İran MAQATE-nin qətnaməsini pisləyib

İran MAQATE-nin qətnaməsini pisləyib

MAQATE-nin İdarə Heyətinin İran əleyhinə qətnamə qəbul etməsi, Tehranın nüvə silahının yayılmaması ilə bağlı öhdəlikləri pozduğunu iddia etməsi İranın Nüvə Silahlarının Yayılmamasına dair Müqavilədən (NYYM) çıxmasına səbəb ola bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Vahid Əhmədi danışıb.  

“İdarə Heyətinin bu addımlarını nəzərə alaraq, İran İslam Respublikası MAQATE ilə əməkdaşlığını ciddi şəkildə yenidən dəyərləndirməli və NYYM-dən çıxmağı da düşünməlidir”, - deyə Vahid Əhmədi bildirib.

Əhmədi bildirib ki, bu qətnamənin qəbul olunması yanlış addımdır. Onun sözlərinə görə, İranın dinc məqsədlərlə nüvə enerjisi sahəsində fəaliyyət göstərməsi və uranı zənginləşdirməsi onun təbii və danılmaz haqqıdır.

Qeyd edək ki, Rusiya Federasiyasının Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov daha əvvəl açıqlama verərək, MAQATE-nin bu qətnaməni qəbul etdiyini bildirmişdi.

Sənəddə İranın guya nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərini pozduğu qeyd olunub. Qətnamənin əleyhinə Rusiya, Çin və Burkina-Faso səs verib.

Səbinə Uğur 
"Cebheinfo.az"