisindəki qanunsuz erməni birləşmələrinin sayı 10 min nəfərdir. 

Fotoşəkildə isə 15-20 nəfərin olduğunu görmək olar. Yəni Ermənistan Qarabağdakı qoşunlarını çıxartmağa qərar veribsə, bu birdəfəlik və kütləvi olmalıdır. Azərbaycan ərazisində bir nəfər də olsun erməni əsgəri qalmamalıdır. 

Amma fotoşəkildə bir qrup insanın sərhəd-buraxılış məntəqəsində növbə gözləməsi görünür ki, bu da Ermənistanın qoşunları çıxartmaq istəyinə şübhə yaradır. Eyni zamanda, Ermənistan ordusunun Qarabağda xeyli sayda zirehli texnikası, artilleriya qurğuları və silahları var. Həmin döyüş vasitələri Azərbaycan ərazisindən çıxarılmalıdır. 

Lakin bununla bağlı hər hansı fakt mövcud deyil. Ona görə də Ermənistanın, hətta 15-20 nəfər hərbi qulluqçusu Azərbaycan ərazisini tərk etsə belə, bu hələ qoşunların Qarabağdan çıxması anlamına gəlmir.     

Hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya açıqlamasında bildirib ki, sözügedən fotoşəkildəki insanlar çox güman ki, Ermənistan vətəndaşlarıdır və Azərbaycan ərazisinə qanunsuz daxil olduqlarına görə, hazırda ölkəni tərk etmək məcburiyyətində qalıblar:

“Hesab etmirəm ki, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş Ermənistan və ya üçüncü ölkə vətəndaşı rahatlıqla “Laçın” sərhəd-buraxılış məntəqəsini tərk edə bilər. Böyük ehtimalla, onların arasında Azərbaycana qarşı cinayət törətməyən, lakin nə vaxtsa qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərmiş kimlərinsə olması istisna edilmir. 

İstənilən halda Azərbaycan ərazisində Azərbaycanın şəxsiyyət vəsiqəsini daşımayan Ermənistan vətəndaşlarının və erməniəsilli insanların qalması qeyri-mümkündür. Bu proses yeni deyil və bir aya yaxındır ki, baş verir. Yəqin ki, bu proses davam edəcək.

Hər halda Azərbaycan ərazisində qanunsuz yerləşmiş xarici ölkə vətəndaşlarının ölkədən çıxarılması müsbət addımdır. Onlara mane olmaq lazım deyil və nə qədər tez çıxıb getsələr Azərbaycan ərazisi qanunsuz məskunlaşmadan daha tez xilas ola bilər”. 

Müşfiq Abdulla  
Cebhe.info