Qəzada 10-cu sinif şagirdi öldü: Sürücüsü atasının da ölümünə səbəb olubmuş

Qəzada 10-cu sinif şagirdi öldü: Sürücüsü atasının da ölümünə səbəb olubmuş

113 saylı marşrut xətti üzrə hərəkət edən avtobusla qəza törədən şəxs məhkəmə zalında həbs edilib.

Qəza ilə bağlı maraqlı detallar üzə çıxıb. Məlum olub ki, avtobusu idarə edən şəxs sürücü yox, həmin şirkətdə elektrik işləyirmiş. Sürücülük vəsiqəsi də olmayıb.

"Cebheinfo.az"  Musavat.com-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

113 saylı marşrut xətti üzrə hərəkət edən avtobus Bülbülə qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Məlumata görə, qəzanın baş verməsinə səbəb avtobusun idarəetməni itirərək əks yolla gələn “Mercedes”ə çırpılması olub.

Avtobusu idarə edən sürücü - 37 yaşlı Raufun həmin şirkətdə qeyri-rəsmi olaraq elektrik kimi çalışdığı müəyyən edilib. Onu sürücülük vəsiqəsi olmayıb.

Diqqətçəkən başqa bir məqam isə Raufun daha əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi olub. Belə ki, o zaman yenə də sürücülük vəsiqəsi olmadığı halda atasına məxsus avtomobili idarə edərkən qəza törədib. Qəza zamanı atası yanında olub. Raufun atası həmin qəzada aldığı xəsarətlərdən dünyasını dəyişib. Buna görə Rauf həbs edilib və 5 il həbsdə qalıb.

Avtobusla törətdiyi qəza ilə bağlı danışan Rauf deyib ki, həmin şirkətdə sürücü kimi çalışmayıb. Dediyinə görə, həmin vaxt iş yoldaşı ona zəng edərək narahat olduğunu, ürəyinin sıxıldığını bildirib.

“Avtobusu qaraja gətirmək üçün getmişdim. Sərnişinlər düşmədilər ki, sonuncu dayanacağa qədər getsinlər. Yolda da belə bir qəza baş verdi”, - deyə Rauf ifadəsində qeyd edib.

Məlumata görə, həmin gün avtobusu Vüsal Məmmədov adlı sürücü idarə edəcəkmiş. Raufun avtobusu həqiqətən də sürücünün səhhətinin pisləşməsinə görə idarə etməsi də şübhəli məqamdır. Şirkət Raufun avtobusu idarə etməsindən xəbərsiz olduğunu deyib.

Qəza zamanı avtobusda olan sərnişinlər yüngül xəsarət alıb. “Mercedes” markalı minik avtomobilində isə gənc idmançılar və müəllimləri olub. Onlar Gəncədən Suraxanıya idman tədbirində iştirak etmək üçün gəliblərmiş.

Ağır qəza zamanı avtomobildə olan sürücü, idman müəllimi olan şəxs və 3 gənc idmançı ağır xəsarət alıblar. Onlardan Fərid Seyidov baş nahiyəsindən xəsarət aldığı üçün vəziyyəti ağır olub.

Xəstəxanaya çatdırılan Fərid bir neçə ayda 5 dəfə əməliyyat olunub. Uzun müalicələrə baxmayaraq, Fərid qəzadan 7 ay sonra dünyasını dəyişib. Qəzaya görə şirkət Raufdan şikayətçi olmayıb.

Zərərçəkmiş şəxslər də Raufla barışıq əldə ediblər. Rauf zərərçəkmiş tərəflərə maddi köməklik də göstərib. Həmin məbləğlərin yığılmasına Raufun çalışdığı şirkətdəki iş yoldaşları da kömək edib.

Məhkəmənin hökmü ilə Rauf 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Rauf məhkəmə zalında həbs edilib.

"Cebheinfo.az"