Azərbaycanın qadın güləşçiləri Türkiyədə toplanışa başlayıblar

Azərbaycanın qadın güləşçiləri Türkiyədə toplanışa başlayıblar

Qadın güləşi üzrə Azərbaycan millisi ölkə xaricində təlim-məşq toplanışına başlayıb.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komanda Türkiyənin Niğdə şəhərində yerli yığma ilə birgə hazırlıq keçir. İyunun 25-dək davam edəcək toplanışa Qazaxıstan və Qırğızıstan millilərinin də qoşulması gözlənilir.

Qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova, Gültəkin Şirinova (hər ikisi 55 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova və Birgül Soltanova (hər ikisi 62 kq) yer alıb.

Qeyd edək ki, hazırlıq prosesi bitdikdən sonra Günay Qurbanova və Ruzanna Məmmədova U-20 Avropa çempionatında iştirak etmək üçün İtaliyanın Kaorle şəhərinə yollanacaq. Digər güləşçilər isə Türkiyənin Kocaeli şəhərində keçiriləcək Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində iştirak edəcək.

"Cebheinfo.az"