Azərbaycan Aİ üçün qitələrarası körpüyə çevrilir

"Avropa İttifaqının Kaya Kallasın timsalında yüksək səviyyəli emissarı, yəni Avropa Komissiyasının vitse-prezidenti, xarici siyasət və təhlükəsizlik məsələlərinə məsul komissarın Bakıya ezam olunması və onun Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilməsi tərəflərin münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istədiyini göstərir".
Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Rizvan Nəbiyev bildirib.
Onun sözlərinə görə, xüsusilə Avropa İttifaqının Azərbaycanın 30 illik işğala son qoymaqla regionda yaratdığı yeni geosiyasi reallıqların əhəmiyyətini görməsi və yeni status-kvonun yaratdığı üstünlüklərə uyğun əməkdaşlıq təklif etmək niyyəti diqqət çəkir:
"Biz zaman-zaman ikitərəfli münasibətlərdə ikili standartlar, stereotiplərlə dolu məqamların şahidi olmuşuq. Artıq bu səhifənin tamamilə bağlanması və münasibətlərdə dönüş yaranmasının tam zamanıdır. Çünki Azərbaycan malik olduğu həm iqtisadi enerji resursları, həm də coğrafi vəziyyətindən irəli gələn nəqliyyat-logistika imkanları ilə etibarlı tərəfdaş kimi özünü sübut edir.
Bir faktoru vurğulamaq istərdim ki, Azərbaycan uzun illərdir Avropa İttifaqının 8 dövləti də daxil olmaqla, ümumilikdə 10 dövləti qazla təchiz edir. Hətta bu faktora, yəni Avropada təchizat coğrafiyasına görə Azərbaycan birinci yerdədir. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən biridir, deməli, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm və vacib rola malikdir”.
Millət vəkili vurğulayıb ki, eyni zamanda biz Avropa İttifaqının Orta Asiya dövlətləri və Çinlə münasibətlərini intensivləşdirmək niyyətini görürük:
"Bir neçə həftə öncə Səmərqənddə Avropa İttifaqı ilə Orta Asiya dövlətlərinin sammiti baş tutdu və orada qəbul edilən sənəddə 2030-cu ilə qədər ticarət və iqtisadi münasibətlərin intensivləşdirilməsi məsələsi vurğulandı. Hətta Transxəzər marşrutunun əhəmiyyəti qeyd edildi. Burada da Azərbaycanın yaratdığı logistik imkanlardan və malik olduğu coğrafi mövqenin üstünlüklərindən bəhrələnmək məsələsi təbii olaraq gündəmdədir.
Eyni zamanda, Çin–Avropa İttifaqı münasibətləri və burada Azərbaycanın malik olduğu mövqenin - Orta Dəhlizin üstünlüklərindən istifadə məsələsi gündəmə gəlir. Azərbaycan Prezidentinin Çinə bugünlərdə etdiyi səfər və orada imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasına dair birgə bəyanatda belə bir müddəa yer alır: Çin–Avropa–Çin Transxəzər ekspres marşrutlarının yaradılması və marşrut boyunca əlaqələrin inkişaf etdirilməsi".
Millət vəkili bildirib ki, Tramp administrasiyasının həm Avropa İttifaqına, həm də Çinə tətbiq etdiyi tarif siyasəti səbəbindən tərəflər, yəni Aİ və Çin əməkdaşlığı intensivləşdirmək, ticarət mübadiləsini artırmaq istəyirlər:
“Bu kontekstdə Azərbaycanın Orta Dəhlizin əsas seqmenti kimi malik olduğu infrastruktur bu əməkdaşlıqda yenidən ön plana çıxır. Deməli, bütün bu məsələlərin təhlili onu deməyə əsas verir ki, resurslardan istifadə etməklə Avropa İttifaqı və Azərbaycan əməkdaşlıqda yeni səhifə açır və bu resurslardan səmərəli istifadə əməkdaşlığın intensivləşdirilməsinə və dərinləşdirilməsinə əlavə töhfələr verəcəkdir".
Səbinə Uğur
"Cebheinfo.az"