Həmrəylikdən qazanan Azərbaycan cəmiyyəti və dövlətidir

“Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə partiya sədrləri və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirakı ilə 29 apreldə Laçına səfər təşkil olundu. Bu, Azərbaycan tarixində işğaldan azad olunmuş ərazilərə sayca 6-cı səfər idi”.
Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bu, adi səfər deyildi:
“Biz bir il bundan əvvəl işğaldan azad olunan ərazilərə səfər etdikdə Azərbaycan Ordusunun qəhrəmanlıqlarını və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin böyük sərkərdəliyinin bir əsərini görürdük. Laçında isə Azərbaycan Ordusunun meydanda apardığı döyüş nəticəsində əldə olunan diplomatik uğurun nəticəsinə şahidlik edirdik.
Həmçinin, Laçın səfərində cənab Prezident İlham Əliyevin apardığı siyasətin diplomatiya sahəsində zəfərini gördük. Çünki Laçın işğaldan döyüş yolu ilə deyil, Azərbaycanın meydanda apardığı uğurlu hərbi əməliyyatlar fonunda diplomatik masada əldə etdiyi zəfər hesabına azad olunmuş 3 şəhərdən biridir”.
Partiya sədri Laçında aparılan abadlıq və yenidənqurma işlərindən də bəhs edib:
“Uzun müddət düşmən işğalında qalmış ərazilərimizdən olan Laçın şəhərini ziyarət etmək çox qürurverici oldu. O müqəddəs torpaqlara ayaq basmaq, oranın havasını almaq, mənzərəsini görmək həddindən artıq dərəcədə gözəl hisslər idi.
Səfər çərçivəsində Prezidentin Laçındakı xüsusi nümayəndəsi Məsim Məmmədov şəhərdə görülən yenidənqurma və abadlıq işləri ilə bizi tanış etdi. Orada yüksək keyfiyyətlə abadlıq və quruculuq işlərinin ildırım sürəti ilə getdiyini görmək tam başqa hissdir. O hissi isə sözlərlə ifadə etmək mümkün deyil”.
Ağasif Şakiroğlu vurğulayıb ki, müxtəlif siyasi düşüncələrə sahib insanların birgə səfərlər həyata keçirməsi siyasi dialoqun və həmrəyliyin möhkəm formada davam etdiyinin göstəricisidir:
“Hesab edirəm ki, iqtidarlı-müxalifətli bu tip birgə səfərlər siyasi partiya rəhbərləri arasında sağlam mühit formalaşmasına səbəb olur. Belə səfərlər sayəsində siyasi partiyalar vahid orqanizmə və gücə çevrildi. Artıq partiyalar arasında “mən” yox, “biz” var.
Bizim həmrəyliyimizdən qazanan Azərbaycan cəmiyyəti və dövlətidir. Birliyimizi bundan sonra da qorumalı və həmrəy olmalıyıq. Bu həmrəylik fonunda da ölkəmizi yeni zirvələrə aparmağı bacarmalıyıq”.
Elmir Mustafa
“Cebheinfo.az”