Siyasi partiyaların həmrəylik nümunəsi: “Davam etdirilməlidir”

Siyasi partiyaların həmrəylik nümunəsi: “Davam etdirilməlidir”

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə partiya sədrləri və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirakı ilə Laçına səfər təşkil olunub.

Sayca 6-cı dəfə təşkil olunan bu səfər çərçivəsində iştirakçılara Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub, habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar verilib.

Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib.

Qeyd edək ki, ölkədə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti və bununla əlaqədar formalaşmaqda olan yeni siyasi mədəniyyət çərçivəsində siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə birgə səfərlərinin təşkili Azərbaycan ictimaiyyəti tərəfindən artıq müsbət demokratik ənənə kimi qəbul olunur. Bu, həm də partiyalar arasında siyasi dialoq mühitinin inkişafına da çox ciddi təkan verir.

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, çox uğurlu səfər oldu:

“Bu səfərə bir neçə aspektdən baxmaq lazımdır. Birincisi, biz işğaldan azad olunmuş əraziləri gedib öz gözlərimizlə gördük. Orada çox gözəl quruculuq və yenidənqurma işləri gedir. Yol boyu da aparılan abadlaşdırma işlərinə şahidlik etdik.

Qarabağda tikinti işlərinin getmədiyi hansısa ərazi yoxdur. Bir çox qəsəbədən keçəndə necə gözəl binaların tikildiyini və insanların məskunlaşdığını gördük. Uşaqlar məktəbə gedirdi, həyat qaynayırdı. İkincisi, Laçın şəhəridir. Laçını çox gözəl və səliqəli şəkildə abadlaşdırıblar. Həqiqətən çox böyük işlər görülüb, daha böyük planlar var. Laçın sanki Avropa şəhərləri stilindədir.

Yəni, həddindən artıq gözəl tikilib. Bütün bunlar uğurlardır. Sonda görülən işlərlə bağlı toplantı keçirildi və Prezidentin Laçındakı xüsusi nümayəndəsi Məsim Məmmədov bizə maraqlı və ətraflı məlumatlar verdi”.

Partiya sədri vurğulayıb ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu səfərləri təşkil etməklə çox böyük işlər görür:

“Hesab edirəm ki, bu səfərləri təşkil etmək çox yaxşı təşəbbüsdür. Partiyalar, media rəhbərləri və ekspertlər arasında yaxşı ünsiyyət yaranır. Bu da çox mühümdür. Cəmiyyətdə düzgün ictimai rəyin formalaşması üçün bu kateqoriyadan olan insanların vaxtaşırı bir araya gəlməyinə ehtiyac var. Yaxşı ənənədir və davam etdirilməlidir. Yəqin ki, bundan sonra daha geniş miqyasda davam edəcək. Fikrimcə, çox müsbət bir tendensiya oldu”.

Akif Nağı onu da diqqətə çatdırıb ki, siyasi partiyalar arasında həmrəylik mühiti inkişaf edir:

“Artıq uzun müddətdir partiyalar arasında siyasi dialoq gedir, həmrəylik mühiti formalaşır. Bu səfərlər həm də partiyalar arasındakı münasibətlərin nizama salınması və inkişaf etməsi baxımından həddindən artıq dərəcədə əhəmiyyətlidir”. 

Elmir Mustafa
“Cebheinfo.az”